Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.
Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib.
Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazası ilə tanış olub, tədris prosesini izləyiblər.
Hərbi attaşelər təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.