30 Noyabr 2022 15:48
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda yaranmış yeni reallıq artıq dünya birliyi tərəfindən də qəbul edilir. Regionda sabitliyin, əmin-amanlığın yaradılması, yenidənqurma və bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün bütün imkanlardan istifadə edilir. Azərbaycan bu müharibədə qalib gələn dövlət kimi Ermənistanı sülh müqaviləsini imzalamağa dəvət edir. Bunun üçün hətta beynəlxalq hüququn normaları ilə tənzimlənən 5 baza prinsipi də təqdim edib. Bu prinsiplər Ermənistan tərəfindən də qəbul edilib. Məğlub ölkə sülh müqaviləsinin imzalanmasından başqa yol görmədiyindən ilk vaxtlar bu istiqamətdə addım atmağa meyilli olduğunu gizlətmirdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürmüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə bir neçə dəfə üçtərəfli görüş də keçirildi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Ermənistanda baş qaldıran revanşist qüvvələrlə yanaşı, ermənipərəst dövlətlər, xüsusilə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa bu məğlubiyyəti hələ də həzm edə bilmir. Nəyə görə Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından separatçı rejimdən daha çox narahatdır? Fransa Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından, kommunikasiya xətlərinin, dəmir və avtomobil yollarının bərpasından və Zəngəzur dəhlizinin açılmasından niyə bu qədər təlaş keçirir? O, bütün vasitələrlə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına mane olmağa çalışır.

“Söz yox ki, Azərbaycan və dünya ictimaiyyəti Fransanın ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan zaman da bu antidemokratik fəaliyyətinin şahidi olmuşdu. İyirmi səkkiz il ərzində Minsk qrupu Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməklə məşğul oldu, ancaq Azərbaycan Prezidenti İlham Əliyevin məntiqi siyasəti qarşısında aciz qaldı. Artıq Minsk qrupu tarixin arxivinə atıldı”, - deyə Ç. Qənizadə qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin dekabrın 7-nə Brüsseldə planlaşdırılmış görüşündən və bunun nə üçün baş tutmamasının səbəbindən danışan hüquq müdafiəçisi bildirib: “Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Belçika paytaxtında növbəti görüşü keçirilməli idi. Lakin Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında dedi ki, dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunun əsas səbəbi isə Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verməsi oldu. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, həmin görüş baş tutmayacaq”.

Fransa Prezidentinin dünyada ermənipərəst mövqeyi ilə seçildiyini vurğulayan komitə sədri deyib ki, bunu həm Fransa, həm də Ermənistan ictimaiyyətləri çox yaxşı bilirlər. O qeyd edib: “Emmanuel Makron prezident seçkilərində Fransadakı erməni lobbisinin gücündən yetərincə istifadə edib. Görünür, o, ermənilərə “borcu”nu qaytarmaq üçün danışıqlarda iştirak edib Ermənistanın xeyrinə nəyəsə nail olmaq istəyir. Bu isə mümkün deyil. Çünki Azərbaycanın Fransanın və Emmanuel Makronun vasitəçiliyinə heç bir ehtiyacı yoxdur. Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib. Son iki ildə Fransa Senatının ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr beynəlxalq hüquq normalarına açıq şəkildə ziddir. Ümumiyyətlə, Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını hər birimiz yaxşı xatırlayırıq. Son vaxtlar Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Bəzən deyirlər ki, Senatın qərarının Fransa hökumətinə heç bir aidiyyəti yoxdur. Bu necə olur? Senatın 23 üzvü Emmanuel Makronun partiyasının üzvüdür. Onlar hər dəfə Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə səs verirlər”.

Ç.Qənizadə dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə Fransa Prezidentinin iştirak etməsinin qəti əleyhinə olduğunu və dövlətimizin başçısının həmin görüşün baş tutmayacağı barədə verdiyi qərarı yüksək qiymətləndirdiyini vurğulayaraq bildirib: “Fransa Prezidenti “öz gözündə tiri qoyub başqasının gözündə çöp axtarır”. Yaxşı olar ki, öz ölkəsinin keçmişdə törətdiyi soyqırımlarını, günahsız insanları vəhşicəsinə qətlə yetirməsini xatırlasın və ondan sonra digər ölkələr arasında vasitəçilik etsin. Bu gün Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin tənzimlənməsində heç bir dövlətin vasitəçiliyinə ehtiyacı yoxdur. Vasitəçilik etmək həvəsinə düşənlər unutmamalıdırlar ki, 30 il ərzində ən qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların tənzimləyə bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində həll etdi. Ona görə də makronkimilərin vasitəçiliyinə ehtiyacımız yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər