“Azərbaycanın bir qrup vətənpərvərinin Laçın yoluna daxil olaraq çadır qurması, ekoloji soyqırımına son qoyulmasını tələb etməsi və sülhməramlıların komandanı olan general Volkovun əraziyə gəlməsini istəməsi çox iradəli və təqdirəlayiq addımdır. İnsanlar dinc etiraza, yol hərəkətini dayandırmaqla mərdlik ortaya qoyurlar. Məncə, bu həm də ötən gün Azərbaycanın monitorinq qrupunun faydalı qazıntıların olduğu ərazidə ekoloji vəziyyətlə bağlı araşdırma aparmalarına imkan verilməməsinə layiqli cavabdır”.
Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli bu gün səhər saatlarında Azərbaycanın bir qrup jurnalisti və ekologiya pofilli Qeyri Hökumət Təşkilatının nümayəndələrinin Laçın dəhlizini bağlamasına və ekoloji soyqırımının dayandırılmasını tələb etməsini şərh edərkən bildirib.
Qabil Hüseynli deyib ki, bu, çox düşünülmüş aksiyadır:
“Bu tədbiri düşünənləri və həyata keçirənləri alqışlayıram. Çünki daha böyük hərəkətlərin başlanğıcı məhz bu tədbirlərlə qoyulmalıdır. Ermənilər dünən faktiki olaraq təxribat törədərək nümayəndələrimizin monitorinq aparmasına imkan verməyib. Bizim vətəndaşların bu gün keçirdiyi aksiya isə təxribatdan uzaqdır, suveren ölkə vətəndaşının vətənpərvərlik aksiyasıdır. Onlar öz dövlətinin ərazi bütövlüyü, təbiəti, ekologiyası uğrunda mübarizə aparmaq məqsədilə oraya gediblər. Güman edirəm ki, Azərbaycan dövlətinin qayğısı bu mübariz insanların üzərindədir. Əgər hər hansı bir könül bulandıran hadisələr baş verərsə, Azərbaycan tərəfi digər təsir vasitələrinə əl ataraq məsələni yoluna qoya bilər”.
Politoloq əlavə edib ki, rus sülhməramlıları vasitəsilə Moskva səhnədə öz rolunu oynamağa çalışır:
“Düşünürəm ki, Azərbaycan bu alçaq niyyətli oyunlara qarşı öz tədbirlərini ortaya qoyur. Hər halda azərbaycanlı vətənpərvərlərin son aksiyası ancaq alqışa layiqdir”.