29 Dekabr 2022 13:16
5 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Hüquq və İnsan Haqları İnstitutunun professoru Məhəmməd İmanlı ilə müsahibəni təqdim edir:

- Məhəmməd bəy, Prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini gündəmə gətirdi, tarixi torpaqlarımıza qayıtmağın vacibliyini bildirdi və bunun baş verəcəyinə inamını ifadə etdi. Ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə qəti və konkret çıxışını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, cənab prezident ilk dəfə olaraq qədim torpaqlarımız İrəvan, Zəngəzur, Göyçə, Zəngibasar-Qərbi Azərbaycanla bağlı çox konseptual, konkret və möhtəşəm çıxış etdi. Özü də öz doğum günündə... Məncə, bunun fərqinə varmaq lazımdır. Buna qədər cənab prezident əsasən Qarabağdan didərgin salınan, torpaqları işğal edilən insanlarımızla bağlı belə addımlar atır, doğum günündə onlarla bir araya gələrək əmin edirdi ki, günün birində torpaqlarımız azad olunacaq. Bu da baş verdi. Qarabağın işğaldan azad edilməsindən sonra ata-baba torpaqlarımızla bağlı dövlət başçısı çağrış etdi. Bu çağırış da Qərbi Azərbaycandan olan insanların ürəyindən idi. Çünki yüz minlərlə azərbaycanlını “könüllü” köçürülmə adı altında SSRİ Nazirlər Nazirlər sovetinin 23 dekabr 1947-ci ildə qərarı olub. Beləcə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi torpaqlarından - Qərbi Azərbaycandan faktiki deportasiya olunub. 1960-cı illərin ortalarında Ermənistan saxta soyqrımının 50 illiyini keçirdi. Bunların hamısı sovet dönəmində baş verirdi. Ortaya Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsi kimi ideyalar atılırdı. Müəyyən dövr keçəndən sonra Daşnaksütyun Partiyası bunu əlində əsas tutaraq keçmiş SSRİ rəhbərliyindən bunların mərhələ-mərhələ həyata keçirilməsini tələb edirdilər. O dövrdə bu proseslərin qarşısında Ulu Öndər Heydər Əliyev dayanırdı.

Ermənilər Ulu Öndərin Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad edilməsinə çalışdılar. Ulu öndər vəzifəsindən uzaqlaşandan sonra erməni lobbisi 1987-ci ilin oktyabrın 19-da Qorbaçov kimi yaramaz və məqsədsiz adama, eləcə də Siyasi Büro üzvlərinə təzyiqlər və ya başqa üsullarla Azərbaycanla bağlı mənfi fikirləri çoxaltmağa başladı. Beləcə mərhum Heydər Əliyev SSRİ rəhbərliyindən uzalaşandan sonra ermənilər Moskvada daha rahat işləməyə, anti-Azərbayan fəaliyyəti göstərmək üçün münbit şərait əldə etmiş oldular. Düşünün, 1987-ci lin avqustunda ermənilər keçmiş Dağlıq Qarabağ və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərdilər. Bu, Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında müraciət idi. Yəni bu, uzunmüddətli plan idi. Bu məsələlərə o zaman Azərbaycanda rəhbərlikdə olan bəzilərinin də razılığı var idi. Nəticə olaraq Qərbi Azərbaycandan deportasiya, köçürülmə, qovulma prosesi başlamışdı. Çoxlu faktlar var. Mən hüquqşünas olduğum üçün əsasən faktlara müraciət edirəm. Məsələn, o zaman SSRİ Ali Soveti rəyasət heyəti sədrinin müavini, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, eləcə də Mərkəzi Komitənin katiblərindən biri Xankəndiyə səfər etdilər və ermənilər də belə məqamlardan istifadə edirdi. Eləcə də Azərbaycan siyasi rəhbərliyinin siyasi anlayışının olmamasından yararlanırdılar. Beləcə Ermənistandan azərbaycanlıların deportasiyasına start verilir. 1988-ci ildə Ermənistandan 300 minə qədər insan deportasiyaya məruz qalıb. Təsəvvür edirsinizmi ki, bu zaman Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək üçün Bakıdan İrəvana kim göndərilib?

- Maraqlıdır, kim göndərilib?

- Siyasi riyakar və maymaq Ramiz Mehdiyev.

- Hansı tarixdə?

- 1988-ci ilin 13-15 aprel tarixində göndərilmişdi. Deməli, Mehdiyev İrəvana gedir, Ermənistan rəhbərləri, o cümlədən Karen Dəmirçiyanla görüşür. Yeri gəlmişkən, hüquqşünas kimi fikirləşirəm ki, Ramiz Mehdiyev bəzi suallara cavab verməlidir: Siz Ermənistandakı azərbaycanlıların taleyi və hüququ ilə maraqlanırdınız, ancaq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi kimi nəinki bu məsələlərin qarşısını almısınız, əksinə sizin səfərinizdən sonra deportasiya və azərbaycanlıların qovulması prosesi daha da sürətlənib. Bu necə ola bilər? Hesab edirəm ki, bu, onun tarix qarşısında ən dəhşətli cinayətlərindən biridir və Ramiz Mehdiyev buna görə cavab verməlidir.

İkincisi, o zaman may ayında Azərbaycan xalqı Azadlıq meydanına çıxdı, Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət tələb etdi, “Təqiblərə son qoyulsun”, “Daşnaklara ölüm” kimi şüarlar səsləndirildi. Bu şüarları dillər əzbər etməyi bacaran və yüz minlərlə ermənistanlıya mənəvi dəstək verən ziyalılarımızdan Sabir Rüstəmxanlı idi. İndi o dövrdən xeyli keçsə də, tarixi yaddaşlarda insanların istinad yerinə çevrilən Azərbaycanın o zamankı hərəkatına rəhbərlik edən Sabir Rüstəmxanlı oldu. Həmçinin Fəzail Ağamalının, Eldar Sabiroğlunun çoxlu çıxışları olurdu. O dövrdə Qərbi Azərbaycandan qovulan azərbaycanlıların sözsüz ki, ən böyük dayağı Heydər Əliyev idi.

- Məhəmməd bəy, Qərbi Azərbaycan məsələsi siyasi gündəmə gətirilib, icma yaradılıb, yəqin ki, bunun hüquq yolu olmalı, hüquq məsələləri gündəmə gətirilməlidir. Bundan sonra nə olacaq?

- Doğru buyurursunuz. Artıq cənab prezident tərəfindən strateji proqram irəli sürülüb, bu proqram üzərində iş gedir. Bu prosesdə Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərli, eləcə də Misir Mərdənovun və digər rəhbər şəxslərin göstərişi ilə ayrıca hüquqi sənəd hazırlanmalıdır. Əsasən hüquqi faktlarla irəli sürülən strateji proqramın beynəlxalq aləmə təqdim etmək üçün hüquqi vəziyyət, xalqın durumunu aydınlaşdırmaq məqsədilə hüquqi araşdırmalar aparılmalıdır. Sonda faktlar və sübutlara əsasən bu sənəd yayılmalıdır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq araşdırma aparılmalı, işlər görülməlidir. Kimlərsə tarixi hadisə ilə bağlı nələrisə bilir və yaddaşda saxlayır. İndisə fikrimcə, bunlar konkretləşdirilməli, hüquqi sənədlər halına gətirilməlidir. İcma Qərbi Azərbaycandan olan hüquqşünasları prosesə cəlb etməli, həmin dövrün maddi sübutları toplanmalı və beynəlxalq arenaya çıxarmalıdır. O cümlədən, Beynəlxalq Cinayət Məhkəməsində də məsələ qaldırılmasını mümkün sayıram. Bu addımlar bizi tarixi torpaqlarımıza bir addım da yaxınlaşdırmalıdır.

- Siz eyni zamanda Hüquq və İnsan Haqları İnstitunun professorusunuz. Sizin institut prezidentin məlum çıxışı və tezislərindən sonra hansı işləri görməyi planlaşdırır?

- Təbii ki, institutun rəhbəri və müşahidə şurası var. Yəqin ki, prezidentin strateji çağırışlarına cavab verəcək proqram layihəsinə institutumuz gələcək fəaliyyətində əhəmiyyətli yer verməlidir. Hesab edirəm ki, gələcəkdə institutumuzun rəhbərliyinə də bu mövzularda suallar ünvanlanacaq və müvafiq cavablar veriləcək. Məncə, artıq Qərbi Azərbaycanın toponimləri, adət-ənənələri ilə paralel olaraq orada yaşamış xalqın o zamankı hüquq və yaradıcılığı ilə bağlı tarixi mənbələrə müraciət edilməlidir. Mən hazırda iş üzərində çalışıram. Qərbi Azərbaycanda ermənilərin tarixi dədə-baba torpaqlarımızda ərazilərimizə vurduqları cinayətlərlə bağlı işləyirəm. Bu araşdırmaları davam etdirirəm. Əlbəttə, institutumuzda da bununla bağlı sahə və istiqamət müəyyənləşməlidir. Çünki bu, ciddi məsələdir. Cənab prezident qarşıya belə məqsəd və vəzifələr qoyursa, hər kəs buna kömək etməlidir. Bu gün hamını düşündürən Qərbi Azərbaycan məsələsi olmalıdır. Prezidentin Qərbi Azərbaycan İcması qarşısında qoyduğu vəzifələrin icrası üçün hər birimiz əl-ələ verməliyik. Bu, şansdır. Tarixi torpaqlarımızda hüquq və vəzifələrimizi müəyyən edəcək strateji proqramın hazırlanması bizim gələcək nəsillərimiz üçün tarixi hədiyyəmiz olar.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər