“Konstitusiyanın 109-cu maddəsinə görə, Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsində nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır. Eyni prinsiplə də dövlət sosial müdafiə fondu formalaşdırılıb. Yəni dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılan bir quruma biz, bu gün kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti veririk”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, yəni investisiya qoymaq biznes, kommersiya fəaliyyətidir:
“Hesab edirəm ki, bu, konstitusiyanın prinsipləri ilə ziddiyyət təşkil edir. Əvvəllər də söyləmişdim, konstitusiyanın 73-cü maddəsində qeyd olunur ki, hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Amma biz, görürsünüz ki, qanunda nəzərdə tutulmayan dövlət orqanlarına səlahiyyət veririk ki, göstərdikləri xidmətlərə görə, vətəndaşlardan pul alsınlar. Yəni kommersiya təşkilatı kimi fəaliyyət göstərsinlər. Bu proses get-gedə genişlənir və belə çıxacaq ki, dövlət aparatı bizneslə, kommersiya ilə məşğul olur. İndi biz, tutaq ki sığorta fondunun toplanmış vəsaitlərini investisiya kimi qoyduq. Burada biznes riski var. O vəsait batsa nə olacaq? Mən bunu soruşmaq istəyirəm. Yaxud görürük ki, inflyasiya davam edir və sabah sosial müdafiə xərclərini artırmaq lazımdır. O zaman biz məcbur olacağıq ki, büdcədən əlavə vəsait götürək. Baxmayaraq ki, fondun özünün vəsaitləri hansısa investisiyaya yönləndirilir. Bir ildən də az müddətə hər hansı sahəyə investisiyanın yönəldilməsi düşünmürəm ki gəlirli ola bilər. Burada iqtisadçılar var və bu barədə danışsınlar. Halbuki hər il sosial müdafiə xərclərinin artırlmasına ehtiyac var”.
Millət vəkili əlavə edib ki, bundan başqa qanunda sosial sığorta hadisəsi ilə bağlı da birinci abzas çıxarılır:
“Konstitusiyanın 38-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunda nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdirlər. Amma bu qanunda xəstəliyə görə, sosial təminat hüququ nəzərdə tutulmur. Yəni xəstəliklə əmək qabiliyyətinin müvəqqəti itirilməsi eyniləşdirilib. Amma biz bilirik ki, şəxs əmək qabiliyyətinin 31 faizini itirdikdə ona əlillik dərəcəsi təyin olunur və o müvafiq qaydada pensiya alır. Bir də tutaq ki, xəstəxanada yatdığı dövrdə müvəqqəti olaraq əmək qabiliyyətini itirib, onda da onun bir hissəsini sığorta ödəyir, sonra isə dövlət sosial sığorta hesabını hesabına ona vəsait ödənilir. Amma 30 faiz xəstəliyə görə əmək qabiliyyətini itirənlərə dövlət tərəfindən hər hansı formada kömək edilmir. Halbuki söylədiyim kimi konstitusiyanın 3-cü maddəsində var. Hesab edirəm ki, 4-cü maddəyə mütləq 3-cü maddədəki xəstəliyə görə bəndi də salınmalıdır və xəstə insanlarımıza dövlət yardım göstərməlidir. Bunu mən ona görə diqqətinizə çatdırıram ki, təqribən nə qədər vəsaitin qazanılacağı hesablanıb? Bizə geniş izah verilməi idi ki, təqribən nə qədər qalıq əldə olunur və bundan nə qədər qazanc götürülməsi proqnozlaşdırılır. Belə hesablamalar aparılmadan və Milli Məclisə bu istiqamətdə məlumat verilmədən düşünürəm ki, bu qanunu müzakirəyə çıxarılması ümumiyyətlə doğru deyil. Müharibədən təzə çıxmışıq, nə qədər əlilimiz, nə qədər şəhid ailəsi var. Özümüz də görürük ki, inflyasiya ikirəqəmli həddədir, əhalinin vəziyyəti ağırlaşır. Pensiyaları indeksləşdirmişik, gərək bir il gözləyək. Bir il ərzində insanlar da zülm çəkirlər ki, növbəti il üçün onların pensiyalarını artıraq. Hakimiyyət orqanları bir az çevik olmalıdırlar və bu barədə təşəbbüslə çıxış eləməlidirlər. Artıq vəsait investisiya kimi qoyulmamaldır, yoxsul təbəqəyə verilməlidir”.