Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnir başa çatıb. Tədbirdə Fondun baş mütəxəssisi Zaur Osmanov da iştirak edib.
Qazax Gənclər Evində reallaşan bilik yarışının finalında 4 komandanın heyətində 20 gənc mübarizə aparıb. Bu mərhələdə 24 sual səsləndirilib.
Yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Bakı Dövlət Universitetinin Qazax filialının "Serafino" komandası intellektual turnirin qalibi olub. Həmin ali məktəbin "Hürufilər" komandası II yeri tutub. Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbin "Viktoriya" komandası isə III yerin sahibi olub.
Qalib "Serafino" komandasına kubok və qiymətli hədiyyələr ("Redmi Airdots 3" qulaqlıqları) təqdim olunub. İlk 3 yeri tutan komandaların üzvləri həmçinin müvafiq diplom və medallarla da təltif olunublar.
Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Layihə çərçivəsində 20,21,22 və 23 fevral tarixlərində qrup oyunları, 27 fevral tarixində isə yarımfinla yarışları keçirilmişdir. İntellektual turnirdə ümumilikdə 37 komandadan 185 nəfər gənc iştirak edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edib