Ötən əsrdə Türkiyəyə mühacirət edən azərbaycanlılar milli məsələlərinə, mübarizələrinə dəstək qazandıqları, eyni əqidəni bölüşdükləri üçün Türkiyədəki millətçi, türkçü camiənin mütəfəkkirləri ilə sıx münasibətdə olublar. Bu kəsimin çıxardığı qəzet və jurnallarda məqalələr yazan azərbaycanlılar dövrün tanınmış şəxsləri barədə də vəfa yazıları qələmə alıb, onların dərdlərinə şərik çıxıblar.
Ötənlərdə Türkiyənin Kayseri şəhərində nəşr edilmiş “Yeni Erciyes” jurnalını araşdırarkən azərbaycanlı mühacir Abay Mirzənin (Dağlı) dövrün məşhur türk tarixçilərindən Hüseyn Namiq Orkun haqqında nekroloq yazı yazdığını gördüm. Mühacirətşünaslıq tariximiz üçün maraqlı olacağını nəzərə alıb, həm müəllif, həm də tarixçi haqqında məlumat verməklə yanaşı məqaləni təqdim edirik.
***
Hüseyn Namiq Orkun 31 yanvar 1902-ci ildə İstanbulda Kasımpaşada Mehmed Hayri əfəndi ilə Münəvvər xanımın ailəsində doğulub. 1924-cü ildə İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olub. Tələbə ikən “Dərgah” məcmuəsində məqalələr dərc edən Orkunun daha sonra “Yeni məcmuə”, “Milli məcmuə”, “Yeni türk”, “Ülkü”, “Çınaraltı” kimi jurnallarda yazıları çıxıb. 1925-ci ildə Macarıstana gedərək Budapeşt Universitetində Fəlsəfə fakültəsində macar türkoloq Gyula Nemethin yanında doktorluq işini tamamlayıb. 1926-cı ildə Budapeştdə “Über Das Kıtāb-ı Dede Qorqud” adlı əsəri işıq üz görüb. 1928-ci ildə isə məşhur macar türkoloqu Vamberinin tədqiqatları əsasında “Türk dünyası” adlı əsər qələmə alıb. Macarıstanda olduğu müddətdə - 1927-ci ildə “Budapestiszemle” adlı jurnalda “Turançılıq və irqçilik hisslərinin Türkiyədəki inkişafı”, 1930-cu ildə “Turan” dərgisində “Türk-Macar əqrəbalıq məsələsi” adlı iki məqaləsi dərc olunub.
1930-cu illərin sonunda Türkiyəyə qayıdan Orkun 1931-1945-ci illərdə müxtəlif təhsil ocaqlarında türk tarixi və inqilab tarixi mövzularında dərs deyib. Türkiyədə Xalq Evləri açıldığı zaman prosesdə iştirak edib, qurumun dərgilərinə məqalələr yazıb. 26 sentyabr 1932-ci ildə baş tutan I Türk Dili Qurultayında Çin qaynaqlarında türk dilinin varlığı mövzusunda məruzə ilə çıxış edib. 1934-cü ildə keçirilən II, 1936-da baş tutan III Türk Dili Qurultayına, eləcə də 1932-ci ildə I, 1937-ci ildə keçirilən II Türk Tarix Qurultayına da qatılıb. Mustafa Kamal Atatürkün macar dili üzrə tərcümanlığını da edən Orkun Ankara radiosunda “Türk tarixi saatı” adlı proqramda da bilgisini paylaşıb.
1944-cü ildə - İsmət İnönü dövründə Türkiyədə türkçülərə qarşı aparılan repressiyalar zamanı Orkun da həbs edilib. 7 may 1944-cü ildə tutulan Hüseyn Namiq 29 mart 1945-ci ildə azadlığa buraxılıb. Həyatına Ankarada davam edən Orkun 1946-cı ildə qurulan Milli Oyunları Yayma Dərnəyinin sədri olub, Türk Ocağının Ankara şöbəsinin katibliyini həyata keçirib.
H.N.Orkun 23 mart 1956-cı ildə Ankarada vəfat edib.
Türkə türkü tanıtmaq şüarı ilə hərəkət edən Orkun macar, alman, fransız dillərini bilib, əsərlərində Çin, Fin, Bizans, erməni qaynaqlarından yararlanıb. Ümumilikdə 32 kitab, 800-dən çox məqalə qələmə alıb. 1946-cı ildə Ankarada çıxan dörd cildlik “Türk tarixi” kitabı ən önəmli tədqiqat əsəridir. Dörd cildlik “Əski türk yazıları” (İstanbul, 1936-1941), “Türkçülüyün tarixi” (İstanbul, 1944), “Attila və oğulları” (İstanbul, 1933), “Peçeneqlər” (İstanbul, 1933), “Oğuzlara dair” (Ankara, 1935), “Türk hüququ tarixi” (Ankara, 1935), “Hunlar” (İstanbul, 1938), “Türk tarixinin Bizans qaynaqları” (Ankara, 1938), “Türk sözünün əsli” (İstanbul, 1940), “Türk əfsanələri” (İstanbul, 1943) və s. əsərləri hələ də orijinallığını qorumaqdadır.
Hüseyn Namiq Orkun Türkiyə kənarından gəlmiş türklərin də hörmət bəslədikləri mütəfəkkirlərdən olub. Türküstanlı Ziyaəddin Babakurban 1962-ci ildə İstanbulda onun haqqında “Sevənlərinin qələmi ilə H.Namiq Orkun” adlı kitab hazırlayıb. Kitabda həmkarlarının, tələbələrinin, əqidədaşlarının xatirələri yer alıb. Amma bu kitabda yer almayan bir yazı da qeyd etdiyimiz “Yeni Erciyes” jurnalında çıxıb. Yazının müəllifi İkinci Dünya müharibəsindən sonra bir müddət Berlində, daha sonra Türkiyədə mühacir həyatı yaşayan azərbaycanlı Abay Mirzədir.
“Yeni Erciyes” jurnalı 1 yanvar 1955-ci ildə türk dili müəllimi Kazım Yedekçioğlunun rəhbərliyində işıq üzü görüb. Jurnalın əməkdaşlarından biri də həmin şəhərdəki liseydə təbiət müəllimi olan irəvanlı Cabbar Ərtürk (İbrahimoğlu) olub. Cabbar bəy bu jurnalda türk tarixi ilə bağlı müxtəlif yazılar qələmə alıb. Jurnalın nəşr etdiyi kitablar arasında Cabbar bəyin “Anayurdda unudulan türklük” (Kayseri, 1956) əsəri də mövcuddur.
Hər ikisi II Dünya müharibəsi əsirlərindən olan Cabbar Ərtürklə Abay Mirzə o dövrdən etibarən bir-birini tanıyıblar. Abay Mirzənin bu jurnaldakı yazısının nəşri də görünür Cabbar bəyin sayəsində olub.
Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906-cı il yanvarın 27-də Şuşada çilingər ailəsində doğulub, ilk təhsilini şəhər realnı məktəbində alıb. 1929-1932-ci illərdə Şəmkir rayonunda müəllimlik edən Cəmil Ağayev ali pedaqoji təhsil almaq məqsədilə Bakıya gəlib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat şöbəsinə daxil olub. 1936-cı ildə ali məktəbi bitirən C.Ağayev təyinatla Nuxaya göndərilib, 1940-cı ilin fevralına qədər burada Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Bu illərdə “Gənc işçi”, “Kommunist”, “Gənc pedaqoq” qəzetlərində müxtəlif yazılarla çıxış edib. 1940-cı ilin mayında Bakıya gələn C.Ağayev N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi vəzifəsinə qəbul olunub. Bir müddət burada çalışdıqdan sonra 1941-ci il avqustun 15-də ştat ixtisarı ilə əlaqədar işdən azad edilən gənc araşdırıcı həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi yenidən pedaqoji fəaliyyətə qayıdıb. Bir müddət sonra səfərbərliyə alınaraq cəbhəyə göndərilən C.Ağayev alman cəbhəsində ruslara qarşı savaşıb. Müharibədən sonra 1947-ci ilin axırlarına qədər Münxendə yaşayıb, burada “Onlar türklərdi” memuar romanını yazmağa başlayıb. Həmin əsər 1951-ci ildə Ankarada Rana gizli imzasıyla nəşr olunub. Həmin ilin sonlarında Türkiyəyə gəlib, ömrünün axırlarınadək burada yaşayıb, Mustafa Kamal Atatürk, Sakarya müharibəsi, Kıbrıs və s. mövzularda əsərlər qələmə alıb. 1989-cu ildə vəfat edib.
Abay Dağlı Azərbaycan və Şimali Qafqaz mühacirlərinin çıxardığı jurnallarla əməkdaşlıq edib. Onun “Azərbaycan”, “Mücahit” dərgilərində şeirləri işıq üzü görüb. Müharibə və əqidə yoldaşı Mustafa Haqqı Türkəqul onun qəzəllərini Türkiyədə kitablaşdırıb.
Abay Dağlının yaradıcılığına işıq tutan yeni materiallar olduğu üçün “Yeni Erciyes” dərgisində çıxan bir şeirini və Hüseyn Namiq Orkun haqqındakı məqaləsini təqdim edirik.
***
Abay Mirzə
Hüseyn Namiqin ardından
Təkcə Türkiyəmizdə deyil, bütün Türk dünyasında adı daima hörmətlə xatırlanacaq ustadımızı 23 martda itirdik. Professor Hüseyn Namiq Orkunu.
Dünya türklüyünü hər zaman bölünməz bir topluluq kimi düşünənlər arasında onun da adı əbədiləşmişdir. O, dahi Ziya Gökalplarla bərabər xatırlanacaq və öz milliyyətini idrak edən hər bir türkün qəlbində əbədiyyən yaşayacaqdır. O, uzaq Çindən Balkanlara qədər geniş bir sahədə və hər cür amansız bir vəziyyətdə türkə türk varlığını xatırladan böyüklərimizdən biridir. Hər fürsətdə ulu millətinə xitabən “özünü düşün, sən böyük, çox böyüksən” deyə səslənirdi və bütün bu səslənişləri sadəcə bir çıxışdan ibarət deyildi. Mərhum ustadımız qələmlə, kitabla, elmlə səsləndi. Elmi dərəcəsini professorluğa qədər yüksəldərək, araşdırma mövzularını daima türkdən, türk tarixindən və türk adətindən seçdi. Bütün Yer üzündəki türklərin tarixi və həyatı onun üçün geniş bir araşdırma sahəsi olmuşdur. Qalın-qalın kitabları eyni mövzulardan yarandı. Çünki milliyyətçi qələmi ulu türk çinarının budaqlarından qoparmış, qurumaz mürəkkəbini isə o uca çinarın doya-doya içdiyi türk çeşməsi və irmaqlarından almışdı. Əsərlərində türkün həm sevincindən, həm də kədərindən doğan gözyaşı damlaları sətir-sətir sıralanmışdır. Əsərlərindəki o müntəzəm sətirlər arasında biz varıq, bizim tariximiz, adət-ənənəmiz və bütün varlığımız vardır. Məlumdur ki, türkü sevməyənlər hər fürsətdə onun şanlı tarixini, onu unutdurmağa çalışmışdırlar. Etiraf edək ki, yenə də çalışırlar. Mərhum professorumuz bütün bu həyasızlıqlara qarşı elmi araşdırmalarla cavab verdi, tarixi şahid göstərdi və özü də yeni bir tarixin ta özünü yaratdı. Böyük türk çinarını zövqlə seyr etmək istəyirsinizsə, onun əsərlərini oxuyun.
Əminəm ki, mərhum ustadımızın təzə məzarı başında türk torpağının ən dərinlərindən cücərmiş bir çınar boy atacaqdır. O, yalnız belə bir çinarın canlı kölgəsi altında rahat-rahat yata bilər.
Böyük ustadımızın mənəvi hüzurunda hörmətlə əyilərkən ilham alaraq özümüzü, tariximizi və adət-ənənələrimizi bir daha xatırlayaq. O zaman həm böyük ölülərimizin əziz ruhları şad olacaq, həm də Ziya Gökalplar ruhu ilə bölünməzliyini istədiyimiz Türk dünyası bir an əvvəl Qızıl Almasına qovuşacaqdır.
Mərhum ustadımızın əsərlərini ilk dəfə Berlində oxumağa başlamışdım. Əsərlərinin verdiyi ilhamla ona bir məktub da göndərmişdim. Daha sonralar Ankarada tanış olduq. İlk qarşılaşmamızda gözlərim yaşardı. Ömrümdə heç bir zaman ən yaxın bir əqrəbam belə məni onun qədər hərarətli qarşılamamışdı. Fəqət təkcə məni mi? Təbii ki, xeyr. Hər bir türk onun can dostu idi.
Özünü türklük mübarizəsinə həsr edən bir insanın səssiz-sədasız aramızdan ayrılmasında nə üzücü, nə acı bir təcəllidir ki, İstanbulun seçilən mətbuatı ona səhifələrində, təəssüf ki, bir-iki sütun da yer vermədi. Amma erməni əsilli bir Nananın özünü reklam üçün Parisdə bir aşnasının evindən iki gün çıxmaması hadisə olaraq gündəlik mətbuatın sütunlarında yer aldı, təəssüf ki. İnsan bu kədərli hal qarşısında nə deyəcəyini bilmir. Bilmirik, mətbuatımızın bu təzadlı davranışını nə ilə izah etməli? Tək kəlmə ilə söyləyək ki, təəssüflənirik.
Böyük ölü, sən məzarında rahat yat. İçi türklük atəşi ilə dolanlar sənin itkinə yanması, mütəvazi dərgilərin mütəvazi səhifələrində xatirənə xərclənən mürəkkəblərin qiyməti bomboz dağların, qayalıqların yanında yüz min karatlıq almas kimi, həm də türk alması olaraq yer alır. Məqamın cənnət, rəhmətin bol, ruhun şad olsun…
“Yeni Erciyes” jurnalı, sayı 11-12, 1956-cı il.
***
Sığındığım dağ
Qafqaza hakimkən ölüm rusları
Gördüm fəğan edən çox ulusları.
Seyr etdim ağlayan Elbrusları.
Qəlbimi sarmışdı dağım, Erciyes
Mən sənə sığındım dağım – Erciyes.
Könül möhtac oldu havaya, suya,
Hədəfim sən oldun ey qarlı dünya.
Sənə ulaşmağım deyilmiş xülya.
Qırılmaz səninlə bağım, Erciyes,
Yeşərsin bu bağçam, bağım, Erciyes.
Saldıqca heybətim üstümə sayə
Parlayır bir daha qəlbimdə qayə,
And içdim üstündə geniş səmaya:
Yenəməz ruhumu, çağım Erciyes.
Sayəndə mən də bir dağım, Erciyes
A.Dağlı
“Yeni Erciyes” jurnalı, sayı 9-10, 1956-cı il
Qaynaq:
1. “Yeni Erciyes” jurnalı,sayı 9-10, 11-12, 1956-cı il.
2. Nikpur Cabbarlı. “Abay Dağlının mühacirət dövrü yaradıcılığı”, Bakı, 2009.
3. Ömer Özcan. “Türkçüler - Cumhuriyet Devrinde Bir İdealin Takipçileri”, Ankara, 2020.