Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, Sabunçu rayonunda yerləşən yataqxana binasında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.