“Ulu öndər Heydər Əliyevin 100 illiyi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyət daşıyır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib ki, Azərbaycanda diaspor quruculuğunun əsası ulu öndər tərəfindən qoyulub: “Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bu günü qeyd edirlər. Bu il 100-dən çox tədbir planlanlaşdırılıb, onların bir hissəsi artıq həyata keçirilib. Bu yaxınlarda Azərbaycan mədəniyyətini təbliğ etmək üçün bir qrup soydaşımız xaricdə tədbir keçirdilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması dünyada nadir hadisə idi. Bu gün artıq dünyada 70-dən çox mərkəzi icra qurumu mövcuddur. Əgər 20 il bundan öncə yumşaq gücdən istifadə, eyni zamanda ictimai-siyasi proseslərə diasporanın yanaşması fərqli idisə, bu gün artıq bütün böyük dövlətlərdə həm diaspora quruculuğu, eyni zamanda yumşaq dildən istifadə gündəmdədir.
Nəzərə alsaq ki, bizim bu istiqamətdə soydaşlarımızın fəallığı çox böyükdür. Buna görə də biz ulu öndər Heydər Əliyevə borcluyuq. Prezident İlham Əliyev tərəfindən diaspora sahəsinə böyük diqqət ayrılıb. Keçən il Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi, orada soydaşlarımızın Prezidenti dinləməsi və dövlət başçısının istiqamətləri müəyyənləşdirməsi çox əlamətdar oldu.
Biz hamımız ulu öndər yolunun davamçısıyıq. Bugünkü Azərbaycanın inkişaf strategiyası, gələcək strategiyası məhz o zamanlar qoyulub və bu gün uğurla davam edir”.