Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan olan millət vəkili, mühacir Məhəmmədsadıq Aran Türkiyədə ictimai-siyasi və mədəni həyatda aktiv iştirak edib. Azərbaycanla bağlı dərnəklərlə yanaşı o, Türkiyədə millətçi camiənin qurduğu təşkilatlarda yer alıb, özü də türkçülük ideologiyasına xidmət edən cəmiyyət qurub. Onun sədrliyində fəaliyyət göstərən Türk Kültür Çalışmaları Dərnəyi bu baxımdan önəmlidir.
“Toprak” jurnalında çıxan bir elanda dərnəyin adresi bu şəkildə yazılıb: “İskenderpaşa mahallesi. Değnekçi sokak No 16-1, Kat 1. Fatih [İstanbul].
1948-ci ildə Türk Kültür Çalışmaları Dərnəyinin ikinci konfransı baş tutub. “Kommunizm və Türk aləmi” mövzusundakı mühazirəni dərnəyin sədri M.Aran oxuyub. O, kommunizm fitnəsi və qırmızı Moskvanın türk millətinə etdiyi zülm haqqında müfəssəl məlumat verib. Mühazirədən sonra dərnək üzvləri bu andı qəbul ediblər: “Bu gün Türk millətinin tək müstəqil dövləti olan Türkiyə Cümhuriyyətinə yönəldilmiş qırmızı imperialist Moskvanın fəsadına alət və vasitəçilik edən satılmış vətən və millət xainlərini lənətləyirik. Bu kimi adamlardan qorunmuş türk işçi və kəndlisini kommunizm fitnəsi ilə zəhərləməyə çalışacaq olanlara qarşı da amansız və fasiləsiz olaraq savaşmağa and içirik”.
4 aprel 1948-ci il saat 14-də İstanbulda Şehzadebaşındakı Letafet binasında TKÇD-nin illik qurultayı baş tutub.
“Yeni Bozkurt” dərgisi TKÇD-nin illik qurultayı münasibətilə dörd səhifəsini dərnəyin üzvlərinə ayırıb. Jurnal üzvlərə ünvanladığı sualı bu şəkildə təqdim edib: “Millətçi bir təşəkkül olan Türk Kültür Çalışmaları Dərnəyinin illik qurultayı ötən ay içində Letafet binasında baş tutdu. Yeni idarə heyətinə seçilmiş olan sədr Məhəmmədsadıq Aran, sədr müavini Kamal Gür, ümumi katib Müfid Adil Çulcuoğlu, Əhməd Mirkelamoğlu, Namiq T. Turan, Şükrü Tezcan və M.Hardar ilə bəzi üzvlərə son günlərdə məmləkətimizdə bir kommunist cərəyanının olmadığı fikri təlqin edilmək istənildiyi, bu arada böyük bir kütlənin bel bağladığı Demokrat Partiya İstanbul Şəhər İdarə Heyətinin sədri Əbdürrəhman Münip Berkan ilə 15 min tələbənin başında olan Siddiq Sami Onarın da eyni fikirdə olduqlarını xatırladaraq özlərinin nə düşündüklərini öyrənmək istədik. Verilən cavablar bu səhifələrdədir”.
Bu suala TKÇD-nin sədri M.Aran bu şəkildə cavab verib: “İqtisadi məzhəb deyilən kommunizmə bağlı olan idealist kimsələr Türkiyədə yoxdur. Bu məmləkətdə olsa-olsa, təhrikçi Moskva dəstələri və sözün tam mənası ilə casusları vardır. Bundan ötrüdür ki, biz bu kimiləri fəsadçı, fitnəçi olaraq tələqqi edirik. Bu kimilər məmləkəti Rusiyanın peyki etmək və bu surətlə də keçici də olsa, məmləkətdə məqam əldə etmək həvəsini güdürlər. Belələrinin içində kommunizmi təhlil etmiş, anlamış və bu anlayışla ona bağlanan bir kimsə burada mövcud deyildir. Belə bir iddiada olanlar soysuzlaşmış vətənsiz, degenerasiyalaşmış ruha sahib sərsərilərdir. Onlar nə türk kəndlisinin, nə türk işçisinin dərdlərinə dərman olmaq üçün bu yollara giriblər. Məhz bu baxımdan Türkiyədə kommunist yoxdur deyə bilərik. Amma fitnəçi, fəsadçı və satılmış kimsələr olduğunu bilirik. Moskva kommunizmdən vaz keçib slavçılığı güdərkən Moskva təbliğatçısı və kommunist maskası taxanlara başqa cür ad verə bilmirəm. Bu xüsusda daha çox deyiləcək sözlər vardır. İndilik bu qədərlə kifayətlənirəm”.
Sədr müavini Kamal Gür suala belə cavab verib: “Dünya kommunizm, terror və tədhiş qasırğası halında bütün azad fikirləri təhdid edən bir canavar olmuşdur. Milliyyət, ailə və vətən duyğusu onun başlıca hücum hədəfləridir. Səfalət onun səfir bir istinadgahıdır... Bizim zəngin tariximizi, aydın milliyyət şüurumuzu yox etmək istəyən hər təşəbbüs qafil, sərsəm bir xəyanət olaraq qısır qalacaqdır... Millətlərin vicdanına yerləşdirilmək istənilən bu kabus əziz vətənimizdə mövqe qazanmayacaqdır. Onu yox etmək üçün lazım gələn tarixi xəzinəyə heç bir millət bizim qədər malik deyildir...”.
Ümumi katib Müfid A. Çulluoğlu belə cavab verib: “... Məmləkətimizdə etatist və sosialist qılığı altında fəaliyyət icra edən kommunistləri görməmək ən xəfif təbirlə desək, korluqdur...”.
Dərnəyin digər üzvləri də eyni mahiyyətli cavablar veriblər və buradan da görünür ki, TKÇD-nin əsas məqsədi Türkiyədə kommunist fəaliyyətlərin qarşısını almaq, türk mədəniyyətini yaymaq, bu istiqamətdə mühüm işlər görməkdir.
“Yeni Bozkurt”un 1948-ci ilin aprel ayında çıxan sayında “Ergenekon bayramı İstanbulda ilk dəfə olaraq keçirildi” başlıqlı bir xəbər dərc edilib. Məlumatda qeyd olunub ki, martın 22-də, bazar ertəsi günü Türk Kültür Çalışmaları Dərnəyi universitetin Marmara lokalında Ergenekon bayramı keçirib. Qonaqlar arasında siyasətçi Nuri Demirağ, Bakının xilaskarı Nuri paşa və universitet gəncləri iştirak ediblər. Törəni dərnəyin sədri Məhəmmədsadıq Aran açıb. Çıxışında Aran bunları bildirib: “Türk milləti keçirdiyi hər müşkülat qarşısında daima müvəffəq olub, hər şeyi bacarıb. Buna misal olaraq iki türk şahzadəsinin Ergenekon dağından çıxaraq dörd əsr sonra intiqam almalarıdır. 60 milyon türk bu gün parçalanmış bir şəkildə yaşamış olmasına rəğmən bu günə qədər məqsədlərinə nail ola bilməyiblər. Bu əsir türklərin Ergenekon bayramı kimi yaxında hürriyyətlərinə qovuşacaqlar. Milli mücadilə də eynilə Ergenekon hadisəsi kimi deyilmi?... İndi istibdadın ən qatı bir dövrünü yaşayan Moskvanın əsarəti altında olan türklərin çox yaxın günlərdə hürriyyətlərinə qovuşacaqlarına inanırıq. Bunu türk gəncliyi həyata keçirəcəkdir. Hər il bu münəvvər mühitdə Ergenekon bayramını ənənəvi bir şəkildə təsid etmək və lazım gələn fədakarlığı əsirgəməmək hər türkün bir borcu olmalıdır”.
Tədbirdə Ənvər paşa və digər şəhid olan türk böyüklərinin, əsgərlərinin xatirəsi sükutla yad edilib, daha sonra Nuri paşa türkçülük cərəyanlarının Osmanlı dönəmində necə başlamasını, Asiyada necə mənimsənildiyi mövzusunda çıxış edib. Tədbirdə “Ergenekon qoşması” xor şəklində oxunulub, Qafqaz oyunu oynanılıb, “Azərbaycandan Türk bayrağına salam” şərqisi söylənilib. Eyni zamanda Ərzincan, Qaradəniz, Qars, Siird, Malatya bölgələrinin folklor qrupları çıxış ediblər.
Bu tədbirdə toplanan şəxslərə baxdığımızda TKÇD-nin uğurlu cəmiyyət olduğunu görürük. Tədbirlərin tarixindən belə nəticəyə gəlmək olur ki, dərnək 1947-ci ildə yaradılıb. “Toprak” jurnalındakı bir xəbərdən anlaşılır ki, dərnəyi əvvəlcə universitet tələbələri qurub, ilk sədr Nəcati Balaşoğlu, sədr müavini İlhan Darendeli, ümumi katib Əhməd Sözmen olub. 3 mart 1947-ci ildə dərnək Məhəmmədsadıq Aranı, jurnalist Cihat Baban və Bahadır Dülgeri dərnəkçilik və milliyyətçilik mövzularında çıxışa dəvət ediblər. Görünür, növbəti qurultayda sədr dəyişikliyi olub.
M.Aran TKÇD sədri kimliyi ilə “Toprak” jurnalında təhsil nazirinə ünvanladığı məqaləsində Emil Zolyanın “Torpaq” əsərinin tərcümə edilib klassiklər seriyasından çıxmasını yanlış hesab etdiyini, Türkiyədə modern ictimai dəyərlərin formalaşdığı bir zamanda mənəvi qidaların çox yüksək xarakter aşılayan əsərlərdən seçilməsini tövsiyə etdiyini yazıb. O, bu yazısında bir neçə yüz tələbədən ibarət dərnəyin sədri olduğunu bildirib. Buradan bir daha aydın olur ki, dərnəyin əsas kütləsi tələbələrdi.
Mustafa Kamal Atatürkün inqilablarına, yoluna sadiq olan dərnək üzvləri bu dəyərlərə qarşı mübarizə aparan, əsərlər nəşr edən kommunistlərə, dinçilərə, hətta bəzi türkçülərə qarşı 1947-ci ildə mətbuatda bəyanat da veriblər: “İnqilab və Atatürk əleyhdarı nəşriyyat qarşısında dərin bir təəssür duyan Türk Kültür Çalışmaları Dərnəyi İstanbul və Ankara qəzetlərində aşağıdakı bəyannaməni dərc etmişdir: “Son günlərdə türkçü, dinçi və solçu kommunist namı ilə yayın sahəsinə atılan nəşriyyat vasitələrindən bəzilərinin Atatürkə, inqilaba və milliyyətçiliyə qarşı türk gəncliyinin milli həyəcan cəbhəsini yaralamağa çalışacaq surətdə bəzən işarəli, bəzən həyasızca açıq bir şəkildə hücuma keçdiklərini görürük. Gerçək milliyyətçi nəslin övladları olaraq yetişən Atatürk gəncliyi içində yaşadığı inqilabın qüdsiyyətinə və onun böyük təmsilçisi olan Atatürkə hörmət edilməsini istəyir. Milliyyətçi, türkçü və inqilabçı bir cəmiyyət olaraq qurulmuş dərnəyimizin üzvləri arasında milli bir təəssür oyandıran bu çirkin, işarətli və təcavüzkar nəşriyyata son verilməsini istəyirik. Türk milliyyətçisinin vüqar və heysiyyətinə yaraşdıra bilmədiyimiz bu cür hərəkətləri dərnəyimiz çalışmalarının baş davalarından biri olan inqilab adına rədd edir”.
Atatürkə qarşı yazılmış nəşrlərə qarşı çıxan İzmir gəncliyinə dəstək olaraq TKÇD sədri M.Aran İzmirdəki Ali İqtisad və Ticarət Məktəbi rəhbərliyinə bu teleqramı göndərib: “Dağıdıcı nəşriyyata qarşı İzmir gəncliyinin əsil hərəkətini dərnəyimiz könüldən alqışlayır”.
Atatürk inqilablarını təbliğ edən, azərbaycanlı Məhəmmədsadıq Aranın rəhbərlik etdiyi Türk Kültür Çalışmaları Dərnəyi haqqında hələlik əlimizdə olan materiallar bu qədərdir.
P.S. Bu yaxınlarda Cümhuriyyətin Zəngəzur deputatı olan Məhəmmədsadıq Arana aid üç fotoşəkil əldə etdik. Onlardan birini bu yazımızda təqdim edirik.