Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin müraciəti əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Maarifləndirici xarakter daşıyan tədbirdə nüvə və radioloji fəaliyyətdə beynəlxalq tənzimləmə mexanizmləri, Azərbaycan Respublikasında tənzimləyici orqanın yaradılması və onun vəzifə və səlahiyyətləri barədə məlumat verilib.
Bundan əlavə, ölkəmizdə nüvə və radioloji fəaliyyətlə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən “xüsusi icazə” üçün müraciət alqoritmi izah olunub, ionlaşdırıcı şüalanma mənbələri quraşdırılan otaqların radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, radiasiyadan qoruyucu konstruksiya elementlərinin normativ sənədlərə uyğunluğu məsələləri barədə danışılıb.
Həmçinin, tədbir iştirakçılarına Agentlik tərəfindən həyata keçirilən nəzarət-yoxlama tədbirləri, obyektlərin risk qruplarına bölünməsi meyarları, yoxlama suallarının seçilməsi, yoxlama aktının tərtib edilməsi və nəticə qərarının qəbul olunması barədə ətraflı məlumat verilib. İştirakçılara “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası”, “Tibbi rentgen avadanlığının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair təlimat”, “Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları” və “Qəzaların qarşısının alınması və nəticələrinin ləğv edilməsi proqramı” adlanan sənədlərin tərtib edilmə qaydaları da izah edilib.