BBC telekanalı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərgin vəziyyət haqqında reportaj yayımlayıb.
Teleqraf.com xəbər verir ki, reportaja belə bir ad verilib: “Dağlıq Qarabağda sərhəddə atışma halları çoxalır. Ermənistan və Azərbaycan yeni müharibəyə başlamağa hazırlaşırlarmı?”.
Reportajda təmas xəttində yerləşən Tərtər rayonunun Qazyan kəndinin sakinlərinin ağır vəziyyətindən bəhs edilir. Beynəlxalq Qırmızı Xaç Komitəsi kənd sakinlərindən birinin evinin güllələrdən qorunması üçün onun dövrəsinə hasar çəkib. Həmin sakin deyir ki, atışma zamanı bu, kifayət etmir.
Reportajda 20 ildən artıq davam edən, Dağlıq Qarabağın və ətrafdakı yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsinə gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında informasiya verilir. Müxbir qoşunların təmas xəttində indiki vəziyyət barədə söhbət açaraq qeyd edir ki, keçən il noyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın döyüş helikopterini vurandan sonra gərginlik daha da artıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin helikopterin uçuşunun guya təlim xarakterli olması barədə erməni tərəfinin bəyanatlarını qətiyyətlə təkzib edir. Azərbaycan xarici siyasət idarəsinin nümayəndəsi deyir: “Ermənistan helikopteri Azərbaycanın hava məkanını pozduğuna görə vurulub. Ermənilər hər dəfə bu cür təxribatlar törədəndə danışıqlar prosesini pozmaq məqsədi güdürlər”.
Britaniya teleradio yayım korporasiyasının bu reportajı məktəblərin birində dərs zamanı çəkilmiş kadrlarla bitir. Müəllimə və onun ardınca balaca uşaqlar işğal edilmiş rayonların adlarını çəkir və Vətəni sevəcəklərinə, zəbt olunmuş torpaqların nəyin bahasına olursa-olsun qaytarılacağına and içirlər.
Reportajı təqdim edirik.
Səxavət