Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində bir nəfər yaşlı qadının təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi 2 metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb.
Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.