7 İyul 2023 13:56
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı olan “Japan Tobacco International” (JTİ) və “Tabaterra” QSC arasında JTİ şirkətinin qlobal brendlərinin Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac edilməsi üçün razılaşma əldə edilib.

Teleqraf.com xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində JTİ şirkətinə məxsus Gürcüstanda satılan “Sobranie”, “Winston” və “Camel” kimi dünyaca məşhur brendlər artıq “Tabaterra” tərəfindən Azərbaycanda istehsal olunacaq.

“Biz JTİ şirkəti ilə qlobal brendlərin istehsalı, o cümlədən də ixracı ilə bağlı tərəfdaşlığımızdan çox məmnunuq. İmzalamış olduğumuz ixrac sazişi “Tabaterra”nın beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar istehsal etdiyinin bariz nümunəsidir. Bu bizim beynəlxalq istehsalçı kimi mövqeyimizi möhkəmləndirməklə yanaşı ixrac imkanlarımızı daha da genişləndirir. Sözügedən ixrac sazişi Azərbaycan iqtisadiyyatına, eləcə də ölkəmizdə yerli istehsala əhəmiyyətli töhvə verəcək. Belə ki, bu razılaşma ölkəmizə illik olaraq 13 milyon ABŞ dolları civarında valyuta axınını təmin edəcək”, - deyə “Tabaterra” QSC-nin Direktoru Elman Cavanşir bildirib.

“Tabaterra” QSC ilə imzaladığımız ixrac razılaşması JTİ şirkəti üçün Gürcüstan bazarında mövqeyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Biznes tərəfdaşımız olan “Tabaterra”nın təcrübəsinə və istehsal imkanlarına əmin olaraq, biz “Sobranie”, “Winston” və “Camel” kimi dünyəvi brendlərimizi Azərbaycanda istehsal etməklə onların daha qısa zaman kəsiyində gürcü istehlakçıları üçün əlçatanlığını təmin edəcəyik. İmzalamış olduğumuz ixrac sazişi Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin artmasına öz töhvəsini verəcək”, - deyə JTİ-nin Belarus və Qafqaz regionu üzrə Baş Direktoru Sergey Buksa vurğulayıb.

“Tabaterra” QSC istehsal etdiyi məhsulların keyfiyyət parametrlərinə görə JTİ şirkəti ilə müqavilə və lisenziya əsasında əməkdaşlıq edən beynəlxalq fabriklər arasında daima lider mövqe tutur. Bu nailiyyət “Tabaterra”nın davamlı olaraq yüksək keyfiyyət və istehsal standartlarına sadiqliyinin göstəricisidir.

Şirkət haqqında:

“Tabaterra” QSC 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçmişdir və öz məhsulları ilə yanaşı, Japan Tobacco International, British American Tobacco və Imperial Tobacco Group kimi şirkətlərin lisenziyası əsasında müxtəlif adda beynəlxalq tütün məmulatları istehsal edir.

JTI 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI, “Sobranie”, “Winston”, “Camel”, LD, “Logic” və “Ploom” kimi məşhur brendlərin sahibidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər