Spirt istehlakı xərçəngə tutulma riskini xeyli artırır və bu xəstəliyin ən azı yeddi növünü yaradır.
Teleqraf.com xəbər verir ki, Avropada və ABŞ-da alkoqoldan ölüm hallarının artdığını qeyd edən ekspertlər məsələ ilə bağlı tədbir görməyə çağırır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa İttifaqının statistik agentliyi “Eurostat”ın məlumatlarına görə, Avropa ölkələrində alkoqoldan ölüm halları yüksək səviyyədə qalmaqdadır.
Qlobal Xəstəlik Yükü Araşdırmasının son məlumatlarına görə, Avropada hər 100 000 nəfərə düşən alkoqolla bağlı ən yüksək ölüm nisbətləri Rusiya, Ukrayna və Belarusdadır.
Aİ-də alkoqolla bağlı ölümlərin ən çox olduğu ölkə Bolqarıstan, ən az olduğu ölkə isə Maltadır.
Ümumiyyətlə, kişilərin alkoqol istehlakı və spirtli içkidən ölüm halları qadınlara nisbətən daha yüksəkdir. Lakin ABŞ-da aparılan son araşdırma spirtli içkidən ölən qadınların kişilərə nisbətən daha sürətli artdığını ortaya çıxarıb.