3 Avqust 2023 20:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bütün ölkələrində sosial təbəqələşmə mövcuddur. İnternet hər kəs üçün bərabər şərtlərlə məlumat əldə etmək vasitəsi kimi düşünülsə də, reallıqlar fərqlidir. İstər sosial və ya mədəni, istərsə də cinsi baxımdan rəqəmsal məkanda fərqlər mövcuddur.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin araşdırmasına görə, Azərbaycanda qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Onlar informasiya texnologiyalarının (IT) aktiv istifadəçiləridir, lakin nadir hallarda istehsalçı qismində çıxış edirlər. Texnologiya sektorunda ən yüksək vəzifələri kişilər tutur.
Təbii ki, bu nəticə bizim üçün gözlənilməz deyil. Elə dünya ölkələrinin əksəriyyətində kişilər texnologiya sahəsində hegemon mövqedədirlər.

Sözsüz ki, IT gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Texnologiyalar qadınlara və qızlara işləri və ictimai həyatda iştirakları üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. IT-yə çıxış əldə etməklə qadınlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib olacaqlar. Bu, qadınlar üçün real vaxt rejimində fəaliyyət sərbəstliyi də təmin edir ki, bu da sosial təcridə məruz qalmış qadınlar üçün xüsusilə dəyərli ola bilər.

Müasir dövrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün ölkələr bu istiqamətdə strategiyalar hazırlayıb. Lakin son illərdə rəqəmsal iqtisadiyyatda gender bərabərliyi də vacib bir faktor kimi vurğulanır. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Ölkədəki qadınlar IT sektorda əhəmiyyətli rol oynayırlar. Hazırda sözügedən sektorda çalışan 26 min 500 işçinin 29,7 faizini qadınlar təşkil edir. İldən-ilə texnologiyalardan istifadə edən qadınların sayı artır. Məsələn, bu gün internetdən istifadə edən işçilərin 47 faizi qadındır. Qadınlar sosial şəbəkələrdə də fəal iştirak edir. Azərbaycanda “Facebook” istifadəçilərinin 34 faizi, “Instagram” istifadəçilərinin isə 36 faizi qadınlardır.

Ölkədə qadınlar üçün xüsusi platformalar yaradılıb. Bunlara misal olaraq “Girls Code” platformasını göstərmək olar. Bu platforma Azərbaycanda qadınların IT sektorunda fəal iştirak etməsini, onların uğurlu karyera qurmasını, IT sektorunda olan gender bərabərsizliyinin azaldılması və bu sahədə qadınların sayının daha da artırılmasını hədəfləyir. Hazırda 1000-dən çox xanım bu platformanın üzvüdür və onlar üçün bir sıra təlim və maarifləndirici tədbirlər keçirilib.

Qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın böyüməsini gücləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi deyil, onlar, həmçinin iş yerlərini yeni bacarıqlarla zənginləşdirir və məhsuldarlığı artırır. Qadınlar bu sektora daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər.

Ümumilikdə gender məsələsini əhatə edən hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur. Azərbaycan gender bərabərliyi və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub, kişilər və qadınlar üçün bərabər hüquqi imkanların təmin edilməsi ölkə konstitusiyası və hüququnda əks olunub.

Ekosistemin inkişafı üçün, ilk növbədə, əlaqələndirməni daha yüksək səviyyəyə qaldırmaq gərəkdir. Hazırda ekosistemə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gender resurs mərkəzləri və tədris mərkəzləri daxildir. Hesab edilir ki, burada koordinasiyanın gücləndirilməsi üçün bir platformaya ehtiyac var. İkinci addım, İKT Qadın Forumunu keçirmək və mövcud vəziyyət, problemlər, gözləntilər ətrafında müzakirələr aparmaqdır.

Qadınların rəqəmsal iqtisadiyyata çıxışı imkanlarının artırılması

Qadınlara innovasiyalar üzrə təlim və tədris imkanları tanıyan “SmartNation” layihəsinin rəhbəri, “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisi Şəbnəm Məmmədova hesab edir ki, Azərbaycanda belə bir stereotip var – texnologiya qadın işi deyil və qadınlar innovasiyalara cəlb edilməməlidirlər.

Hər bir qadın öz gücünə inanmalıdır. Peşə növündən asılı olmayaraq, qadınlar bu sahədə güclü mütəxəssis ola biləcəkləri barədə özünəinam formalaşdırmalıdırlar. Cəmiyyətin nə düşünməsindən, hansı stereotiplərə malik olmasından asılı olmayaraq, qadınlarda, ilk növbədə, özünəinam olmalıdır. Dünən üçün aktual olan texnologiya bu gün aktuallığını itirə bilər. Bunu bacarmaq üçün sürətlə dəyişən tendensiyalarla ayaqlaşmalıyıq. Bacarıqların inkişafı daimi olmalıdır.

Uğura aparan əsas xüsusiyyət məqsədin olmasıdır: “Məqsədsiz uğura çatmaq real deyil. İnsan hara gedəcəyini bilməlidir. İkinci əsas faktor isə nizam-intizamdır. Məqsəd “vau” effektli ola bilər, lakin bu yolda nizam-intizam yoxdursa, istənilən nəticəyə çatmaq olmaz. Uğura aparan digər vacib amil isə komanda işidir – doğru komanda işi və kommunikasiya. Çünki ideya və məqsəd çox parlaq ola bilər, lakin əgər insanlarla və komanda ilə düzgün kommunikasiya yoxdursa, uğur gözləmək əbəsdir.

Son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Bu, qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb-platformalara çıxışını daha da asanlaşdırıb. Qadınların IT-yə marağı artmaqdadır və son illərdə qadınların informasiya texnologiyalarında iştirakı yönündə müsbət tendensiya müşahidə olunmaqdadır.

Avropa İttifaqının rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi

Aİ də “EU4Digital” təşəbbüsü ilə rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək nümayiş etdirir. Belə ki, “EU4Digital” iqtisadi artım və iş yerləri üçün əsas katalizator kimi Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı bölgəsində rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafını dəstəkləyir. Dəstək sahələri yüksəksürətli genişzolaqlı internetin inkişafından tutmuş kibertəhlükəsizliyin qurulması, rəqəmsal iqtisadiyyatda bacarıqların inkişafı və daha çox iş yerinin açılmasına qədər şaxələnir.

“EU4Digital”ın İKT İnnovasiya mütəxəssisi Anna Pobol qadınların rəqəmsal sənayedə xüsusilə vacib olduğunu deyir: “Qadınların İKT sahəsindəki artan iştirakının iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur”.

O, qadın və kişilərin istehsal müddətində bir-birini əvəz etmədiyini, əksinə, inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamladığını aşkara çıxaran Beynəlxalq Valyuta Fondunun son araşdırmasına istinad edib: “Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etməklə kişi işçilərin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək”.

A.Pobol “EU4Digital”ın qadınları xüsusilə onların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan bütün cari fəaliyyətlərinə cəlb etməyə çalışdığını söyləyib: “Yeni başladılan “WomenGoTech”in fəaliyyəti rəqəmsal iqtisadiyyatda öz yerlərini tapmağı hədəfləyən qadınları dəstəkləyir”.

Xatırladaq ki, qadınları IT sahəsində karyeralarını davam etdirməyə təşviq edən Moldovada Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində icra olunan yeni təşəbbüsü misal olaraq gətirmək olar. Belə ki, “Tech Women Ambassadors” proqramı, “Tekwill” və “Tech Women Community” layihələri IT mütəxəssislər arasında məlumat, motivasiya və təcrübə ötürülməsini artırmaq, asanlaşdırmaq, eyni zamanda, bu sənayedə karyera qurmaq istəyən qadınların və qızların istəklərinə təkan vermək və onları təşviq etmək üçün hazırlanıb. Proqramda aylıq qeyri-rəsmi tədbirlər, konfranslar, sosiallaşma sessiyaları, karyera rəhbərliyi, mentorluq, təcrübə mübadiləsi və IT sahəsindəki peşə imkanlarını öyrənmək, araşdırmaq və onlardan faydalanmaq istəyən hər kəsə açıq olan digər görüşlər nəzərdə tutulur.

Bu günlərdə isə “EU4Digital” təşəbbüsü çərçivəsində qadın mentorluğu proqramları üzrə təlim təşkil edilib. İKT və innovasiya sahəsində qadınların mentorluq proqramlarına dair virtual təlim zamanı texnologiya ilə əlaqəli iş yerləri, tədbir və təşəbbüsləri qadınlar üçün daha əhatəli hala gətirmək, bununla da daha çox qadını texnologiyaya cəlb etmək barədə fikirlər səsləndirilib.

Hesab edirik ki, qadınların İKT sahəsindəki artan iştirakı və bununla da iqtisadiyyatı gücləndirmək potensialından geniş istifadə etmək lazımdır. Bunun üçün biz qadınlarımıza azadlıq verməliyik, onların yaxşı təhsil almaları üçün mümkün olanı etməliyik.

Yazı “Regional Qadın Hüquqları Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər