Sentyabrın 13-də ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə bu il qəbul olmuş tələbələrlə “Tanışlıq Günü” keçirilib.
Teleqraf.com xəbər verir ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələri UFAZ-a qəbul olmaları münasibəti təbrik edib və onlara uğurlar arzulayıb. O, tələbələri fəal olmağa, müxtəlif layihələrdə və tələbə klublarında iştirak etməyə, universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmağa dəvət edib. Vazeh Əksərov tələbələri həm də vətənpərvər olmağa səsləyib.
UFAZ-ın baş katibi Elizaveta Bydanova çıxışında UFAZ-ın ADNSU və Strasburq universitetləri tərəfindən birgə idarə olunduğunu qeyd edib. Strasburq universitetinin tələbələrə verdiyi üstünlüklər barədə məlumat verib. Strasburq universiteti adından UFAZ-ın Kimya mühəndisliyi master proqramı üzrə koordinatoru və tədqiqat üzrə ekspert, professor Christophe Serra tələbələrə ən xoş arzularını çatdırıb.
Tədris departamentinin müdir müavini Səmra Şiriyeva və tələbələrlə iş üzrə mütəxəssis Gülarə Abdunova UFAZ-dakı tədris prosesi, daxili qaydalar, müəllim heyəti, praktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar barədə ətraflı məlumat verib.
Daha sonra müxtəlif ixtisas üzrə koordinatorlar tədris proqramları barədə tələbələri məlumatlandırıblar.
Yekunda UFAZ Tələbə Şurasının üzvləri universitetdəki tələbə klubları, müxtəlif dərnəklər və tədbirlər barədə yeni qəbul olmuş tələbələrə məlumat veriblər. Bildirilib ki, UFAZ-ın yuxarı kurs tələbələrindən hər yeni tələbəyə kurator təyin olunacaq. Kuratorlar yeni gələnlərin universitetlə daha tez tanış olması üçün onlara birinci kursda bələdçilik edəcək və rastlaşdıqları çətinliklərin daha tez həll olmasına yardım edəcək.
Qeyd edək ki, UFAZ-a 2023-2024-cü tədris ilində 160 nəfər bakalavr pilləsinə qəbul olub. Onlardan 60 nəfər Kompüter elmləri, 40 nəfər Kimya mühəndisliyi, 30 nəfər Neft və qaz mühəndisliyi, 30 nəfər isə Geologiya və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.