Şərqşünaslıq İnstitutunun alimi tədqiqat aparıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində tədqiqat aparılıb.
İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, zorakılıq aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. İnstitutun “Cənubi Azərbaycan” şöbəsinin elmi işçisi Həsən Səfərinin tamamladığı “Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırım (1917-1919-cu illər)” adlı dissertasiya işində faktlar əks olunub.
Dissertasiya işində diqqəti çəkən məqamlardan birinin də bu gün ermənilərin iddia etdikləri yalançı erməni soyqırımını tanımağa can atan bir sıra dövlətlərin 1918-ci ildə Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilən soyqırımda erməniləri dəstəkləməsi və silahlandırmalarının ətraflı şəkildə araşdırılıb təhlil edilməsidir. Böyük Osmanlı dövlətinin güclənməsindən qorxuya düşən Avropa dövlətləri hələ yüz illər öncədən bölgəyə, xüsusilə Azərbaycan ərazisinə öz nümayəndələrini və missioner təşkilatlarını göndərmişlər. Onlar qısa strateji planda Azərbaycan dövlətləri ilə Osmanlı dövləti arasında ixtilafları dərinləşdirib, onları müharibəyə sövq etmək (Osmanlı-Ağqoyunlu və Osmanlı-Səfəvi müharibələri), uzun strateji planda isə Osmanlının şərq hissəsi və Azərbaycan ərazisində dağınıq halda köçüb yaşayan azsaylı xristianlara, xüsusilə ermənilərə dövlətin yaradılmasını diqqət mərkəzində saxlamışdılar. XX əsrin əvvəllərindən isə Cənubi Azərbaycanın qərb bölgəsində fəaliyyətini intensivləşdirən Rusiya, eləcə də Qərb nümayəndələri və missioner təşkilatları erməni və aysorları təşkilatlandıraraq, birləşmiş erməni-aysor silahlı dəstələrini yaradıb.
Əsasən farsdilli mənbə və qaynaqlar əsasında işlənən tədqiqat işinin əsas hissəsini Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsinin araşdırılıb, təhlil edilməsi təşkil edir.
Tədqiqatdan aydın olur ki, 1918-ci ilin əvvəllərində artıq yaradılan birləşmiş erməni-aysor silahlı dəstələri fevral ayının 22-si cümə günü axşam saatlarından erməni Ağa Petrosun başçılığı ilə Urmiyada əhalinin kütləvi soqırımına başladılar. 6 ay müddətinə davam edən soyqırımda Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinə qədər geniş bir ərazidə yerləşən Urmiya və Salmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırıma məruz qaldılar.
Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən soyqırımda insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımdan sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında öz əksini tapıb. Həmin hesabata əsasən “I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur” (Rəhmətulla xan Mötəmidəlvüzəra. Urmiye dər moharebe-ye aləmsuz. Be kuşeş-e Kave Bəyat. Nəşr-e “Pəjuh-e Şiraze”, Tehran, 1379 (2000), s. 230, 585 s.).
Tədqiqat işində həmçinin Andranikin Ermənistan Respublikasının Azərbaycanın təkcə İrəvan xanlığı və ətraf ərazilərində yaradılması ilə razılaşmayıb, dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq məqsədilə 1918-ci il iyul ayının 22-də Xoy şəhərinə hücumu da öz əksini tapıb. O, Xoy şəhəri və ətraf ərazilərdə yerli əhalini etnik təmizləmə yolu ilə məhv edəndən sonra özü ilə gətirdiyi erməni ailələrini orada yerləşdirmək istəyirdi. Məqsəd isə Azərbaycan ərazisində yenicə yaradılan Ermənistan Respublikası ilə erməni-aysor dəstələri tərəfindən işğal edilən Urmiya və Salmas bölgəsini birləşdirmək və digər Azərbaycan şəhərlərini işğal etməklə soyqırımın miqyasını genişləndirmək idi. Lakin Xoy əhalisinin ciddi müqaviməti və Osmanlı qoşununun vaxtında köməyə çatması Andranikin planlarını iflasa uğratdı.
Dissertasiya işində həmçinin Osmanlı qoşununun Cənubi Azərbaycanın qərb bölgəsində birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlıları soyqırıma məruz qoymasından xəbər tutandan sonra soyqırımı dayandırmaq məqsədilə onlarla danışıqlara getməsi, nəticə vermədikdə isə Cənubi Azərbaycana daxil olması məsələsi də araşdırılıb. Belə ki, Osmanlı qoşununun 1918-ci ilin yazında Cənubi Azərbaycana daxil olması ilə erməni-aysor silahlı dəstələri törətdikləri soyqırım və cinayətlərin nəticəsindən qorxuya düşərək qarət etdikləri daşınan əmlakla birlikdə ingilis ordusunun köməyi ilə İraq ərazisinə köçdülər. Dissertasiya işinin nəticələri onu deməyə əsas verir ki, birləşmiş erməni-aysor silahlı dəstələrinin 200 min nəfərə qədər azərbaycanlını soyqırıma məruz qoyması və Cənubi Azərbaycanın böyük bir hissəsini xarabaya çevirməsi ilə nəticələnən proses xalqımıza qarşı törədilən kütləvi soyqırımın yalnız bir hissəsi olub.
SEVİL