ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən “The Hill” qəzetinin 16 yanvar 2015-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Konsulluqdan Trend-ə verilən məlumata görə, "Qara Yanvar və haqsız yerə verilmiş Nobel Sülh Mükafatı" başlıqlı məqalədə 25 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrindən və Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.
Həmin hadisələr zamanı, Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirən müəllif, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan SSR-nin nümayəndəliyinə gedərək, qətliamı kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq mücadiləsini daha da ilhamlandırdığını qeyd edir.
Həmçinin, baş konsul mühüm bir fakta diqqət çəkərək bildirir ki, 1990-cı ilin 15 oktyabrında Nobel Sülh Mükafatı Komitəsi bəlkə də öz tarixində ən qeyri-adi qərarını verərək, Sovet İttifaqının prezidenti Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görmüşdü. Müəllif vurğulayır ki, bununla, mükafatın verilməsindən çox deyil – 10 ay əvvəl M.Qorbaçovun birbaşa əmrilə Bakıda törədilmiş Qara Yanvar qətliamını “unudan” Komitə, əli yüzlərlə günahsız azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmışdı.
N.Ağayev digər bir maraqlı tarixi faktı da vurğulayaraq qeyd edir ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə etdikləri böyük sərvət olmasaydı, 1901-ci ildə Nobel mükafatının təsisi mümkün olmazdı. Müəllif əlavə edir: “Ancaq A.Nobel təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir gün həmin Bakını qan çanağına çevirmiş şəxsə veriləcək.”
Diplomat, həmçinin, müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edərək, ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu diqqətə çatdırır.
Məqalə ilə bu linkdə tanış olmaq olar: