Bütün gün meydanlarda, mitinqlərdə idik, sanki Elçinlə bir yerdə böyüdük. Bir gün gəldi dedi ki, ay mama, yoldaşlarımdan kimsə səni mənim yanımda görüb. Elçinə deyiblər ki, səni bir qızla gördük, qoluna girmişdi. O da qayıdıb ki, qız deyil idi, mamam idi. Atası güldü dedi ki, uşağın qoluna girmə, subay qalacaq...
Bu barədə Teleqraf.com-a 7 yanvar 1994-cü ildə Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Elçin Qurbanovun anası Səlminaz Qurbanova danışıb.
Tanınmış tərcüməçi-alim Çərkəz Qurbanovun oğlu Elçin Qurbanov Bakıda 160 saylı orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. Hərbi xidmətdən sonra isə ixtisasını dəyişmək qərarına gəlib. Çətin dövr olsa da, ailəsinə özünü bu sahədə görmədiyini, buna görə də ali təhsilini yarımçıq qoyub sənədlərini Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) verib.
“Maliyyə və kredit” fakültəsinin axşam şöbəsində təhsil alıb, bank sahəsində əmək fəaliyyətinə başlayıb.
“Rus bölməsində təhsil alsa da, milli ruhda böyümüşdü”
Səlminaz ana bildirir ki, hərbi xidmətdən gələn kimi hazırlaşmadan Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna imtahana girib: “İlk imtahandan beş qiyməti aldı. Çərkəz dedi ki, sənə "üç" də kifayət idi, niyə "beş" aldın? Deyəcəklər görəsən kimin adamıdır... İmtahandan çox tez çıxmışdı, atası onda da gileyləndi ki, camaat imtahandadır, sən niyə tez gəlmisən. Dedi yazıb-gəldim, gözləyib nə edəcəkdim. İmtahanı rus müəllimlər götürürdü, öz biliyi ilə beş qiyməti aldı. O dövrdə tapşırıqla, ya necəsə yüksək qiymət almaq çətin idi. Savadlı idi, kitablarla, hər şeylə maraqlanırdı, qarmonla, cüdo ilə məşğul olurdu. Tələbə ikən “Azad bank”da çalışmağa başladı, qısa müddətdə sədr müavini vəzifəsinə yüksəldi, işini çox sevirdi, riyaziyyatı, kompüteri gözəl bilirdi. Vətən sevgisi hər şeyi üstələdi, 25 yaşı vardı, könüllü cəbhəyə yola düşdü. Rus bölməsində təhsil alsa da, milli ruhda böyümüşdü. Heydər Əliyevin diplomatik fəaliyyətinə heyran idi, ona baba deyirdi. Bir gün gəldi dedi ki, ata bilirsənmi kimi görmüşəm, babanı... Heydər Əliyev Bakıya gəlmişdi. Dedi kostyumu çiyninə atmışdı, Atatürk prospekti ilə gedirdi, hamı ilə salamlaşırdı. Hansısa görüş olanda televizorun qarşısında oturub diqqətlə izləyirdi. Rübabə Muradova, Hacıbaba Bağırov ifa edəndə evdə deyirdi səs etməyin, qulaq asıram. 1987-ci ildə Macarıstanda hərbi xidmətdə idi, həmin vaxt burada vəziyyət dəyişirdi. Biz ali təhsil almaq üçün Bakıya gəlmişdik, elə burada da qalıb işləmişdik, valideynlərimiz Qərbi Azərbaycanda idi, həmin vaxt onlar da köçüb Bakıya gəldilər”.
Şəhidimizin bacısı Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı deyir ki, hərbi xidmətinin 6 ayını Tbilisidə olub, hərdən ailəsi görüşmək üçün onun yanına gedirmiş: “O vaxt erməni məsələləri cücərməyə başlayırdı. Bir dəfə görüş üçün getmişdik, amma Elçin görüşə gəlmək istəmirdi. Atam dedi ki, biz Bakıdan bu qədər yolu onu görməyə gəlmişik, mütləq görüşməliyik. Bir xeyli keçəndən sonra gəldi, əlini arxasında gizlətmişdi. Mamam soruşdu ki, əlinə nə olub? Dedi heç nə, göstərmək istəmirdi, gördük əli gipsdədir. Bizim əlini o vəziyyətdə görməyimizi istəmirmiş. Sən demə otaq yoldaşı erməni imiş, dili atıb sataşıb nə deyibsə, onun üstünə hücum çəkmişdi, əli qırılmışdı. O baxımdan vətənpərvərlik hissi həmişə olub”.
“Çox istərdik ki, qardaşımın adı məzun olduğu məktəbə verilsin”
Qurbanovlar ailəsinin arzusu şəhid Elçin Qurbanovun adının əbədiləşməsi ilə bağlıdır: “Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və birinci xanımımız Mehriban xanım şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırlar. Biz də çox istərdik ki, qardaşımın adı məzun olduğu məktəbə verilsin. Atam görə bilməsə də, heç olmazsa, anam həyatda ikən o arzumuz gerçəkləşsin. Şəhidlər arasında fərq qoymaq olmaz, şəhidin təzəsi-köhnəsi olmaz. Bir neçə gün öncə UNEC-ə Zəfər günü ilə bağlı tədbirə dəvət etmişdilər, orada məzun şəhidlərdən birinin valideyni dedi ki, biz o vaxt 20 min şəhid itirdik, amma o vaxtki şəhidlərimizin maddi-texniki bazası, geyimi, vahid komandanlıq indiki kimi olsaydı, torpaqlarımız işğal altında qalmazdı. Gənclərimiz göz görə-görə az qala əliyalın düşmənin üstünə gedirdilər. Nə silah, nə geyim, nə yeməkləri vardı... Güllə belə vermirdilər”.
Səlminaz xanım bildirir ki, 1993-cü ildə dekabrın 25-də diplom müdafiəsi üçün gələndə oğlu deyirmiş iki adama bir tüfəng çatırmış: “Dedi mama, quş tüfəngi ilə erməninin qabağına çıxırıq, əlimizdə heç nə yoxdur. Sovet hökumətinin bazasını çıxardıq, amma bizdə ağır texnika, tank yoxdur”.
“Atam şəxsən özü gedib ulu öndəri Naxçıvandan Bakıya dəvət edib”
Nərgiz Qurbanlı qeyd edir ki, Çərkəz Qurbanov ulu öndərin uzun illər tərcüməçisi olub, amma heç vaxt oğlu ilə bağlı hansısa xahiş etməyib: “Özü də deyirdi ki, oğlum nə üçünsə şəhid olmayıb, bu Vətən yolunda canını qurban verib. Atam şəxsən özü gedib ulu öndəri Naxçıvandan Bakıya dəvət edib, Bakıya gəlməsində bilavasitə iştirak edib. Atamın üzünü görmürdük, rayonlarda təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edib. Bütün gün meydanlarda idi. Azərbaycan üçün özünü də, oğlunu qurban verdi... Hamı deyirdi ulu öndərin yanındasan, şəhid oğlunla bağlı müraciət et. Amma heç vaxt müraciət etmədi. O dövrlər ölkəmizin çətin dövrü idi. Azərbaycan Dillər Universitetində müəllimlikdən prorektorluğa qədər yüksəlmişdi, quru, təmiz adını həmişə saxlayıb. Artıq torpaqlarımız işğaldan azad olunub, Qarabağımızda bərpa-quruculuq işləri sürətlə davam edir. Çox istərdik ki, qardaşımızın adı əbədiləşsin və anam o günü görsün. 160 saylı məktəbi bitirən məzunlar içərisində başqa şəhid yoxdur, inanırıq ki, bizim ailəmizin istəyinə müsbət cavab veriləcək”.
“Təkcə batalyon komandiri sağ qalmışdı, tank üstlərindən keçəndə...”
Qardaşı Erkin Qurbanlı o məşum xəbəri necə aldıqlarını xatırlayır: “Qardaşımgilin batalyonlarına əmr gəlib ki, Füzuli rayonunun Bəytəpə kəndini azad etsinlər. Batalyon komandiri şübhələnib, özü də gedib və yeddi nəfəri aparmaq istəyib. Elçin deyib ki, mən də gəlirəm. Ona deyib yox, sən gəlmə, az qala orada dalaşıblar, amma qardaşım sözündən dönməyib, deyib mən rabitəçiyəm, birdən nəsə oldu, kim xəbər verəcək? Deyib mən gəlməliyəm, kəşfiyyata gedəndə sən demə ermənilər artıq gözləyirmiş. Tələ qurublarmış, Elçin xəbər verib ki, hazırlıqlı gəlin, 5 saat texnikasız mübarizə aparıblar. Təkcə batalyon komandiri sağ qalmışdı, 3 ay komada qaldı, sonra ayıldı. Elçinin vəfatının ildönümündə gəlmişdi, onda danışdı. Qardaşım tankın altında qalıb şəhid olub. Rabitə aparatı əzmişdi, tank üstündən keçəndə daxili orqanları dağılmışdı. Qardaşım haqda günlərlə danışsaq, az olar, haradan başlayasan adam bilmir... Çox mülayim insan idi. Ailəmizin nuru idi, nəinki ailəmizin, bütün nəslin nuru idi. Çox qeyri-adi insan idi. Fizika, elektronika ilə bağlı dərnəklərə gedirdi, ilahiyyatla məşul olurdu, sufizmlə yaxından maraqlanırdı. Dostları ilə yığışırdılar, zikr edirdilər, bir dəfə məni də aparmışdı. Qabaqgörənliyi də vardı, sanki öz ölümünü də hiss edirdi. Diplom müdafiəsinə gələndə dostlarına deyibmiş şəhid olacağam. Müdafiə adı ilə gəlib hamı ilə vidalaşmışdı”.
Səlminaz ana əlavə edir: “Mənə sonradan danışırlar. Sanki halallaşmağa gəlmişdi, bütün qohumlar dedi ki, gəlib hamımızla görüşdü. Xəbərim olmayıb, qohumların evinə gedib ziyarət edibmiş”.
Elçinin şəhid olması faktını ailə həmin vaxt Türkiyədə təhsil alan məktəbli qızından 5 ay gizli saxlayır.
“İlk sualım bu oldu ki, Elçinə nəsə olub?”
Nərgiz Qurbanlı qardaşının şəhid olmasından uzun müddət xəbərsiz olduğunu qeyd edir: “Həmin vaxtlar Türkiyədə telefonlar kartla idi, həftədə bir dəfə ailədən zəng gəlirdi, yaxud kartı yükləyib zəng edirdim. Zəng edəndə ailə üzvlərimin hamısı ilə danışırdım, amma Elçinin səsi gəlmirdi, atam məktubda yazmışdı ki, qardaşın müharibəyə gedib, narahat olma, hər şey yaxşı olacaq. İnanırdıq ki, yaxşı olacaq. Bu hadisələr olanda yuxu gördüm, qardaşımın istəklisi də vardı, yuxuda görmüşdüm ki, onların toyudur, mən də qabaqlarında oynayıram, deyirəm ay Allah, şükür. Bilirdim ki, yuxuda toy görmək darlıqdır...Ayılan kimi karta pul yükləyib evə zəng elədim. O vaxt hamının evində şəhər telefonu yox idi, “İnqilab”da həyət evində qalırdıq. Qonşular da bizim evdən gəlib kiməsə zəng edərdilər. Evə zəng etdim, gördüm telefonu götürən anam deyil, amma çoxlu səs-küy gəlirdi. Soruşdum ki, kimdir? Dedi ki, bibidir. Soruşdum mama evdədir? Dedi mama xəstədir, telefona yaxın gələ bilmir. Dedim sən bizə nə əcəb gəlmisən? Dedi mama xəstədir, ona qulluq edirəm. Hiss edirdim ki, bibimin səsi qəribədir, titrəyir, amma özünü toxtayır. Dedim axı mama bilir Türkiyədən zəng edirəm, nə qədər xəstə olsa da, mənimlə danışardı. Heç sözümü bitirməmiş, dedi ki, sonra səninlə danışacaq, sözümü ağzımda qoydu. Ard-arda təkrar nə qədər zəng etsəm də, telefonun dəstəyini qaldıran olmadı. Kimin evində telefon vardı hamıya yığmağa başladım, dayımgilə, zəng etdim, dedi ki, mama xəstəxanadadır, narahat olma, böyrəklərində bir az problem var, evə gələndə səninlə əlaqə saxlayacaq. İki gün sonra atam zəng etdi ki, qızım, nə olub aləmi bir-birinə qatmısan. Dedim bəs mamaya nə olub, onunla danışmaq istəyirəm. İlk sualım bu oldu ki, Elçinə nəsə olub? Dedi niyə elə deyirsən? Dedim bəs yuxuda görmüşəm, dedi yox, heç nə olmayıb. Soruşdum bəs nəsə xəbər var? Dedi müharibədə nə xəbər olasıdır, müharibədədir...Atam o qədər toxtaq danışdı ki. Onun bir xasiyyəti vardı hamı deyirdi, yasda Çərkəz müəllim o qədər toxtaq idi, biz ağlayanda sakitləşdirirdi ki, ağlamayın, o adı qoruyub saxlayın, biz fəxr edirik, övladımız Vətən yolunda şəhiddir.
Mən o zaman üçüncü il idi Qazi Anadolu liseyində oxuyurdum, atam məni elə sakitləşdirdi ki, özlüyümdə düşündüm, niyə bu qədər narahat olmuşam. Dedi ki, birinci növbədə universitetə qəbul olmalısan, yuxularına de səni rahat buraxsın. İmtahan verib Türkiyədə liseyə qəbul olmuşdum, dövlət xətti ilə getdiyim üçün ildə bir dəfə yay aylarında Azərbaycana qayıdıb ailəmlə görüşürdüm. Qardaşım 1994-cü ilin yanvarın 7-də şəhid olmuşdu, məndən gizlətmişdilər, iyun ayı çatdı, ailəmə zəng etdim ki, filan tarixdə gəlirəm. Ondan öncəki il qayıdanda məni hava limanında Elçin qarşılamışdı. Həmin günü heç unutmuram. Zəng edəndə həmişə şikayətlənirdim ki, yataqxana yeməklərini yeyə bilmirəm, amma kökəlmişdim. Qardaşım məni görən kimi zarafatla dedi ki, bacı, bütün gün ağlayırsan yemək yeyə bilmirəm, maşallah gör necə kökəlmisən. Hər il Bakıya qayıdanda Şəhidlər Xiyabanını ziyarət etməyə gedirdim. Qardaşım şəhid olan il yayda məni aeroporta qarşılamağa digər qardaşım Erkin, atam və mamam gəlmişdi. Mama qara paltarda idi, saçında bir qara tük qalmamışdı, gördüm hərə bir cürdür. İlk olaraq soruşdum ki, Elçindən nə xəbər? Heç kimdən səs çıxmadı. Üzümü atama tutdum, atam dedi ki, müharibədədir. Soruşdum bəs mamaya nə olub? Dedi mama xəstədir, ağrıyır. Bütün yolu hamı susqun vəziyyətdə idi. Gəldim evdə gördüm bibilərimin ikisi də qara paltarda oturub, baxıram evdə qırmızı rəngdə süni güllər var. Bilirəm nəsə olub, amma o xəbəri özümə yaxın buraxmaq istəmirəm. Düşündüm bəlkə yaralıdır, komadadır. Axşam yatanda Erkinə dedim sabah Şəhidlər Xiyabanına gedək, dedi ki, bacı, cümə axşamı gedərik, tələsmə hələ. Gördüm onu da qəhər boğdu. Hamı ağlayır, mən də səhərə qədər ağladım. Hamı gözünü məndən qaçırır, heç nə demirdilər. Mamamla mətbəxdə oturmuşduq, o səhnəni unutmuram, kartof soya-soya soruşdu ki, yuxu görmüşdün ha, o nə yuxu idi? Dedim nə olub ki? Dedi elə-belə soruşuram. Atam evdən çıxanda mamaya tapşırıbmış ki, Nərgizə həqiqəti de. Mamam da söhbəti yenə açmadı. Getdim mamamgilin otağına, özümü çarpayıya atdım, gördüm ayağıma sərt bir şey batdı. Yataq örtüyünü qaldıranda üzü aşağı çevrilmiş çərçivədə şəkil gördüm. Qaldırıb baxmağa ürək etmirdim. Baxdım ki, Elçininin çərçivəyə qoyulmuş qırmızı lentli şəklidir...Səsimə mama gəldi, beləcə şəhid olduğunu öyrəndim. Şəhidlər Xiyabanına artıq qardaşımın görüşünə gedirəm, artıq ora bizim hüzur yerimiz oldu... Sonra Ankara Universitetinin İlətişim (Jurnalistika) fakültəsinə qəbul oldum, amma ailəmin vəziyyətinə görə Bakıya birdəfəlik qayıtdım”.
Anası deyir Elçin çox ürəyiyumşaq, ataya-anaya yanan idi: “Şirniyyat bişirəsiydim, üç dəfə mağazaya yolladım, “yox” demədən getdi-gəldi, mətbəxdən baxanda gördüm həyətə düşdü, çağırdım, dedim Elçin, bir də səni buyuranda de getmirəm, özün get. Dedi niyə? Dedim bir də sənə deyəndə getmə. Özümə də pis təsir elədi ki, bir şirniyyat bişirəcəm, düz üç dəfə mağazaya göndərirəm. Evdən uzaqda idi mağaza, heç incimədən gedərdi. Nərgiz 9-cu sinifdən Türkiyəyə oxumağa getdi, saçları uzun idi, aramızda danışdıq ki, orada necə yuyub-qurudacaqsan. O vaxt Türkiyədə onu nələr gözləyirdi bilmirdik, indi Türkiyədəki şərait barədə xəbərdarıq, o vaxt gəliş-gediş az idi, məlumatsız idik. Sumkaları yığmışdıq, gecə saat 1-in yarısı idi. Gördük Elçin durdu geyindi, qapıya tərəf getdi. Soruşdum, bu saatda hara gedirsən? Dedi yarım saata gəlirəm. Bankda müdir müavini idi, o vaxt “komissionnıy” dediyimiz qəzet köşklərinin yerində, o cür mağazalar vardı. Müştərisinin biri o mağazalardan birinin sahibi idi, gecə ilə müştərini evindən çıxarıb mağazanı açdırıb, saç qurutma feni alıb gətirmişdi. Bacısına dedi al, saçını kəsdirmə, orada birdən əziyyət çəkərsən, saçını qurudarsan”.
“Dedi bacı nə qədər mən varam, qoymaram əziyyət çəkəsən”
Nərgiz Qurbanlının sözlərinə görə, illər keçsə də, qardaşının yoxluğunu hər gün hiss edir: “Vl sinifdə oxuyanda məktəbdə bir gün “pasanoşka”m qırıldı. Qardaşım qabağıma gəlmişdi, dedi nə olub, dedim evə necə gedəcəyəm? Düşünmədən məni qucağına alıb evə qədər apardı. Məktəblə evimiz arasında 10 dəqiqəlik məsafə vardı. Hamı bizə baxırdı, elə bərk-bərk qucaqlamışdım onu... Ürək döyüntüləri hələ də qulağımdadır. Evə çatanda “bacı nə qədər ki, mən varam səni qoymaram əziyyət çəkəsən” dedi”.
“Elçin könüllü getmişdi, yuxuda gördüyüm o üzük...”
Səlminaz ana nəvəsi Elçin doğulandan sonra oğlunun şəhidliyi ilə barışdığını söyləyib: “Elçin bəlkə də ilk övladım idi, onu çox istəyirdim, amma Erkinlə Nərgiz heç bu sevgidən qısqınclıq hiss etməzdilər. Nərgizin oğlu İlkin simaca Elçinə bənzəyir, Erkinin oğlu Elçin isə xasiyyətcə ona oxşayıb. Çox istedadlıdır, riyaziyyatı o da sevir. İstəyirdim ki, yuxuma gəlsin, heç gəlməyib. Hərbi xidmətdə olanda bir yuxu görmüşdüm. Gördüm Qərbi Azərbaycana gedirik, yolda avtobus xarab oldu, dayandı, hamımızı yerə düşürürlər. Yerə düşəndə barmağımda yaqut qaşlı üzük vardı, deyirəm ermənilər barmağıma baxırlar, əlimdən alacaqlar. Sağa-sola baxdım, bir qadına deyirəm ki, bu üzüyü sənə verirəm, gizlət, yoxsa erməni əlimdən alacaq, avtobusa minəndə mənə verərsən. Heç kəsi də tanımıram. Avtobus düzəlir, hamımız minirik, baxıram həmin qadın yoxdur. Oyananda dedim xeyir olsun, hamıya yuxumu danışdım. Elçin könüllü getmişdi, o da mənim üzüyümdür götürüb verdim. Oğul qızıl üzükdür...”.