Dünyagöz xəstəxanasının oftalmoloqu, tanınmış türkiyəli retinoloq İrfan Akalın Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İrfan həkim, azərbaycanlılar üçün hansı xarakterik göz xəstəliklərini müşahidə edirsiniz?
- Göz xəstəlikləri bütün dünya ölkələrində var. Təxminən 1 ildir azərbaycanlı qardaşlarımızla bir yerdəyəm, fəaliyyətimi burada davam etdirirəm. Azərbaycanda daha çox diqqətimi çəkən məqam şəkərli diabetlə əlaqədar müşahidə olunan göz xəstəlikləridir. Katarakta (mirvari suyu), qlaukoma (qara su), uşaqlarda göz çəpliklər, genetik göz xəstəlikləri bir çox ölkələrdə yayılıb.
Avropa ölkələrindəki konqres və toplantılarda iştirak edirik, sonuncu dəfə Hollandiyada olmuşam, oxşar xəstəliklər hər yerdə var. Azərbaycanda şəkərli diabet xəstələrinin göz xəstəliklərindən çox ciddi şəkildə əziyyət çəkdiklərini müşahidə edirəm. Diabetlə əlaqədar göz problemləri Türkiyədə də çox rast gəlinmir, Avropada nisbətən daha azdır. Mənim diqqətimi çəkən bu məqamdır.
- Sizcə, bu, nə ilə bağlıdır? İnsanların davamlı şəkildə gözləri müayinəsinə getməməsi ilə əlaqədardır, yoxsa başqa səbəblər də var?
- Bu sual ətrafında düşünürəm. Əlbəttə, bu barədə rəsmi qurumlar məsələyə aydınlıq gətirsə, daha düzgün olar. Fikrimcə, şəkərli xəstələrimiz ya müayinəyə nizamsız şəkildə gedirlər, yaxud ümumiyyətlə getmirlər. Türkiyədə xəstələr daha məlumatlıdırlar. Bilirlər ki, diabet göz, böyrək və ürəyə təsir edən xəstəlikdir.
Şəkərli diabetdən əziyyət çəkən şəxslər bu diaqnoz qoyulduqdan 3-5 ildən sonra mütləq oftalmoloq müayinəsində olurlar. Türkiyədə bir pasiyentə diabet diaqnozu qoyulubsa, daxili xəstəliklər üzrə uzman həkimlər, pediatriya şöbəsinin əməkdaşları, kardioloq, endokrinoloq müalicə yazdıqdan sonra oftalmoloqa da yönəldilir.
Təbii ki, qidalanmanın da təsiri var. Azərbaycanda pasiyentlərimiz şirniyyat, şokolad, xəmir xörəklərinə çox üstünlük verirlər. Düşünürəm ki, bu istiqamətdə səlahiyyətli orqanların insanları maarifləndirmə tədbirlərinə ehtiyac var.
- Dünyada göz xəstəliklərinin bənzər olduğunu vurğuladınız. Bəs coğrafiyanın gözə təsiri varmı? Ayrı-ayrı ölkələrdə tipik göz xəstəlikləri var?
- Bəzi göz xəstəlikləri ölkələrin coğrafi mövqeyinə görə spesifikdir. Məsələn, Norveç, İsveç, Finlandiya kimi Skandinaviya ölkələrində, Rusiyanın bəzi bölgələrində qara su xəstəliyi çox müşahidə olunur. Asiya ölkələrində - Çin, Yaponiya, Koreyada daha çox uzağı aydın görə bilməmək problemi olan miopiya ilə rastlaşırıq. Bu ölkələrdə genetika ilə əlaqədar, xüsusən uşaqlar mənfi işarəli eynəklərdən istifadə edirlər.
Aralıq dənizi ətrafı ölkələrdə, o cümlədən Türkiyədə daha çox qan xəstəliyinə bağlı göz problemləri olur. Ağız və genital bölgələrdə (cinsiyyət orqanlarında) yaralara və göz iltihabına səbəb olan xroniki xəstəlik olan behçet və üveit dediyimiz xəstəliklərlə qarşılaşırıq. Revmatizmal göz xəstəlikləri Türkiyə, Azərbaycanda sıx rast gəlinir.
- Azərbaycanda şəkərli diabetlə əlaqədar göz xəstəliklərinin daha yayğın olduğunu söylədiniz. Diabetli xəstələr gözünü necə qorumalıdır? Profilaktika üçün nələri tövsiyə edirsiniz?
- Şəkərli diabet həyat boyu davam etdiyi üçün davamlı müayinə tövsiyə edirik, amma bəlli yaşdan sonra bu da çətinləşir. Bu səbəbdən ilk növbədə diabetdən əziyyət çəkən pasiyentlər xəstəliyin özünü müalicə etməlidirlər. Qanda şəkərin miqdarını nə qədər sabit saxlamaq mümkündürsə, ona diqqət yetirmək lazımdır. Çox aşağı olması da yaxşı hal deyil, yüksək olması onsuz da ürəkaçan hal deyil.
İkincisi, çoxlu meyvə və tərəvəzdən istifadə etməlidirlər. Bəzən pasiyentlər soruşur ki, bu gün şəkərimi ölçdüm, yaxşıdır, yaxud bir aydır normaldır, bəs gözümdə problemlər niyə hələ də qalır? İzah edirik ki, diabetin 10-20 ildir yüksək olduğu halda üç-beş gün sabit olması gözə ciddi təsir göstərmir. İllər ərzində şəkər gözdəki damarları da korlayır. Ona görə də idman və pəhriz şəkərli xəstələr üçün mütləqdir.
- Hansı orqanın xəstəliyi gözə daha çox təsir göstərir?
- Qeyd etdiyim kimi ilk növbədə şəkərli diabet, eləcə də qan təzyiqi gözə birbaşa təsir göstərən xəstəliklərdir. Bundan başqa beyin xəstəliklərinin təsirini gözdə müşahidə edirik. Beyin şişləri, beyindəki təzyiqin artması gözə təsir göstərir. Gözə eyni zamanda böyrək və ürək xəstəlikləri də sirayət edir.
- Alternativ variantların, məsələn zəfəranın gözə faydası necədir?
- Zaman-zaman bəzi alternativlərdən danışılır. Son illərdə bəzi mütəxəssislər daha çox sarıkökün üzərində dayanırlar. Sarı nöqtə xəstəliklərində qismən faydası var. Zəfəran da gözə yaxşı təsir göstərir. Amma bunlar sübuta yetirilməyib.
Sübut olunan müalicə metodları bütün xəstələrə təsirli olur. Ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərirsə, bu, alternativ tibb hesab olunur. Sarıkök, zəfəranın kiməsə faydası olsa da, hansısa xəstəyə əks təsir göstərə bilər. Bu səbəbdən bu bitkilərdən istifadə müalicə metodu kimi qəbul edilmir. Mənim tövsiyəm ondan ibarətdir ki, pasiyentlərimiz meyvə və tərəvəzdən bol istifadə etsinlər.
- Bəs balıq yağı təsirlidirmi?
- Omeqa-3, omeqa-6 turşuları 15-20 ildir tibbdə istifadə olunur. Təkcə gözlə bağlı deyil, daxili orqanların müalicəsində tövsiyə edilir. İnsan metobolizmi çox mürəkkəbdir. Xəstəlilər orqanizmdə nəyinsə əskikliyindən yaranmır, kimsə “balıq yağı istifadə etdim, düzələcəyəm” düşünürsə, mümkün deyil.
Azərbaycanda da, Türkiyədə də insanlar daha çox ət və toyuq məhsullarına üstünlük verir, balıq da yeyilir, amma çox tükətmirlər. Ona görə də balıq yağını xüsusilə yaşlı nəsil qəbul edir. Yaxşı olardı ki, hər kəs həftədə ən azı bir dəfə balıq yesin.
- Uşaqlarda yayılmış göz xəstəlikləri hansılardır?
- Uşaqlarda ən çox “müsbət” ya “mənfi” zəiflik, astiqmatizm, çəpliklər müşahidə edilir. Uşaqlarda digər yaş qrupları ilə müqayisədə göz problemləri daha azdır. Yaşlı nəsil üçün xarakterik olan göz təzyiqi, torlu qişa xəstəlikləri ilə uşaqlarda nadir hallarda rastlaşırıq. Son illərdə telefon, kompüterlərdən çox istifadə nəticəsində uşaqlarda yaxından görmə olan miopiyaya çox sıx rast gəlinir.
- Astiqmatizmdən necə xilas olmaq olar?
- Astiqmatizm gözün ön qatı olan buynuz qişanın deformasiyası və işığın qeyri-düzgün sındırılması nəticəsində torlu qişada görüntünün qeyri-aydın olmasına gətirib çıxaran görmə qüsurudur.
Astiqmatizm üçün də klassik üç müalicə metodu var. Birincisi, eynək tövsiyə edilir, ikincisi, kontakt linzalardır, üçüncüsü isə buynuz qişanın strukturu imkan verərsə, refraktiv cərrahiyyə ilə astiqmatizmdən xilas olmaq mümkündür.
- İşlə əlaqədar kompüter texnikasından qaçmaq mümkün deyil, sizcə, göz necə qorunmalı, ekranla məsafə nə qədər olmalıdır? Fasilə verilməsi tövsiyə olunur, siz bu haqda nə düşünürsünüz?
- Çox aktual sualdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da insanların işi əsasən birbaşa kompüterlə bağlıdır. İnsanlar gündə 7-8 saat, bəzən daha çox kompüter işığına məruz qalır. Adətən kompüter arxasında çox əyləşənlərə ekranın zərərli işığından qorunmaq üçün nömrəsiz mavi filtirli eynəklər tövsiyə edilir. Əlbəttə, bu, şərt deyil.
Kompüter ekranlarında göz yorğunluğunu azaltmaq üçün işığı tənzimləmək, ekran parlaqlılığını azaltmaq mümkündür. Ekranla məsafə ən azı 40 sm olmalıdır, aradakı məsafə çox olsa, daha yaxşı olar. Hər yarım saatdan bir gözü ekrandan çəkib 5 dəqiqə müddətinə 30-40 metr uzağa baxmağı tövsiyə edirik. Fasilə vermək göz sağlamlığının qorunmasına faydalıdır.
- “Eynəksiz həyat” sloqanı tez-tez işlənir. Hansı hallarda eynəkdən xilas olmaq üçün əməliyyat vacibdir?
- Son texnologiyalar və tibbi irəliləyişlərlə həqiqətən də eynəkdən azad olmaq üçün icra olunan əməliyyatlar daha da asanlaşıb. 10-20 il əvvəl də əməliyyatlar icra edilirdi, amma bəzi xəstələrdə ciddi problemlərə yol açırdı. Son illərdə cihazların təkmilləşdirilməsi sayəsində əməliyyatlar etibarlıdır. Amma hər xəstəyə eynəkdən azad olmaq üçün excimer lazer əməliyyatı da etmək olmaz.
Buynuz qişanın yaxınlığı, dinamikası, göz dibi xəstəlikləri, göz nömrələri bu lazer əməliyyatının icra olunub-olunmamasını müəyyənləşdirən parametrlərdir. Retinasında, gözün təbii quruluşunda hər hansı problem olmayan, buynuz qişanın yaxınlığı uyğun olan, miopiya, astiqmatizmdən əziyyət çəkən xəstələrdə eynəkdən xilas olmaq üçün əməliyyat icra etmək mümkündür.
Bu əməliyyatlar şərt deyil. Xəstə eynəkdən istifadə etmək istəyirsə, əlbəttə, bu da bir çözümdür. Təbii ki, lazer komfortu təmin edir, pasiyent həyatına heç nə olmamış kimi eynəksiz davam edə bilir.
- Bəs eynək asılılıq yaradırmı?
- Xeyr, eynəklər qəti şəkildə asılılıq yaratmır, sadəcə vərdişə çevrilir. Xüsusilə uşaqlarla bağlı valideynlər bu sualla müraciət edilər. Düşünürlər ki, uşaq aşağı yaşdan eynəkdən istifadə edirsə, zamanla göz korlana bilər. Əksinə, gözdə problem olduğu üçün eynək tövsiyə edilir. Eynəklə zəifliklərin aradan qaldırılmasına çalışırıq.
- İşığa qarşı həssaslıq nədən qaynaqlanır?
- İşığa qarşı həssaslığın bir neçə səbəbi var. Birincisi, retina, torlu qişa xəstəlikləri ilə əlaqədar ola bilər. Göz yaşı quruluğu varsa, bundan qaynaqlana bilər. Üçüncüsü, göz rəngi çox açıq, xüsusilə mavi və yaşıl rəngli gözlərdə işıq həssasiyyəti qaçılmazdır.
Nadir hallarda genetik olaraq göz rəngi qəhvəyi olan insanlarda da heç bir xəstəliyi olmadığı halda işığa qarşı həssaslıq ola bilər. İşığa qarşı aşırı həssaslığı olan şəxslər sonradan ciddi problemlərlə üzləşməmək üçün müayinə olunmalıdır.
- Göz rənginin görməyə təsiri var?
- Əslində göz rənginin görməyə təsiri yoxdur, amma işıq həssaslığı olduğu və bəzi göz xəstəliklərə meylləndiyi üçün mavi və yaşıl rəngli gözlərin görmə keyfiyyəti qara və qəhvəyi gözlərə nisbətən aşağıdır. Gen etibarilə qara və qəhvəyi rəngli gözlər daha sağlam olur.