Cari ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Yunanıstanın Afina Vəkillər Kollegiyasının dəvəti ilə Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında iştirak etmək üçün Afina şəhərində rəsmi səfərdə olub.
Vəkillər Kollegiyasından Teleqraf.com-a verilən məlumata görə, səfərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.
İclasda Afina Vəkillər Kollegiyası və Yunanıstan Vəkillər Kollegiyaları Prezidentləri Assambleyasının prezidenti Dimitrios Vervesos, CCBE-nin prezidenti Panagiotis Perakis, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində təşkilatın cari fəaliyyəti ilə əlaqədar bir sıra müzakirələr və CCBE-nin uzunmüddətli strategiyası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Daha sonra CCBE-yə yeni prezident heyəti seçilib. Belə ki, 2024-cü ilin yanvar ayından etibarən təşkilata Pierre-Dominique Schupp (İsveçrə) rəhbərlik edəcək. Vitse-prezidentlər vəzifəsinə isə Thierry Vickers (Fransa), Roman Zavrsek (Sloveniya) və Aleks Tallon (Belçika) seçilib.
Eyni zamanda iclasda Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Marqaret Satterthwaite hakimlərin və vəkillərin müstəqilliyi ilə bağlı hesabatını onlayn formatda təqdim edib.
Qeyd edək ki, tədbir çərçivəsində gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK-nın sədri Anar Bağırovla beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.