"2020-ci il noyabr ayının 3-dən işğaldan azad olunmuş ərazilərdə abidələrin ilkin invertarlaşdırılması işlərinə başlanılıb. Cari dövrə qədər dövlət qeydiyyatında olan 433 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən və dövlət qeydiyyatında olmayan 182 obyektin monitorinqi aparılıb"
Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Mədəni irs” forumunun "Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri" panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, monitorinqlər Şuşada 200, Cəbrayılda 22, Füzulidə 51, Zəngilanda 15, Xocavənddə 46, Qubadlıda 35, Ağdamda 47, Laçında 10, Kəlbəcərdə 3 abidəni əhatə edib.
Onun sözlərinə görə, abidələrin monitorinqi işində istinad olunan rəsmi sənəd 22 il əvvəl təsdiqlənib: "Həmin sənəddəki siyahının yenilənməsinə ehtiyac var".
Qeyd edək ki, "Gülüstan" sarayında ölkəmizdə ilk dəfə keçirilən “Mədəni irs” forumunun ikinci günü keçirilir.
Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Bu gün forumda "Azərbaycanın daşınmaz tarixi -mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri", "Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması", "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelləri üzrə müzakirələr baş tutacaq.