Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Gözbarax kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA SORENTO”” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb və avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cü il təvəllüdlü sürücü Qurbanov Rövşən Əbdulsalam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.