1 Fevral 15:03
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 45 şirkət bu gündən 4 günlük iş rejimini test etməyə başlayıb. Mütəxəssislərin fikrincə, iş gününün azalması ilə faydalı iş əmsalı artır, eləcə də işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir.

Azərbaycanda da bu qərar testdən keçirilə və perspektivdə tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Teleqraf.com-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, bu qərar xüsusən dördüncü sənaye inqilabından bəhrələnmiş bəzi Qərb ölkələrində eksperiment səviyyəsində həyata keçirilir:

“Bu eksperimentləri aparan biznes maraqları yalnız işçilərin istirahət vaxtının genişlənməsi ilə məhdudlaşmır. Burada şirkətin öz gəlirləri də var. Biznesmen işçini beş gün işlədib əldə etdiyi hasilat normasını indi artıqlaması ilə dörd gündə əldə edir. Əvəzində müəssisə tutaq ki, bir gün işləmirsə, enerjiyə və resurslara qənaət etmiş olur. Bu zaman hasilat normasında azalma baş vermir, məhsuldarlıq aşağı düşmür, işçinin əməkhaqqı da olduğu kimi qalır. Beləliklə, hər iki tərəf qazanır.

Amma bunu hər yerdə tətbiq etmək mümkün deyil. Dövlət sektorunda isə ümumiyyətlə mümkünsüzdür.

Azərbaycanda bunun tətbiqi ağlabatan görünmür. Niyə? Çünki işçiləri 8 saat əvəzinə 12 saat işlədirlər. Hətta dövlət sektorunda, bəzi idarələrdə əməkdaşlar iş saatından artıq qalıb işləməli olurlar və əvəzində heç bir ödəniş almırlar. Bunun fonunda Azərbaycanda belə məsələlərdən danışmağın yeri yoxdur.

Amma kimsə istəsə, dövlət yox, özəl sektor belə bir rejimi tətbiq edə bilər. Bunun üçün qanunvericilik məhdudiyyəti yoxdur.

İkinci bir istiqamət dünyada distant məsafədən işin tətbiqdir. Xarici ölkələrdə bəzi biznes sektorları işçilərə ofisdə yer ayırmır. Onlar məsafədən evdən işləyirlər. Bununla yenə biznes qazanmış olur. Bu, müasir tendensiyadır və bu əlbəttə, genişlənəcək”.

Sahib Məmmədovun sözlərinə görə, Azərbaycan və bir çox dünya ölkələri bu cür eksperimentlər apara bilər: “Amma total şəkildə buna hazırlıq kafi deyil. Mahiyyət etibarilə dördgünlük iş həftəsi əməkdaşın sağlamlığı, işin effektivliyi və trafikin azalması baxımından faydalı olar”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər