24 Yanvar 2015 18:27
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının xidmətdə fərqlənən yol polislərinin adları açıqlanıb

Ötən gün “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi, “Digesta” Hüquq Firması və Avtosfer.az saytı 2014-cü ildə “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət”ə həsr edilən konfrans keçirib.

Tədbirdə ölkəmizin paytaxtında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin və şəxsi heyətin ötən il həyata keçirdiyi fəaliyyətə nəzər salınıb, habelə xidmətdə fərqlənmiş əməkdaşlar təltif edilib.

Tədbirdə Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları ilə yanaşı, deputatlar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

“Yol hərəkəti strategiyası hazırlanır”

“Digesta” Hüquq Firmasının rəhbəri Ərşad Hüseynov deyib ki, yol hərəkəti cəmiyyət həyatının ən aktual məsələlərdən biridir: “Yol hərəkəti təhlükəsizliyi sadə iş deyil. Bu, cəmiyyətdə hər bir insandan asılıdır. Bununla bağlı məsələlərə münasibətlər dəyişməlidir. Hazırda yol hərəkəti strategiyası hazırlanır, sənəd başa çatdıqdan və qəbul olunduqdan sonra müəyyən işlər qaydasına düşəcək”.

Ekspert hesab edir ki, Azərbaycan cəmiyyətində yol polisinin fəaliyyəti genişləndirilməlidir: “Ölkəmizdə və paytaxt Bakıda nəqliyyatın sürətlə artığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün yeni tələblər doğurub. Lakin bu işlər müasir dövrün tələblərinə uyğun həyata keçirilərsə, hər kəs üçün faydalı olar”.

“İşinin öhdəsindən gələ bilməyən polislər var”

Daha sonra çıxış edən deputat Rafael Cəbrayılovun sözlərinə görə, Azərbaycanda polis-vətəndaş münasibəti ilə bağlı vəziyyət normaldır: “Azərbaycanda polis tərəfindən vətəndaşın öldürülməsi faktı yoxdur. Bizə demokratiya dərsi keçmək istəyənlər buna diqqət etməlidirlər. Düzdür, bəzi çatışmazlıqlar var, bunu da aradan qaldırmaq lazımdır. Ölkədə polisin fəaliyyəti ideal olmasa da, digər dövlət qurumlarının fəaliyyətinə nisbətən daha düzgün və şəffafdır”.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər təcrübəli polislər var, amma işinin öhdəsindən gələ bilməyənlərin olduğu da qeyd edilməlidir: “Polis-vətəndaş münasibətlərini tənzimləmək üçün maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis üçün də çətin olacaq”.

Digər deputatlar da çıxışlarında polis-vətəndaş münasibətləri ilə bağlı fikirlərini bildiriblər.

DYP-i cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmnlənndirir

Konfransda iştirak edən polis əməkdaşları qeyd ediblər ki, uğurlu fəaliyyətin həyata keçirilməsi üçün şəhər yol polisi idarəsinin rəhbərliyi və şəxsi heyəti xeyli iş görüb. Müasir texniki nailiyyətlərdən istifadə olunması, habelə hər bir əməkdaşın peşəkarlıq səviyyəsinin artırılması hesabına paytaxtın yol polisi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bu gün cəmiyyətdə hər kəs yaxşı dərk edir ki, yollarımızda, küçə və prospektlərimizdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün Dövlət Yol Polisinin xidmətləri əvəzsizdir. Yol polisi əməkdaşlarının cəmiyyətdəki bu istəyi yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir.

Konfransda yol polisinin cəmiyyətimizi nəqliyyatın zərərli təsirlərindən qorumaq üçün üç istiqamətdə fəaliyyət göstərdiyi qeyd edilib: 1.Yol hərəkətinin təşkili; 2.Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi; 3. Yol hərəkəti təhlükəsizliyinə nəzarət.

Mükafatlananların siyahısı

Sonda Bakı Şəhər Yol Polisi İdarəsinin 2014-cü il ərzində xidmətdə fərqlənmiş 14 əməkdaşı xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmin şəxslər bunlardır:
1. Baş leytenant Mərdan Əliyev
2. Mayor İlqar İbrahimov
3. Kapitan Namiq Mustafayev
4. Baş çavuş Rauf Bağıyev
5. Baş çavuş Ruslan Həsənov
6. Baş leytenant Bəbir Rzayev
7. Leytenant Murad Vəliyev
8. Kapitan Natiq Mövlayev
9. Baş çavuş Kəmaləddin Qədimov
10. Baş çavuş İlkin Quliyev
11. Çavuş Ramin Mustafayev
12. Leytenant Süleyman Süleymanov
13. Çavuş Rafiq İsgəndərov
14. Baş çavuş Davud Şərəfxanov.

Həmçinin 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanova yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işindəki xüsusi fəallığa görə diplom mükafata layiq görülüb.

Fəridə Süleymanova vətəndaşları polislərin işinə mane olmamağa çağırıb: “Belə tədbirlər yol polisinin fəaliyyətini cəmiyyətin diqqət mərkəzinə çıxarmağa hər bir əməkdaşı öz xidməti vəzifələrinə daha məsuliyyətlə yanaşmağa həvəsləndirməyə yönəlib. Mən burdan da vətəndaşlara səslənirəm ki, polislərin işinə mane olmayın”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər