Milli qəhrəman Mübariz İbrahimovun məzarı üstündə film çəkilib.
Ramin Eyyubovun yaratdığı "Mubariz-Cingiz" film studiyası tərəfindən ekranlaşdırılan film "Şəhidin məktubları" adlanır.
Film "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin dəstəyilə ərsəyə gəlib. Ekran işinin rejissoru Ramin Eyyubovdur. Gülnarə Sadiqin ssenarisi əsasında çəkilən filmdə bir şəhid balasının ata xiffəti, şəhid xanımının çəkdiyi qürurlu həsrət öz əksini tapır.
Film qısa olsa da, mahiyyəti çox genişdi. Atasının qəbrini ziyarət etməyə gələn balaca məzarlıqda Mübariz İbrahimovun qəbri ilə rastlaşır və onun məzar daşının üzərində yazılmış son məktubunu oxuyur. Anasının ona verdiyi izah əslində Vətənimizin hər zaman qəhrəman oğullar böyüdən anaların duaları ilə nurlandığını göstərir.
Qeyd edək ki, filmdə Zeynəb Aslanova, Şəbnəm Rəhimova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat çəkilib.