Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi” müzakirəyə çıxarılıb.
Teleqraf.com-un xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Qeyd edilib ki, 2023-cü ildə bələdiyyələrlə bağlı araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib, onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Keçən il 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Ümumilikdə 14 607 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Məruzə səsverməyə çıxarılaraq qəbul edilib.