22 Aprel 14:59
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Rusiyanın Sankt-Peterburq şəhərində M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bagli sərəncamına müvafiq olaraq təşkil olunub.

“Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Cinar ” Milli-Mədəni Mərkəzinin sədr muavini Ülviyyə Abbasovanın təşəbbüsü və Rusiya-Azərbaycan mədəni və humanitar əməkdaşlıq mərkəzinin sədri Eldar Əlizadənin birgə səyi nəticəsində baş tutub.

Azərbaycan dövlət himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmaçı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılıb. Tədbirin xüsusi qonağı isə Turkiyədə yaşayan soydaşımız, tarix elmləri namizədi, Cumhuriyyət dönəmini araşdıran və o dövrün dəyərli arxiv materiallarının kolleksiyasına sahib Dilqəm Əhməd olub.

“Cinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqları salamlayaraq, Azərbaycan dövlətçiliyi və ictimai fikir tarixində xüsusi yer tutan M.Ə. Rəsulzadə haqqında danışıb.

Təşkilatçı, filoloq Ülviyyə Abbasova M.Ə. Rəsulzadə ilə bağlı tədbirin təşkil olunmasını ən böyük arzusu olduğunu, Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamağın vacibliyindən danışıb.

“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövzusunda çıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, M.Ə. Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsində şəxsən yardımçı olmuş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarını nümayiş etdirib.

Tədbirdə rusiyali tarixçi alimlər Aleksandr Serqeyevic Puncenkov, Vladimir Viktorovic Mixaylovun da məruzələri diqqət çəkib.

Sankt-Peterburq Dovlət universitetinin müəllimi, soydaşımız türkoloq Şahnaz Kamalın məruzəsi isə “Azərbaycançılıq ideologiyasının qurucusu M.Ə. Rəsulzadə” mövsuzu olub.

Dilqəm Əhmədin çıxışı, təqdim etdiyi arxiv materialları, şəxsi kolleksiyasına aid fotolar isə bütün qonaqların, xüsusilə gənclərin böyük marağına səbəb olub. Çıxışın sonunda çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təşkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.

Bədii hissədə isə “Cinar” Rəqs Ansamblı və "Naz" ansamblı milli rəqslərimizi ifa ediblər. İstedadli gənc soydaşımız, Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov isə səsi ilə hər kəsi valeh edib.

Sonda təşkilatcılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun çıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olən hər kəsə təşəkkur ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər