30 Yanvar 2015 13:08
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 9 ili tamam olur.

Teleqraf.com xəbər verir ki, 2006-cı il yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yeni mərkəzi icra orqanının - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması barədə fərman imzalayıb.

Dövlət başçısının eyni tarixli sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.

Yeni nazirliyin fəaliyyətə başlaması ölkəmizin zəngin mədəni irsinin, rəngarəng incəsənətinin inkişaf etdirilməsinə və təbliğinə, respublikamızın turizm potensialın dünyada daha geniş tanıdılmasına, turizm sektorunun sürətli inkişafına əlavə imkanlar açıb.

Ötən illərdə Azərbaycanın hərtərəfli inkişafı, sosial-iqtisadi tərəqqisi, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərib.

Azərbaycanın beynəlxalq səviyyəli müsabiqə və festivallara, forumlara ev sahibliyi etməsi dünyanın diqqətini ölkəmizin zəngin mədəni irsinə, incəsənət dünyasına, eləcə də gün-gündən yeniləşən mədəniyyət və turizm infrastrukturuna cəlb edib.

Dövlət başçısının məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində 2014-cü il, ölkə həyatının digər sahələri ilə yanaşı, mədəniyyət və turizm sahələrinin də ahəngdar inkişafı ilə müşayiət olunub.

Mədəniyyət və Turizm Nazirliyi ölkə respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər