Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə 31 iyul – 2 avqust 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlarının iştirakı ilə növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) təlimatları əsasında paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində baş tutan taktiki-xüsusi təlimdə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin idarəetmə, koordinasiya, axtarış və xilasetmə, logistika və tibb heyətinin xilasetmə əməliyyatlarında məqsəd və vəzifələri diqqət mərkəzində saxlanılıb, 36 saat müddətində istifadə olunacaq alət və avadanlıqlar, eləcə də şəxsi heyətin qida və su təminatı nəzərə alınıb:
"Taktiki-xüsusi təlim zamanı beynəlxalq axtarış-xilasetmə təlimatlarına uyğun təbii və texnogen hadisələr nəticəsində effektiv koordinasiyanın təmin olunması, ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, qapalı sahədən və hündürlükdən xilasetmə, ilkin tibbi yardım və tibbi təxliyə prosedurları tətbiq edilməklə beynəlxalq humanitar əməliyyatlarda texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına xüsusi diqqət yetirilib. Həmçinin, təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsinin təmini üçün şəxsi heyətin növbəli şəkildə əməliyyat bazasında qurulmuş çadırlarda istirahəti nəzərə alınmaqla əməliyyat bazasında və xilasetmə sahələrində təhlükəsizlik məsələləri diqqətdə saxlanılıb".