"Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq"
Teleqraf.com xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində "Ambisiyanın gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı tədbirdə müzakirələr zamanı deyib.
"Azərbaycan beynəlxalq əməkdaşlığı müxtəlif səviyyələrdə təşviq etməyə çalışır. Bizim bununla bağlı üç əsas öhdəliyimiz var. Bunlar ambisiyaların genişlənməsi, şəffaflığın qorunması kimi məsələlərdir" - Muxtar Babyev deyib.
Nazir həmçinin bildirib ki, COP29 çərçivəsində Bakı bəyannaməsi imzalanacaq: "Biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. Biz öz fəaliyyətimizi genişləndirməliyik. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan verir".
COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaberin sözlərinə görə, “COP sədrlikləri üçlüyü çalışır ki, BƏƏ-də keçirlən COP28 sammitində əldə olunan konsensus bütün iştirakçı ölkələr tərəfindən icra edilsin".
O qeyd edib ki, bu sahədə beynəlxalq əməkdaşlıq önəmlidir:
"Məqsədlərimizə çatmaq üçün yeni enerji mənbələrinə investisiya yatırılmalı, səhiyyə sisteminin gücləndirilməsi, eləcə də göstərilən səylərin hesabatlılıqla müşahidə olunması vacibdir. Fevralda təqdim olunacaq yeni töhfələr həm də Paris Sazişinin müddəalarının icrası istiqamətində irəliləyiş əldə etmək üçün vacibdir. Bizim üzərimizə götürdüyümüz öhdəliklər qarşılıqlı əməkdaşlıq şəraitində yerinə yetirilməlidir".
"Biz təqdim etdiyimiz həllərlə yerli icmaların fikirləri üst-üstə düşməlidir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.
“Biz bütün səsləri dinləməli və bütün insanları bu prosesə cəlb etməliyik. İstəyirik ki, həll tapaq və sürətli şəkildə iqlim dəyişikliyi problemində irəliləyişə nail olaq”.
“Gələcək nəsillər iqlim dəyişikliyi ilə mübarizənin çətin olması bəhanəsini qəbul etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra deyib.
O qeyd edib ki, burada yaxşı, ya pis seçimimiz yoxdur:
"Bizim artıq 2035-ci ilə qədər məqsədlərimiz var. 2050-ci ilə qədər xalis 0 məqsədinə nail olmalıyıq. Gördüyümüz işlərin elmi əsasları olmalıdır. Aİ olaraq biz başqa ölkələrdə də iqlim sahəsində elmi araşdırmaların aparılmasına dəstək oluruq. Elm hər şeyin əsasıdır. Bir sıra layihələr var. Burada mütəxəssislər və peşəkarlar iştirak edir. Biz prosesləri sürətləndirməliyik. İqlim dəyişikliyinin həm Yer kürəsinə təsirini, həm də ölkələrin nə etməli olduğunu bilməliyik. Biz iqlim dəyişikliyinin təsirini qiymətləndirməliyik. 3 ay ərzində sorğular keçirmişik. Sorğu nəticəsi göstərir ki, daha cəsarətli addımlara ehtiyac var. Biz 90% hədəfləri 2040-cı ilə qədər çatdırmaq istəyirik. Aİ ilə digər ölkələrin əməkdaşlığı ilə məqsədləri reallığa çevirməliyik”.
"Bir məsələni qeyd edim ki, hazırda BMT Baş Assambleyası və Nyu-York İqlim Həftəsi çərçivəsində şahid olduq ki, çətin durumdayıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri Brazilya xarici işlər nazirinin iqlim, enerji və ətraf mühit məsələləri üzrə müavini André Correa do Laqo oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində "Ambisiyanın gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı tədbirdə müzakirələr zamanı deyib.
"Ciddi parçalanma və pərakəndəlik var. Lakin gələcək üçün addım atmalıyıq. Bundan ruhlanıb, cəsarət tapmalıyıq. Təəssüf ki, bir çoxları düşünür ki, çoxtərəflilik nəticə verməyəcək. Lakin bu çətin kontekstdə çalışmalıyıq ki, birlik olsun. Çalışmalıyıq ki, nailiyyətlərə imza ataq. Böyük 20-likdə Braziliya təmsil olunur. Çoxtərəfliliyin legitimliyinə Braziliya inanır və bunu davamlı olaraq vurğulayır. Nyu-Yorkda Böyük 20-liyin XİN rəhbərlərinin iclası keçirilib, çoxtərəfliliyi təşviq etmişik. Braziliya və hamımızın gördüyü işlərin hər biri çoxtərəfliliyi inkişaf etdirməlidir”, - o qeyd edib.
“Biz bütün tərəflərlə işləməliyik. Bir çox hallarda maraqlı tərəf olmayan iştirakçılar da prosesə yön verirlər. İqlim dəyişikliyi probleminin həllində maraqlı olmayan tərəflər də səfərbər olmalıdır, investisiya cəlb etməlidirlər".
Teleqraf.com xəbər verir ki, bu sözləri COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, bu prosesdə vətəndaş cəmiyyəti, yerli icmalar da töhfə verə bilər:
"Milli iqlim dəyişikliyi planları bütün insanları səlahiyyətləndirə bilər. İqlim dəyişikliyi cari təhdiddir. Artıq bu insanların həyatına təsir edir. Bu gələcək təhdid olmaqdan çıxıb. Biz vətəndaş cəmiyyəti, özəl sektorla işləyirik. Özəl sektor tranzit keçidi öz strategiyalarında görürlər. Biz özəl sektoru COP29-a yaxından cəlb etmək istəyirik. COP-29 CEO-ların bir araya gəlməsini istəyirik. İqlim maliyyəsi, özəl sektorun kapitalı olmasa, biz nəticələrə nail ola bilmərik. Kiçik və orta sahibkarlar hazırda çox geri qalır. Onlar 90% əmək bazarını təmin edir. Onlar keçidə adaptasiya olmalıdır. Təxminən 66% kiçik və orta sahibkarlar bildirir ki, onlara heç vaxt keçidlə bağlı sual verilməyib. Onlar bu prosesdən kənardadırlar. Biz onları prosesə cəlb etməliyik, onların maliyyəyə əlçatanlığının artırılmasına ehtiyac var. Bunu COP29 çərçivəsində edəcəyik. Biz bütün
cəmiyyətin bu prosesdə iştirakını gözləyirik, maraqlı olmayan tərəfləri də dinləməyə hazırıq”.