Tədqiqatçı Dilqəm Əhməd feysbuk hesabında Milli Arxiv İdarəsinə etiraz etdiyini yazıb. O statusunda belə qeyd edib: “Milli Arxiv İdarəsində bir fotonun skan surəti 5 manat olub. Yayda 50 qəpik idi. Buna etiraz edirəm. Belə şey olarmı. Bunu hansı qurum, hansı əsasla təyin edir? Bu, tədqiqatçılara "işləməyin" deməkdir”.
Teleqraf.com məsələyə münasibət öyrənmək üçün Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminovla əlaqə saxlayıb.
O bildirib ki, ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləğinin təyin edilməsi haqqında Nazirlər Kabinetinin müfaviq qərarı var: “Xidmət haqqının miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 251 nömrəli qərarı ilə təsdiq edilib. Qərar Milli Arxiv İdarəsinin saytında var. Tədqiqatçılar, arxiv xidmətindən istifadə etmək istəyən hər kəs tanış ola bilər. Həmin qərarda hər bir arxiv xidmətinin qiyməti göstərilir. Həmçinin sənədlərin sürətinin çıxarılması, arxiv sənədlərindən istifadə ilə bağlı xidmətlər qeyd edilib. Həmin xidmətlərin hər birinin qiyməti qeyd etdiyim qərarda göstərildiyi şəkildə icra edilir.
Milli Arxiv İdarəsi öz vebsaytı vasitəsi ilə 2024-cu ilin yanvarın 1-dən artıq ödənişli xidmətləri tətbiqi ilə bağlı xəbərləri dərc edib. Həm tətqiqatçılarımız, həm arxiv xidmətindən istifadə edən istifadəçilərimiz məlumatlandırılıb.
Dilqəm Əhməd bizim arxiv idarəmizdə birinci dəfə deyil ki, çalışır. O çox gözəl bilməlidir ki, hər bir tətqiqatçı arxivə daxil olarkən, arxiv sənədlərindən istifadə edərkən müvafiq şəkildə anket doldurur. Həmin anketdə dövlət arxiv xidməti təşkilatlarının oxu zallarında sənədlərdən istifadə qaydası ilə tanış olur”.
Şöbə müdirinin sözlərinə görə, bu qayda ilə tanış olmadan hansısa tətqiqatçı oxu zallarında sənədlərdən istifadəyə buraxılmır: “Həmin o qaydalar da ictiamiyyətə açıqdır. Ödənişli xidmətlərin tətbiq edilmədiyi günə qədər, Milli Arxiv İdarəsi olaraq, həmçinin idarənin tabeliyində olan dövlət arxiv xidməti təşkilatları tədqiqatçılarımıza hər cür şəraiti yaradıb. Qəbuledilməz haldır ki, indiyə qədər Milli Arxiv İdarəsinin yaratdığı şəraitdən yaralanan tətqiqatçılarımız indiki halda ödənişli xidmətlərin təşkili ilə bağlı olan qaydalara görə keçmiş xidmətləri çox tezliklə unudurlar”.