Avropa İttifaqı (Aİ) Türkiyənin bu quruma üzvlüyü ilə bağlı yanaşmasını dəyişməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “France 24” telekanalına deyib.
“Türkiyə 2007-2008-ci ildə Avropa İttifaqına üzv olmalıydı, çünki o zaman qızıl dövr idi. Türkiyəyə bu aydın yol xəritəsi verildiyi zaman Aİ islahatları yoldaydı və başqa heç bir beynəlxalq aktor Türkiyəni təhdid etmirdi. Çünki Türkiyəyə Aİ-nin nə qədər yaxşı münasibət göstərdiyini və uyğunlaşmaya əsaslanan prosesin yolunda getdiyini bilirdilər, amma sonradan Türkiyənin üzvlük məsələsi Avropa siyasətində kimlik siyasəti müzakirələrinin bir parçası oldu”, - nazir bildirib.
Türkiyənin baş diplomatı bunun dəyişdirilməli olduğunu vurğulayıb.
Fidan ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı başqa bir məqama da diqqət çəkib: “Bizim dəyərləndirməmiz budur ki, Türkiyə və Avropa, xüsusilə Türkiyə və Fransa Sarkozidən əvvəlki xəttə qayıtmalıdır. Buna görə də uyğunlaşmaya əsaslanan üzvlük yolu açılmalıdır. Türkiyə bölgədə daha təsirli bir güc yaratmaq üçün Avropa ilə birləşməlidir”.
Xaici işlər naziri qeyd edib ki, Avropanın iki böyük ölkəsi Almaniya və Fransanın siyasi liderləri Türkiyənin Aİ-yə üzvlüyünü strateji addım kimi görürlər.
Avropanın təhlükəsizliyini gücləndirmək üçün iki yanaşmanın olduğunu söyləyən Fidan bunlardan birincisinin Avropanın Türkiyəni də daxil etməklə geostrateji mövqe sərgiləyərək öz bölgəsində ağırlıq mərkəzi yaratması, beləliklə beynəlxalq xaos və geosiyasi risklərə qarşı daha müqavimətli olduğunu bildirib.
Hakan Fidan əlavə edib ki, ikinci yanaşma Avropanın öz təhlükəsizliyi üçün digər aktorlardan asılı qalmasıdır.
Aİ Komissiyasının sədri Ursula fon der Leyenin Ankaraya səfərinə toxunan Fidan Türkiyə ilə bu qurum arasında yüksək səviyyəli siyasi dialoqun başlaması ilə bağlı bunları söyləyib:
“Aldığımız təəssürat ondan ibarətdir ki, o, belə bir fürsətə malik olmaq istəyir. Cənab prezidentimiz bu istiqamətdə addım atmağa razıdır”.