12 Mart 2015 12:07
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özəl pensiya fondlarının dövlət pensiya fondundan bir sıra üstünlükləri olacaq. Ən əsası isə vətəndaş özəl fonddan daha çox pensiya alacaq”.

Teleqraf.com-un məlumatına görə, bunu almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən brifinq-təqdimatda deyib.

Ekspert qeyd edib ki, mövcud sistemi saxlayıb ona bir neçə element əlavə olunacaq:
“Hesab edirik ki, bu yeni sistem həm Azərbaycan üçün, həm də onun vətəndaşları üçün faydalı olacaq. Bu, tam olaraq köklü sistem dəyişməsi deyil, sadəcə mövcud sistemin təkmilləşdirilməsidir. Sığorta haqları həm işçi, həm də işəgötürən tərəfindən təmin edilməlidir. Bu zaman vətəndaş daha çox pensiya almaq imkanına sahib olacaq”.

Qeyd edək ki, artıq könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır. Hazırda DSMF özəl pensiya fondlarının formalaşdırılması, sığorta-pensiya sistemində yığım komponentlərinin tətbiqi, özəl pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı müzakirələrini davam etdirir. DSMF ilə Avropa İttifaqının birgə həyata keçirdiyi layihə bu ilin noyabr ayına qədər başa çatacaq.

Naibə QURBANOVA


Müəllif: