7 Aprel 2015 14:47
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin bir sıra nüfuzlu media qurumlarının nümayəndələri aprelin 2-dən 5-ə qədər davam edın Bakı səfəri başa çatdı. Qardaş ölkənin aparıcı media təmsilçilərinin ölkəmizə işgüzar səfəri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri Cavanşır Feyziyevin dəvəti ilə baş tutmuşdur. Nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş Türkiyə Qəzetçilər Federasiyasını təmsil edən Yılmaz Karaca, Mehmet Əli Bim, Hüriyyət, CNN Türk, DHA-nı təmsil edən Aynur Özgür Tattersall, TRT-1 kanalının təmsilçisi Meral Altınışık, NTV-nin təmsilçisi Sibel Atasoy, ATV-nin təsilçiləri Levent Eke və Taşkın Ural, FOX TV-nin əməkdaşı Temel Tacal, Kanal A-nın təmsilçisi Nilgun Ege Karaçuha, Rotahaber saytının sahibi Ünal Tanık, Sabah qəzetinin təmsilçisi Osman Altınışık, Posta qəzetinin əməkdaşı Necmi Işıksal, Anadolu Agentliyinin əməkdaşı Gürsel Eser və digər media qurumlarının nümayəndələri səfər müddətində mühüm görüşlər keçiriblər.

Qonaqların səfəri Fəxri Xiyabanı ziyarət etməklə başladı. Ulu öndər Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyuldu. Daha sonra türkiyəli jurnalistlər Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Qonaqlara Həsən bəy və onun ərsəyə gətirdiyi “Əkinçi” qəzeti barədə geniş məlumat verilib. Türkiyəli jurnalistlər Həsən bəy Zərdabi və onun yaradıcısı olduğu qəzet barədə ölkələrində geniş məlumatın olmadığını qeyd ediblər.

Şəhidlər Xiyabanını ziyarət edən türkiyəli qonaqlar burada uyuyan 20 Yanvar şəhidlərinin məzarları üzərinə də gül dəstələri qoyublar. Daha sonra Türk Şəhidliyində olan jurnalistlər ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsindən gəlib Bakını erməni daşnakları və rus bolşeviklərindən azad edən və bu yolda şəhid olan soydaşlarımızın xatirəsini yad ediblər.

Diqqət çəkən məqamlardan biri də odur ki, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edən qonaqlar arasında 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın qardaşı nəvəsi, o zaman Nuru Paşanı Azərbaycana göndərən hərbi nazir Ənvər Paşanım nəvəsi Osman Mayatepek də var idi.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də Ziyarət mərasimində türkiyəli həmkarlarını müşaiyət etmişlər.


Səfərin ilk günü Türkiyənin media mənsublarını Azərbaycan Prezidentinin ictimai-siyası məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov qəbul edib. Görüşdə Azərbaycan tərəfindən Milli Məclisin deputatı, Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri Cavanşir Feyziyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.

Cənab Əli Həsənov ölkəmizdə dövlət səviyyəsində .aparılan media siyasətindən danışıb. Prezidentin köməkçisi Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik xəttinin həlqələrindən birinin də medıa əməkdaşlığına söykəndiyini qeyd edib. O, hər iki ölkə medıasının türk dünyasının ortaq problemlərinin dünya birliyinə çatdırılmasındakı rolundan danışıraq bu fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Qarabağ məsələsinin həlli ilə əlaqədar danışıqların son durumu barədə məlumat verən Əli Həsənov qeyd edib ki, bununla əlaqədar Türkiyənin mövqeyini yüksək qiymətləndirir. Torpaqlarımızın azad edilməsi üçün ilk növbədə sülh variantından, bu mümkün olmadığı halda isə bütün digər vasitələrdən istifadə ediləcəyi ilə bağlı ölkəmizin prezidenti İlham Əliyevin prinsipal mövqeyini diqqətə çartdıran Əli Həsənov qonaqların sualarını cavablandırıb.

Səfərin ilk günü Türkiyəli jurnalistlərin yüksək səviyyəli görüşləri davam edib və daha sonra qonaqlar Milli Məclisin sədr müavini Bahar Muradova tərəfindən qəbul edilib. Milli Məclisin sədri Oqtay Əsədovun adından qonaqları salamlayan vitse-spiker qeyd edib ki, azərbaycanlılarla türklər arasında görüş hər zaman böyük ruh yüksəkliyi yaradır.

Bahar Muradova bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış, milli, dini ənənələrə, tarixi birliyə söykənən və dünyanın heç bir bölgəsində rast gəlinməyən unikal münasibətlərdir:

“Ona görə də biz belə səfərlərin dah mütəmadi və sistemli hal almasını bu günkü qarışıq dünyada çox vacib hesab edirik. Bu cür siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimizi və uğurlarımızı vahid gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir.”

Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var və ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir. Onun sözlərinə görə, bu gün dünyada çox ağır bir durum yaranıb: “Bütün dünya ölkələri və xalqlarını müxtəlif təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür. Hesab edirəm ki, regionun ən güclü və tanınmış bir ölkəsi kimi Türkiyə, eləcə də Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan bu hədəflərə doğru birgə irəliləməkdə medianın gücünü düzgün müəyyənləşdirəcək”.

Bahar Muradova türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: “Dağlıq Qarabağ və qondarma erməni soyqırımı məsələləri ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramının müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır”.

O, jurnalistlərin diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa da cəhdlər edilir: “Bu gün idman bir sıra dairələrin əlində ölkələri, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün də media öz mövqeyini ortaya qoymalıdır”.

Bahar Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinin səmərəli fəaliyyətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb.

Türkiyə Qəzetcilər Federasiyasının rəhbəri Yılmaz Karaca isə çıxışında qonaqpərvərliyə görə Bahar Muradovaya təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: “Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Hər il türk dünyasının fərqli şəhərlərində bu konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimizi də sizə təqdim edirəm”.

Görüşün sonunda Bahar Muradova türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb.

Görüşdə Milli Məclisin komitə sədri, Azərbaycan -Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov, deputatlardan Cavanşir Feysizyev, Çingiz Əsədullayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak edib.


Bundan sonra Birinci Avropa Oyunları ilə bağlı yeni inşa edilmiş idman kompleksləri ilə tanışlıq olub. İlk belə görüş Azərbaycan Gimnastika Federasiyasında baş tutub. Milli Gimnastika arenasında türkiyəli jurnalistləri qarşılayan Federasiyanın baş katibi Fərid Qayibov öncə qonaqlara Federasiyanın tarixi haqqında bilgi verib, Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixinin ötən əsrin 40-ci illərinə təsadüf etdiyini deyib. Bu idman növünün Azərbaycanda inkişafının ölkənin Birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu Federasiyaya rəhbər seçildikdən sonrakı zamana təsadüf etdiyini qonaqların diqqətinə çatdırıb: “2002-ci ilin 7 oktyabr tarixində bədii gimnastika, akrobatika və tamblinq Mehriban xanım Əliyevanın prezidenti olduğu federasiyada birləşdi.

Federasiya 2013-cü ildən qadın idman gimnastikasını, 2014-cü ildən isə batut və aerobika gimnastikasını inkişaf etdirməyə başladı.

Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibində altı idman növü mövcuddur”.

Jurnalistlər gimnastika məşqlərini izləyiblər.

Türkiyəli jurnalistlər idmançılara belə hərtərəfli şəraitin hətta öz ölkələrində yaradılmadığını etiraf ediblər. Daha sonra qonaqlar Bakı Olimpia Stadionunda olublar. Daha bir neçə idman qurğusunda olan Türkiyəli jurnalistlər Birinci Avropa oyunları ilə bağlı Bakıda görülən işlərdən heyrətlərini gizlətməyiblər.


Səfərin 2-ci günü, aprelin 4-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov da Türkiyəli jurnalistlərlə görüşüb.

Ə.Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsi, bu problemin səbəb və nəticələri, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında qonaqlara ətraflı məlumat verib, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrindən danışıb.

Baş nazirin müavini bildirib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir: "Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Emənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu sənədlər hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır, davam edən danışıqlar prosesi indiyədək heç bir nəticə verməyib. Beynəlxalq aləmdə baş verən bütün problemlərin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir."

Nümayəndə heyətinin adından çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının Sədri Yılmaz Karaca belə görüşlərin sayının artırılmasının əhəmiyyətini qeyd edib, bunun iki ölkənin bir-biri haqqında daha çox informasiya əldə etməsinə və yaymasına imkan yaratdığını bildirib. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmağı üçün birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayıb. Görüşdə Türkiyə Qəzetçilər Federasiyasının fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında da geniş məlumat verilib.

Səfər çərçivəsində Böyük İpək Yolu Gənclər İttifaqının təşkilatçılığı, “İrəli” İctimai Birliyi və ADA Universitetinin dəstəyi ilə ADA Universitetində “Azərbaycan-Türkiyə əlaqələrində tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf perspektivlərində medianın aparıcı rolu” mövzusunda "dəyirmi masa" keçirilib. Çıxışına ümummilli lider Heydər Əliyevin “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır” sözləri ilə başlayan Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə mühüm diqqət yetirir.

Millət vəkili Fuad Muradov tarixin bütün dövrlərində Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürkün, 1918-ci ildə Azərbaycanı erməni-daşnak qüvvələrindən təmizləyən Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda, bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq. O, bir müddət sonra 100 illik yubileyi qeyd olunacaq Çanaqala zəfərinə də toxunub və deyib ki, Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşdan çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq bu tədbirin məhz universitetdə keçirlməsinə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Türkiyə Qəzetçilər Federasiyasının sədri Yılmaz Karaca, Mehmet Ali Dim çıxış edərək bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin geniş tarixi var. İki ölkə daimi olaraq müxtəlif sahələrdə əməkdaşlıq edir. Mədəniyyətlərarası inteqrasiya ilə yanaşı dövlətlərarası bir çox müqavilələr imzalanıb. Bütün bunlar göstərir ki, Azərbaycana Türkiyədən, Türkiyəyə Azərbaycandan əziz ikinci bir ölkə yoxdur.

Millət vəkili Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl əsasında qurulur. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.

Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bütün sahələrdə bir-birini dəstəkləyib və bu birlik bundan sonra davam edəcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu inkişaf üçün isə media əsas rol oynamalı, Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatdırılmalıdır. Eyni zamanda, hər iki ölkə ilə bağlı ikili standartlar əsaslı yanaşmalara, qərəzli mövqelərə qarşı birgə mübarizə aparılmalıdır.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı zaman-zaman Türkiyə mediasında Azərbaycanla bağlı yanlış məlumatların yer aldığını xatırladaraq türkiyəli jurnalistlərin bu səfərindən sonar müsbət yöndə dəyişiklik olacağına ümid etdiyini deyib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Türkiyə ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının qarşılıqlı əlaqələrindən danışıb.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Dünya Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı da çıxış ediblər.

Bakıda səfərdə olan türkiyəli jurnalistlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüşüblər. Görüş zamanı icma sədri Bayram Səfərov, eləcə də icmanın idarə heyətinin üzvləri, millət vəkilləri Rövşən Rzayev, Elman Məmmədov, Xocavəndin İcra hakimiyyəti başçısı Eyvaz Hüseynov türkiyəli media nümayəndələrinin suallarını cavablandırıb.

Bayram Səfərov Qarabağ probleminin Azərbaycanın ən ağrılı məsələsi olduğundan, işğal prosesinin hələ də davam etdiyindən danışıb: “Hazırda işğal altında olan Qarabağ ərazisində heç 50 minə yaxın erməni yaşamır. Lakin Qarabağın Azərbaycanlı İcması ermənilərdən say etibarı ilə çoxdur. Müharibədən sonra köçkünlərimiz bütün respublika boyunca səpələnmişdilər, çadırlarda yaşayırdılar. Artıq heç bir çadır şəhərçiyi mövcud deyil. Azərbaycan rəhbərliyi onların ağır şəraitini yaxşılaşdırmağa çalışır. Biz bu gün düşünürük ki, 1 milyon insanın haqlarını necə və hansı şəkildə dünya ictimaiyyətinə çatdıraq. Bunun üçün bütün Türkiyə mediası ilə birgə işləməli və vətəndaşlarımızın haqq səsini dünya mediasına düzgün şəkildə çatdırmalıyıq. Mən ümid edirəm ki, biz hamımız düşmən işğalından azad edilən Şuşada toplaşacaq və bunu qeyd edəcəyik. Mənim bu gün hər şeyim var, lakin ata-anamın qəbrini ziyarət etməkdən məhrumam. Bundan ağrılı, acılı bir şey ola bilməz. Demək ki, heç nəyim yoxdur”.

Görüşün aprelin 4-ə salındığını təsadüf hesab etməyən Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin məhz 1992-ci ilin aprelin 4-də, Kəlbəcərin işğalından 2 gün sonra bağlanıldığını diqqətə çatdırıb.

Deputat Rövşən Rzayev deyib ki, hazırda işğalçı Ermənistan Qarabağda qeyri-qanuni cinayətkar bir oyuncaq rejim formalaşdırıb: “Biz müharibəni diplomatik çərçivədə həll etmək, torpaqlarımızı azad etmək istəyirik. Lakin bu proses istənilən səviyyədə davam etməsə, təbii ki, biz torpaqlarımızı antiterror əməliyyatları ilə azad edə bilərik”.

Görüşdə iştirak edən Ənvər paşanın nəvəsi Osman Mayatepek Qarabağ arğrısının ümumtürk dünyasının ağrısı olduğunu vurğulayıb:

“Qarabağ dərdi çox həssas bir ağrıdır. Vaxtilə ermənilər yalnız Qarabağda deyil, bütün Azərbaycanda işğala başlamışdılar. Ötən əsrin əvvəlində 8 cəbhədə döyüşən Osmanlı ordusu qardaş Azərbaycanı qurtarmaq üçün Qafqaz İslam Ordusunu yaradaraq, buraya göndərdi. Çox çətinliklər içərisində olsa belə, qardaş Azərbaycan erməni-daşnak işğalından qurtarıldı. Bu gün də eyni yardımı, qardaş əlimizi uzatmağa hazırıq”.

Qonaqların yaddaqalan daha bir görüşləri Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində baş tutdu. Burada Türkiyəli jurnalitləri Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Saymon Kleq qarşılayıb. Jurnalistlər verdikləri bütün suallara cavab alıblar.

Bundan sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan jurnalistlər dünyanın heç bi ölkəsində belə möhtəşəm bir bina görmədiklərini dilə gətiriblər.

Aprelin 5-də , səfərin son günü ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin səfərinin başa çatması münasibətilə MŞ tərəfindən qonaqların şərəfinə ziyafət təşkil olunub. Bu münasibətlə düzənlənmiş mərasimi Şura sədri Əflatun Amaşov açaraq bildirib ki, media sahəsindəki əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində önəmli yeri tutur. Hər iki ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərləri artıq ənənə halını alıb. Bu səfərlər nəticəsində xalqlarımız bir-birinə daha da yaxınlaşıb. Çünki media birləşdirici faktor rolunu oynayır. “Düşünürəm ki, bu səfər nəticəsində türkiyəli həmkarlarmızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq”, - deyən MŞ sədri səfər çərçivəsində keçirilmiş görüşlərdən də söz açıb.

Azərbaycan Respublikasnın Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü və qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mühüm tribuna kimi dəyərləndirib.

O, eyni zamanda diqqəti Türkiyə kütləvi informasiya vasitələrində zaman-zaman yer almış bəzi neqativ meyllərə çəkib və bildirib ki, belə xoşagəlməz halların aradan qaldırılması üçün qardaş ölkə ictimaiyyətinə Azərbaycanla bağlı daha çox bilgi verilməsi zəruridir. C.Feyziyev bu baxımdan Azərbaycanda səfərdə olan jurnalistlərin qələmə alacaqları materialların mühüm əhəmiyyət daşıyacağına inandığını vurğulayıb.

Çıxış edənlərdən Türkiyə Gəzeteçiler Federasiyasının təmsilçiləri Mehmet Ali Dim, Yılmaz Karaca, İbrahim Erdoğan və başqaları Azərbaycana səfərin məhsuldar keçdiyini bildirərək, ölkəmizin yüksək inkişafından məmnunluqlarını dilə gətiriblər.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı öz çıxışlarında media sahəsindəki əməkdaşlığın müxtəlif aspektlərindən söz açıblar.

Görüşdə Türkiyənin media nümayəndələrinə Azərbaycan Mətbuat Şurasının Fəxri diplomları təqdim edilib.

Həmçinin qardaş ölkədən olan qonaqlara səfər təəssüratlarını əks etdirən foto və video görüntülər, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları “erməni soyqırımı”nın qondarma mahiyyətini isbatlayan faktik materiallar təqdim olunub.

Qeyd edək ki, Türkiyədən təşrif buyurmuş nümayəndə heyətinin tərkibində böyük dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepek də olub. O.Mayatepek Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsindəki xidmətlərinə görə təltif edilib.

Onu da deyək ki, Türkiyənin media nümayəndələrinin ölkəmizə səfəri MŞ-nin beynəlxalq münasibətlər komissiyasının xəttilə gerçəkləşdirilib. Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərmək, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan irimiqyaslı işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən, Türkiyə mediasında Azərbaycanla bağlı bəzən yer alan yanlış məlumatların aradan qaldırılmasından ibarət olub.


Ziyafətdə yekun nitqi söyləyən millət vəkili Cavanşir Feyziyev belə görüşlərin davamlı olacağını bildirərək Türkiyəli jurnalistlərdən Qarabağ mövzusunda həssas, obyektiv yanaşma gözlədiyini dilə gətirib.

Bununla da Türkiyənin medıa təmsilçilərinin Azərbaycana səfəri başa çatıb. Səfərin Təşkilat Komitəsinin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bütün görüşlərdə qonaqları müşaiyət edib.


Müəllif:

Oxşar xəbərlər