Hindistanın Elm və Texnologiya Mərkəzinin (NAM S&T) AMEA Elmi İnnovasiyalar Mərkəzinə (EİM) məktubu daxil olub. Məktubda alimlərin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunmuş müsabiqəyə Azərbaycan alimlərinin iştirak etməsi təklif olunur.
NAM S&T təşşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı Hindistan Hökumətinin Elm və Texnologiya Nazirliyinin Elm və Texnologiya Departamenti (DST) tərəfindən maliyyələşdirilir. 50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulmuş bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcəkdir. Yaş məhdudiyyəti 40 yaşa kimi göstərilmiş bu müsabiqədə aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak edənlərə göstəriləcək tam maliyyə dəstəyinə ikitərəfli beynəlxalq hava nəqliyyatı xərcləri, yaşayış, yemək və digər xərclər daxil olmaqla ayda $ 560 təqaüd, tədqiqatlar üçün, ölkədaxili səyahət zamanı hava limanından transfer, elmi-tədqiqat institutlarına səfər, elmi tədbirlərdə iştirak etmək, Hindistanın daxilində bölgələrə səyahət xərcləri də daxil olmaqla $ 480 birdəfəlik qrant daxildir.
EİM-dən Teleqraf.com-a verilən məlumata görə, iştirakçının ərizəsi online təqdim olunmalıdır. Ərizə formasının son təqdim etmə tarixi 15 iyun 2015-ci ildir. Tam məlumatı bizim http://innovasiya.az/ saytının Azərbaycan və ingilis versiyasından əldə etmək mümkündür.
SEVİL