7 May 2015 22:37
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçmaq istəyənlərin arzusunu reallaşdırdı. Belə ki, mayın 6-da Azərbaycan Hava Yollarına məxsus müasir tipli, üzərində “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu olan “Airbus-319” təyyarəsi Berlinin əsas hava limanı Teqelə ilk uçuş həyata keçirib. Bundan sonra həftədə iki dəfə AZAL-ın təyyarəsi bu hava limanına enəcək və Berlindən Azərbaycana uçmaq istəyənlər birbaşa reysdən faydalanacaqlar.

AZƏRTAC xəbər verir ki, ilk reysin ilk sərnişinlərini qarşılamaq üçün Almaniyanın hava limanına xeyli qonaq gəlmişdi, ciddi hazırlıq işləri görülmüşdü. Tegel Hava Limanının binasında keçirilən qarşılanma mərasimində çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, AZAL-ın Avropanın aparıcı ölkələrindən birinin paytaxtına birbaşa uçuşları təşkil etməsi təqdirəlayiq haldır. Bu yeni reys ölkələrin qarşılıqlı əlaqələrinin inkişafında mühüm rol oynayacaq, yeni münasibətlərin yaranmasına təkan verəcək.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da bu günün tarixi bir gün olduğunu deyib və iki paytaxt arasında birbaşa uçuşların həyata keçirilməsinin vaxtının çoxdan yetişdiyini qeyd edib.

Tədbirdə Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində yüzdən artıq alman investisiyalı şirkət fəaliyyət göstərir. Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan-Almaniya əməkdaşlığının daha da inkişafında faydalı olacağı diqqətə çatdırılıb.

Bundestaqın deputatı, xanım Katin Ştrens, Alman-Azərbaycan Forumunun rəhbəri, sabiq dövlət katibi Hans-Eberhard Şlayerd də çıxışlarında birbaşa reyslərin açılmasını mühüm və faydalı olduğunu qeyd ediblər. Sonra təyyarənin qarşısında rəmzi lent kəsilib.

Berlin Hava Limanının baş meneceri Andreas Ley də birbaşa uçuşların olmasını təqdir eləyib və Azərbaycan təyyarəsini məmnuniyyətlə qəbul eləməyə hazır olduqlarını bildirib.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli isə vurğulayıb ki, Almaniyanın paytaxtı Berlin şəhəri yüksək yaşayış tempinə malik olan, keçmişin müasir dövrlə ahəngdar şəkildə uzlaşdığı iri Avropa meqapolisidir. Berlinə birbaşa reyslər açan “AZAL” Azərbaycanın işgüzar mühitinin nümayəndələrinə və turistlərə Almaniyaya səfər etmək üçün gözəl imkan yaradır, əminliklə bildiririk ki, bu uçuşlar Almaniyanın işgüzar şəxsləri və turistlərinin də tələbatını ödəyəcək. Aviaşirkətimiz bütün kateqoriyadan olan sərnişinlərin tələbatını ödəməyə çalışır. Berlinə müntəzəm reyslərin açılması “Azərbaycan Hava Yolları”nın inamlı inkişafının və Avropaya uçuşların marşrut şəbəkəsinin genişləndirilməsinin növbəti bariz nümunəsidir.

Almaniya paytaxtının Tegel hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək, Bakıdan uçuş yerli vaxtla saat 07.25-də, Berlində enmə isə yerli vaxtla saat 09.25-də nəzərdə tutulub. Berlindən geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 10.45-də həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə saat 18.40-da olacaqdır.

Qeyd edək ki, AZAL-ın növbəti birbaşa yeni hava uçuşları may ayının 23-dən etibarən Barselonaya təşkil ediləcək.


Müəllif:

Oxşar xəbərlər