22 May 2015 14:10
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın məşhur “Trade Journal” dərgisinin aprel buraxılışında Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərləri və ölkənin sürətli inkişafına dair təəssüratlarından bəhs edən “Bakının transformasiyası” adlı xüsusi məqaləsi dərc edilib.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, “Trade Journal” dərgisi biznes və gömrük auditoriyası üçün nəzərdə tutulmuş yapon dilli aylıq nəşrdir.

Məqalədə bildirilir ki, Azərbaycan Ukrayna, Gürcüstan və digər belə ölkələr kimi öz müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra əldə edib.

“Mənim Azərbaycanın paytaxtı Bakı şəhərinə səfərim ilk dəfə 2000-ci ildə baş tutmuşdur. Bu səfərim zamanı diqqətimi ilk çəkən hava limanından şəhərə doğru gedən yol boyunca olan neft quyuları oldu ki, bu məndə Bakının böyük neft hasilatı şəhəri olması təssüratını yaratdı”, - deyə vurğulayan müəllif sözlərinə onu da əlavə edib ki, XX əsrin əvvəllərində Azərbaycan dünya neftinin yarısından çoxunu hasil edirdi. İndi də ölkə əsas neft hasilatı ölkələri siyahısında yer tutur.

Kunio Mikuriya yazır ki, 2000-ci ildəki səfəri zamanı şəhərin kommersiya mağazaları bir qədər köhnə görünürdü. Sovet dönəmində ölkənin əldə etdiyi gəlirlərin əksər hissəsi mərkəzə getdiyindən, müstəqil şəhər planlaşdırması ölkə üçün o qədər də asan deyildi.

Müstəqillikdən sonra Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir və beynəlxalq arenada ölkənin imici yüksəlir: “2000-ci ildəki səfərim zamanı iştrak etdiyim və İslam, Yəhudi və Xristian dini icmalarının liderlərinin də dəvət olunduğu mərasimdə Azərbaycan Gömrük Xidməti tərəfindən sərhəddə müsadirə edilmiş mədəni-irsi və dini əhəmiyyət kəsb edən nümünələr bu icmalara təqdim edilmişdir. Bu mərasim həmçinin onu nümayiş etdirir ki, Azərbaycanda müxtəlif dini etiqadlar əmin-amanlıq şəraitində birgə mövcudluğunu davam etdirir”, - deyə məqalədə bildirilir.

Daha sonra müəllif yazır ki, 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş qərargahına səfər edərək Dədə Qorqud abidəsini hədiyyə edib. Hazırda bu abidə ÜGT-nin Baş qərargahının həyətində girişdə yerləşdirilib. Bu abidənin bağışlanması mərasiminə Türkiyənin səfiri də qatılıb ki, bu da türkdilli xalqların ortaq mədəni irsinin və bu coğrafiyada qədimdə birgə yaşamalarının göstəricisi idi: “Mənim ikinci səfərim 2011-ci ildə baş tutub. Bu dəfə diqqətimi Xəzər dənizi yaxınlığında məşhur arxitektorun inşa etdiyi göydələnlər (“Alov Qüllələri”) çəkdi. Bu dəfə Bakıda dünyaca məşhur brendlərin təmsil olunduğu çoxsaylı mağazalar gördüm. Azərbaycan çox müasir bir ölkəyə çevrilmişdi. İqtisadiyyatın inkişafından əldə olunan gəlirlər şəhər planlaşdırılmasına daha çox vəsait ayırmağa imkan verir”.

Baş katib öz məqaləsində onu da bildirir ki, Azərbaycan Gömrük Xidməti Bakı şəhərində Avropa Gömrük Xidməti Rəhbərlərinin 2012-ci il Konfransına ev sahibliyi etdiyi üçün bir il sonra yenidən Bakıya səfər edib. Və əvvəlki ildə gördükləri ilə müqayisədə bu dəfə ölkədə dünyaca məşhur lüks otel şəbəkələrinin təmsil olunduğunun da şahidi olub.

Daha sonra müəllif qeyd edir ki, Bakı qədim tarixə malikdir. Bunu XI-XII əsrlərə aid qədimi qala (Qız Qalası), XV-XVI əsrlərdə inşa edilmiş Şirvanşahlar Saray Kompleksi kimi abidələr sübut edir. Bunlardan başqa bir neçə tarixi arxitektura nümunələri də gördüm. Hamısı çox yaxşı qorunub saxlanılmışdır. İndi Azərbaycan Qafqaz bölgəsində ən populyar turistik zonalardan biridir. Azərbaycan musiqisi də çox məşhurdur. 2011-ci ildə Azərbaycan ifaçısı Avroviziya musiqi yarışmasında 43 ölkə arasında qalib olmuşdur və növbəti ildə müsabiqəyə Bakı ev sahibliyi etmək hüququ qazanmışdı.

Nəhayət, müəllif yazır ki, bu ilin sentyabrında Azərbaycanda ÜGT-nin PİCARD Konfransı keçiriləcək və həmin tədbirdə iştirak etmək məqsədilə o, yenidən bu ölkəyə səfər etməyi planlaşdırır.

Məqalənin sonunda ÜGT-nin Baş katibi Avropa Gömrük Xidməti Rəhbərlərinin Bakı Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü də xatırladaraq, bu görüşdə dövlət başçısının ölkə sərhədlərinin qorunmasında Azərbaycan Gömrük Xidmətinin rolunu qiymətləndirdiyini və Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıqdan gözləntilərini də bölüşdüyünü diqqətə çatdırır.

Müəllif vurğulayır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin nazir statusu səviyyəsində Azərbaycan Hökumətində təmsil olunması da ölkədə gömrük xidmətinin rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər