Mütəxəssislər bildirir ki, yanğın zamanı zərərçəkən insanların 80 faizi məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur
Bakının “Azadlıq” prospektindəki yaşayış binasında baş vermiş yanğın zamanı bir çoxlarının fövqəladə vəziyyətlərdə xilas üçün necə davranmaq lazım olduğundan xəbərsizliyi aşkarlandı. Doğrudan da, yanğınla üzləşmiş adam nə etməlidir?
Fövqəladə Hallar Nazirliyinin saytına da istinad etməklə topladığımız məlumatları oxucuların diqqətinə çatdırırıq.
Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, yanğın yerinin düzgün ünvanını söyləməli, sonra isə mövcud vəsaitlərlə (odsöndürən, qum, su və s.) ilə yanğını söndürməyə çalışmalıdır.
Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz. Otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər mənzillərə, pilləkənlərə yayılmasın.
Yanğın qoxusu, tüstülənmə hiss etdikdə dərhal ağız-burnunuza yaş dəsmal bağlamaq, mümkün olsa, geyimləri də suda islatmaq lazımdır. Ləyənlərə çox su yığın ki, isinən qapı və divarları, qapının kandarını sulamaq mümkün olsun.
Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna görə yanğın vaxtı yalnız alov yox, tüstü də olduqca təhlükəlidir. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır, çünki zəhərli hava kütləsi tavan hissəyə toplandıqca, oksigen döşəməyə doğru çökür.
Çoxmərtəbəli binada yaşayırsınızsa, bloka çıxmayın, liftdən istifadə etməyin. Çünki hava axını olmadığına görə tüstü bloka və liftə daha çox yığılır. Bloka çox tüstü toplanmayıbsa, yanğın zamanı binanın damına da qalxmaq olar.
Əgər olduğunuz yerdə qatıq, süd varsa, aramla için, gözünüzə sürtün ki, zəhərli tüstü orqanizmə az müdaxilə etsin. Belə vəziyyətdə limon da kömək edə bilər.
Məlumdur ki, su yanğını söndürmək üçün universal vasitədir. Amma bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki, su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən onların su ilə söndürülməsi yolverilməzdir.
Döşəməyə və ya torpaq üzərinə az miqdarda dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə quru qumdur. Keçə vasitəsi ilə də yanğını söndürmək olar. Yanma mənbəyi kiçik olduqda keçəni yanğının üzərinə atmaqla yanma mənbəyinə havanın keçməsinin qarşısı alınır. Yaxud tez alışmayan, sintetik olmayan ağır geyim əşyaları, örtüklər- ağır yun və mahud yorğandan, köhnə paltodan və sairədən istifadə etmək olar.
Təxliyyə qaydalarını da bilmək vacibdir. Yanan mənzili tərk edərkən ilk növbədə ən vacib əşyaları özünüzlə götürün. Çıxarkən mənzildə lənğimək olmaz. Qısa müddətdə özünüz də istəmədən yanma maddələri ilə zəhərlənə bilərsiniz.
Gedərkən giriş qapısını bərk örtün ki, havanın hərəkətinin qarşısı alınsın.Yanğın vaxtı ən birinci tədbir yanan mərtəbədə və yuxarı mərtəbələrdə olan bütün uşaqların, yaşlı adamların, ümumiyyətlə, yanğınsöndürmə ilə birbaşa məşğul olmayan bütün insanların təxliyəsidir.
Hündürmərtəbəli binalarda alov çox müəmmalı sürətdə yayılır. Belə ki, yanğın ərazisində o tam söndürüldükdən və buna hamı əmin olduqdan sonra bir də görürsən, gözlənilmədən yuxarı mərtəbədə də yanğın var. Bu səbəbdən sakinlərin yanğın zamanı binadakı mənzillərdə deyil, həyətdə olması daha məqsədəuyğundur.
Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən səmərəli istifadə etməyi öyrənmək vacibdir.
Hazırda müxtəlif odsöndürənlərdən ilk yanğınsöndürmə vasitəsi kimi geniş istifadə olunur. Köpüklü odsöndürənlər bərk materialların, yanar məhlulların yanğın zamanı söndürülməsi üçün nəzərdə tutulub. Tozla işləyən odsöndürənlər isə həm də qaz və elektrik avadanlıqlarının söndürülməsində tətbiq edilir.
Mütəxəssislər bildirir ki, yanğın zamanı zərərçəkən insanların 80 faizi məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür.
Sevil