Azərbaycanda yüksək texnologiyalar sənayesinin sürətlə inkişafı məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sistemlərinə tələbatı artırır.
Bu barədə Trend-ə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən “DATA-mərkəzlərin transformasiyası” konfransında deyib.
O bildirib ki, sonrakı illərdə Azərbaycanın perspektiv inkişaf istiqamətləri kosmik, atom texnologiyaları, bio və nano texnologiyalar və s. kimi elmtutumlu sahələr olacaq ki, bu da məlumatların emalı və informasiyanın təhlükəsizliyi sistemlərinə kəskin tələbatı təsdiqləyir.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycan bu məsələlərə xüsusi diqqət ayırır və bunun əyani sübutu kimi Cənubi Qafqaz regionunda ən böyük Tier3 səviyyəli DATA-mərkəzlərin yaradılmasını göstərmək olar: "Bu mərkəzlərin xidmətindən nəinki dövlət sektoru, özəl biznes və böyük dünya vendorları da istifadə edə biləcək. Azərbaycan kifayət qədər yüksək informasiya kontenti olan ilk Avropa Oyunları kimi böyük bir hadisənin astanasındadır. Bununla əlaqədar olaraq, məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sistemləri kifayət qədər aktual məsələdir. Buna görə də konfransda iştirak edən bütün tərəfdaşlardan və aparıcı vendorlardan xahiş edirik ki, özlərinin ən qabaqcıl qərar, texnologiya və imkanlarını paylaşsınlar”.
Onun sözlərinə görə, dünyada şəxsi məlumatların ələ keçirildiyi bir vaxtda Azərbaycan informasiya təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verir: "Buna uyğun olaraq, bu gün dünyada istifadə edilən ən aktual mühafizə alətlərinin tətbiqi üçün Azərbaycan şirkətləri yüksək səviyyədə ixtisaslaşdırılmalıdır. Azərbaycanda sənaye müəssisələri biznesinin inkişafı üçün lazımi şərait yaradılıb. Buna əyani sübut kimi texnopark şəbəkəsinin yaradılması və dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq, bütün mümkün güzəştlərdən istifadə edə biləcək rezidentləri göstərmək olar”.