12 İyun 2015 11:37
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəsarət Valehov: "Şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq"

Təhsil Nazirliyi 50 məktəbdə X-XI siniflər üzrə tədrisin təmayüllər üzrə təşkil olunması barədə planı təsdiq edib. Bununla əlaqədar təhsil naziri Mikayıl Cabbarov 8 iyun 2015-ci ildə əmr imzalayıb. Əmrin icrasında 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin adı əlavə edilib və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətləri üzrə tədris planları təsdiq olunub.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.

"Söhbət 4 təmayül üzrə fokuslanan fənlərdən gedir"

Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, 4 təmayül üzrə tərtib olunan tədris planında təmayülü müəyyən edilmiş fənlərdə dərs saatları artırılıb: "Söhbət 4 təmayül üzrə fokuslanan fənlərdən gedir. Məsələn, şagirdin hazırlığı humanitar sahə üzrə istiqamətdədirsə, üstünlük daha çox humanitar fənlərlə bağlı sahələrə veriləcək. Bir məsələ də var ki, təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində isə rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır".

Cəsarət Valehov bildirdi ki, təsdiq olunan tədris planları 4 təmayül üzrə formalaşıb: "Tutaq ki, texniki təmayül üzrə olan sinifdə fənlər əvvəlcədən müəyyənləşdirilmiş tədris planına uyğun keçiləcək".
Siniflərdə şagird sayı 20 nəfərdən başlayacaq

Nazirlik rəsmisi dedi ki, təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək: "Şagird sayının 20 nəfər ətrafında olmasının səbəbi odur ki, onlara daha dərin bilik verilsin".

Sektor müdirinin sözlərinə görə, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub: "Təmayül siniflər üzrə dərs deyən müəllimlərə müəyyən təlimlərin keçilməsinə yeni dərs ilindən başlanacaq".

Cəsarət Valehov dedi ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərində bir neçə il öncə başlanıb: "5 məktəbdə tədris olunan fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil edilib".

Cəsarət Valehov bu məsələdə nazirliyin məqsədini açıqlayaraq dedi ki, məqsəd təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə daha əlverişli təcrübə qazanmaq, müəllim və şagirdlərin yeni vərdişlərə yiyələnməsinə şərait yaratmaq və bu prosesi daha geniş coğrafiyada təsdiq etməkdir: "Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib".

Sinqapurda təmayülləşmə IV sinifdən aparılır

Nazirlik rəsmisinin sözlərinə görə, təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.

Təhsil Nazirliyinin isə ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntiləri çoxdur. Həmin gözləntilər belə sıralanıb: tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq; şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək; şagirdlərin öyrənmə motivasiyası artacaq; ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək; şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.

Bütün bunlar təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcək.

12 illik təhsilin tələbi

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə bildirir ki, tam orta təhsildə təmayülləşmənin tətbiqi 12 illik təhsilin tələbidir: "12 illik təhsil sisteminə keçildikdə məktəblərdə təmayülləşmənin tətbiqi artıq kütləvi olacaq və X, XI və XII siniflərdə tədris təmayüllər üzrə təşkil ediləcək. İndiki pilot layihə isə təmayülləşmənin gələcəkdə kütləvi tətbiqinin əsasını qoyur".

Əjdər Ağayev dedi ki, təmayüllər üzrə təhsil dərin bilik, praktiki bacarıq verə bilir: "Təmayüllü siniflərdə fənlər öncədən müəyyənləşmiş sahələrə uyğun qurulacaq. Əvvəllər iqtisadiyyata önəm verilmirdi, iqtisadiyyat həftədə 2 saat, riyaziyyat 4 saat keçilirdisə, yeni təmayülləşməyə görə, misal üçün, riyaziyyat-iqtisadiyyat profilində iqtisadiyyat həftədə 6 saat, riyaziyyat 8 saat keçiləcək. Təmayülün üstünlüyü ondadır ki, şagird seçdiyi ixtisasa uyğun təmayüllər üzrə hazırlaşır. Möhkəm hazırlıq nəticəsində dərin bilik və praktik bacarıqlar hasil olur".

Sevil


Müəllif:

Oxşar xəbərlər