Apelyasiya komissiyasının elə qərarları olub ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələri ləğv edilib, yeni müsahibə təyin olunub. Elə qərarlar olub ki, namizədlər birbaşa uyğun hesab ediliblər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət qulluğuna qəbulla bağlı müsabiqə mərhələsindən keçib, daha sonra müsahibədən keçə bilməyənlərin şikayətləri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Dövlət Komissiyasının sədri qeyd edib ki, müsahibədən narazı olan vətəndaşların hər birinin apelyasiya şikayəti vermək hüququ var: "Bununla bağlı Apelyasiya komissiyası fəaliyyət göstərir. Lakin əfsuslar olsun ki, onların çoxları müraciət etmirlər. Çünki bilirlər ki, şikayətləri əsassızdır. Videoçəkilişin stenoqramı təşkil olunur, ekspertlər dəvət edilir. Hansı sualların düzgün cavablandırılıb-cavablandırılmadığı qiymətləndirilir. Daha sonra Apelyasiya komissiyası öz qərarını verir".
B.Xəlilov bildirib ki, Apelyasiya komissiyası bu məsələlərin hamısını çox ciddi şəkildə araşdırır: "İnsanların hüquqları var. Əgər vətəndaş hesab edirsə ki, ona qarşı hansısa qərəzli münasibət olub, bu halda Dövlət Komissiyasına müraciət edə bilər. Bu məsələ tam araşdırılır və vətəndaşın özü də bu araşdırmada iştirak edir. Bir şəxslə bağlı araşdırma 1-1,5 saat vaxt aparır. Araşdırmada 10-a yaxın şəxs - həm Apelyasiya komissiyasının üzvləri, həm mütəxəssislər, həm müsahibə qrupunun üzvləri, həm də namizədin özü iştirak edir".
Onun sözlərinə görə, Azərbaycanda dövlət qulluğuna qəbul modelinin xüsusiyyətlərindən məhz biri də budur ki, müsahibələr zamanı videoçəkilişlər aparılır. Bu təcrübədən artıq bir neçə ölkə yararlanaraq istifadə etməyə başlayıb.