Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Biləsuvar şəhər “Cümə məscidi” dini icmasında “İslamda vəhdətin qorunması və təbliği” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Aliyev, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, şəhərin axundu Hacı Əlifağa Murtuzov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsləhətçisi Kamil Qurbanlı, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
“Cümə” məscidi dini icmasının sədri Tarıverən Məmiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, İslamda vəhdətin qorunması və təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən A.Alıyev keçirilən layihənin əhəmiyyətindən danışıb. Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən BDU-nun müəllimi Aqil Şirinov İslamda vəhdətin qorunması yollarından, qeyri-ənənəvi dini cərəyanlardan, onların vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışaraq qeyd edib ki, bu yolda dindarların üzərinə böyük vəzifələr düşür.
Tədbirdə, həmçinin şəhərin axundu Hacı Əlifağa Murtuzov və Biləsuvar RİH-nin işçisi Kamil Qurbanlı İslamda vəhdətin mahiyyəti barədə çıxış edərək, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildiriblər.
Eyni zamanda Biləsuvar rayon Bəydilli kənd “Cümə məscidi” dini icmasında, Zaqatala rayonu Göyəm kənd “Cümə” məscidi dini icmasında tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.
BƏXTİYAR