8 Sentyabr 2015 17:50
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və Fransanın Reyn bölgəsində fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxslərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, həmçinin, Elzas regionu Şurasının rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə keçirilən görüşdə məhsuldar müzakirələr aparılıb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, regional şuranın məsləhətçisi Katrin Zuberin moderatorluğu ilə keçirilən görüşdə hər iki ölkədəki dini, milli tolerantlıq məsələləri haqqında məlumat verilib.

Fransanı təmsil edən icma rəhbərləri çıxışlarında Azərbaycandakı tolerant mühitə, multikulturalizm dəyərlərinə dövlətin göstərdiyi həssas münasibət, həmçinin, Azərbaycanın bu sahədə yaratdığı model barədə məlumatlı olduqlarını vurğulayıblar. Onlardan bəziləri ölkəmizdə olduqlarını, müxtəlif tədbirlərdə iştirak etdiklərini, bilavasitə konfessiyaların nümayəndələri ilə təmasda olduqlarını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan dövlətinin, xalqının bu sahədəki nailiyyətləri və təcrübəsi nümunəvidir, digər dövlətlər də bu təcrübədən faydalanmalıdırlar.

Görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı başqa millətlərə və dinlərə belə münasibətin Azərbaycanda əsrlərlə yaşadılan bir dəyər olduğunu deyib. O, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin həmişə bu tarixi ənənəyə sadiq qaldığını, əcdadlarımızın mirası olan bu xüsusiyyətin qorunub saxlanılmasına hər zaman dəstək göstərdiyini bildirib. Komitə sədri bu dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun mühüm xidmətlər göstərdiyini də vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxışlarında əsl sülh, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda özlərini tam rahat hiss etdiklərini, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar. Onlar ölkəmizdə heç vaxt antisemitizm elementlərinin mövcud olmadığını xüsusilə vurğulayıblar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər