21 Sentyabr 2015 18:59
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir sentyabrın 21-i Xaçmaz şəhərində təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə (DQİDK) birgə keçirilən Beynəlxalq Sülh Gününə həsr olunmuş konfransda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarından gələn milli azlıqların, etnik qrupların üzvləri, eləcə də digər millətləri təmsil edən ailələr iştirak ediblər. Komitədən Teleqraf.com-a verilən məlumata görə, AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, BMT-nin 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur: “Bu tarix xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgəyaşayışın təmin edilməsinə nail olmaq üçün bir çağırış günüdür.

Bildirilib ki, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri ölkəmizdə əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayır, bərabər hüquq və azadlıqlara malikdirlər”.

Azərbaycanın ailə dəyərləri haqqında geniş məlumat verən H.Hüseynova ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparıldığını və bu sosial qrupa aid olanların hərtərəfli dövlət qayğısı ilə əhatə edildiyini diqqətə çatdırıb. O, dövlət komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və belə layihələrin sağlam ailə mühitinin formalaşmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. O, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Vurğulanıb ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.

Dünyada mövcud olan 80-ə yaxın münaqişə ocağının çox hissəsinin müsəlman ölkələrində cərəyan etdiyini diqqətə çatdıran M.Qurbanlı planetimizdə sülhün bərqərar olunması üçün insanların maariflənməsinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıb: “Azərbaycanda isə istər dini, istərsə də milli müstəvidə həll edilə bilməyəcək heç bir problem yoxdur. Ölkəmizdə yaşayan bütün millətlərin mədəniyyətlərinin çiçəklənməsi, dini konfessiyaların hər bir nümayəndəsinin öz əqidəsinə uyğun yaşaması üçün bütün işlər görülür və bu işlər davam etdiriləcək”.

Daha sonra BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycanda Dağ Yəhudiləri dini icmasının üzvü Boris Simanduyev, keşiş Konstantin Pominov, Xaçmaz Təzəşəhər məscidinin axundu Yaşar Rzayev və başqaları mövzu ətrafında məruzələrlə çıxış ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər