17 Oktyabr 2015 16:15
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə diqqət çəkib. Bildirilib ki, 2015-ci ilin 9 ayı ümumiyyətlə respublikamız üçün iqtisadi yüksəliş üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlik, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi baxımından uğurlu olub. “Bakı 2015” I Avropa Oyunlarına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi və bu möhtəşəm tədbirlə bağlı ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə sərbəst şəkildə gəlməsinin və ölkədən getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər qeyd olunub.

Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş fəaliyyəti vurğulayıb.

Vətəndaşlıq məsələlərinin həllində iştirak edən Xidmətə, həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyət verildiyi və bu istiqamətdə görülən işlər qeyd olunub. Bildirilib ki, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün əsaslı fəaliyyət planı hazırlanıb.

Müşavirədə Xidmətin beynəlxalq əlaqələri ətraflı təhlil olunub. Cənubi Qafqaza səfərini Azərbaycandan başlayan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq miqrasiya sahəsində ölkəmizdə həyata keçirilən işləri, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə adlandırıb. Bu məqam ölkəmizin uğuru kimi diqqətə çatdırılıb.

Son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilən Azərbaycanda qalma müddətinə müvafiq olaraq hesabat dövründə 541.047 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı açıqlanıb.

Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 76.553 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Bu ilin 9 ayı ərzində 20.589 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 168 yoxlama aparılıb, 123-də inzibati pozuntu aşkarlanıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

F.Nəbiyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin 9 ayı ərzində də kadr işinin düzgün təşkili və onların fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. 222 əməkdaşın əməyi fərqləndirilib.

Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Preziden İlham Əliyevin respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi konkret göstərişlər verdiyini xatırladıb. Qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətlərini ciddi tələbkarlıq şəraitində, günün tələbləri səviyyəsində qurmalıdır- deyən F.Nəbiyev əminlik ifadə edib ki, Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv, mobil bir qurum kimi formalaşmış, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.


Müəllif:

Oxşar xəbərlər