20 Oktyabr 2015 12:13
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunları üçün 120 yerlik yaşayış evinin tikintisi başa çatıb, daha iki 120 yerlik binanın inşa edilib istifadəyə veriləcəyi gözlənilir.

Nazirlər Kabinetinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün ”Məzun evi" Sosial Müəssisəsinin Nizamnaməsi"nə əsasən, “Məzun evi” Sosial Müəssisəsi Abşeron rayonundakı Masazır qəsəbəsində yerləşir.

Fəaliyyət qabiliyyəti olmayan yetimə mənzil yoxdur

Müəssisənin istifadəyə verilməsində başlıca məqsəd valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunların yaşayış şəraitini təmin etməkdir. Nizamnaməyə görə, müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla qəbul edilirlər.

Müəssisədə yaşayan məzunların iş və daimi yaşayış yeri ilə təmin olunması istiqamətində tədbir görmək, bu məqsədlə hüquqi və fiziki şəxslərə müraciət etmək hüququ var.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya qabiliyyətsiz hesab edildikdə, sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəlik daşıyıcısı olduqda məzuna yaşayış sahəsi verilməsindən imtina edilir.

Müqavilə müddət göstərilmədən bağlanılır. Məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur. Müəssisədə hər mənzil bir məzun üçün nəzərdə tutulur.

Təhsil Nazirliyinin siyahısında 116 belə məzun var

Qeyd edək ki, Təhsil Nazirliyi valideyn himayəsindən məhrum olan 116 məzunun həmin yaşayış evində yerlə təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siyahı təqdim edib.

Təhsil Nazirliyinin təqdim etdiyi siyahıdakı məzunlardan müəssisəyə qəbul üçün sənədləri təqdim etmək tələb olunur.

Sənədlərə 10 iş günü ərzində baxılacaq. Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödəniləcək.

İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) Gənclər İctimai Birliyinin rəhbəri Araz Əhmədovun sözlərinə görə, 120 yerlik “Məzun evi”nin bu ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

Valideyn himayəsindən məhrum məzunların yaşayış yeri ilə təmin edilməsini təqdir edən Araz Əhmədov dedi ki, onların məişət avadanlıqları və inventarla təminatını da dövlət həyata keçirəcək: “Bundan başqa, burada yaşayan məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlərin görülməsi nəzərdə tutulur”.

Öncə ailə qurmaq yaşı keçənlərə ev verilsin

Hazırda İMSİ-də valideyn himayəsindən məhrum 350 nəfərdən çox məzunun qeydiyyatda olduğunu bildirən Araz Əhmədovun sözlərinə görə, onların heç də hamısının evə ehtiyacı yoxdur: “Onlardan 58 nəfəri Neft Şirkətinin dəstəyi ilə evlə təmin edilib. Hazırda təşkilat üzvlərindən evə ehtiyacı olanlar sayca 170-180 nəfər arasındadır. Biz daha zəruri ehtiyacı olan 56 məzunun siyahısını təqdim etmişik. Onlardan 12-si ailəlidir. Hər iki ailə başçısı internat məzunu olan 5 məzunumuz var ki, onlar da kirayədə yaşayırlar.

Siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişik. Amma Təhsil Nazirliyinin təqdim etdiyi siyahı ilə bizim təqdim etdiyimiz siyahı arasında eyni adların olub-olmamasını müəyyənləşdimək, bundan başqa, bəzi məsələlərin aydınlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəyik. Bizdə olan məlumata görə, “Məzun Evi” 2006-cı ildən sonra məzun olan gənclər üçün nəzərdə tutulub.

Amma İMSİ-nin üzvü olan, valideyn himayəsindən məhrum gənclər var ki, onlar 2001, 2002-ci ildən orta məktəbdən məzun olublar, ailə qurmaq yaşları keçir, işsizlik problemləri var. Bakının Nizami rayonunda yerləşən yataqxanada valideyn himayəsindən məhrum subay oğlan məzunlarımız az deyil. Yaxşı olardı ki, öncə ailə qurmaq yaşı ötən, valideyn himayəsindən məhrum olan gənclərimiz mənzillə təmin edilərdilər".

Kimsəsizlərin statistikası aparılmayıb?

Araz Əhmədov dedi ki, valideyn himayəsindən məhrum olan məzunların heç də hamısı İMSİ-yə üzv deyil. Bölgələrdə belə məzunların sayı çox olsa da, onlar haqqında tam statistik məlumat yoxdur: “Ölkə üzrə bu məzunların hansı sayda olması ilə bağlı Statistika Komitəsi ilə maraqlandıq. Bizə konkret rəqəm verilmədi”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər