Azərbaycan Beynəlxalq Universitetinin keçmiş binasının qarşısındayam. Burda universitetdən əsər-əlamət yoxdur. “Lələ köçüb, yurdu qalıb”. Bəs necə qalıb? Elə reportajımız da bu barədədir.
Universitetin xarabalığa çevrilmiş həyətində gəzişə-gəzişə fotoaparatı çıxarıb şəkil çəkmək istəyəndə orta yaşlı bir xanım yaxınlaşır:
– Bura giriş hardandır?
Əvvəl elə bilirəm yolu səhv salıb. Təəccüblə üzünə baxıram. Əsəbi-əsəbi deyir:
– Diploma görə gəlmişəm, buranı hara köçürüblər? Neçə ildir, bir diplomun dalınca sürünürəm.
“Yəqin, elə bilib, buranın işçisiyəm” deyə düşünürəm. Xanım davam edir:
– Kim var içəridə? İçəri keçmək istəyirəm, baiskar elə sizsiniz!
Onun üzündəki qəribə ifadə, danışıq tərzi məni həm narahat edir, həm də maraqlandırır. Dilim dinc dayanmır:
– Mən buranın rektoruyam.
– Sizdən rektor olar? Amma bilin ki, gec-tez diplomumu alacam!
Nakam tələbə bu sözləri deyib mənə arxasına çevirir və o biri qapıya üz tutur.
Sınıq-salxaq qapı-pəncərələr, bağlanmış obyektlər, boş qalmış kirayə evlər…
Girişdəki sınıq-salxaq qapını görüb diqqət kəsilirəm. Şüşələri qırıq-qırıq olan qapının qabağına dəmir qoyublar. Elə bil, buralarda atışma olub. Yəqin ki, universitetin təzə bağlandığı günlərin yadigarıdır, diplom dalınca gələn tələbələrin zavalına gəlib.
Həyətdə gəzişdiyim vaxt bir oğlan mənə yaxınlaşır:
– Qardaş, görürəm buraların şəklini çəkirsən, yazıb-pozursan. Sənə bir şey deyim. O vaxtlar tələbə əlindən tərpənmək olmurdu. Burdakı obyektlər nələr qazanırdı, nələr... İndi elə bil qurbağa gölünə daş atmısan.
Bu dəm gözümə bir reklam kağızı sataşır: “Kirayə ev verilir. Beynəlxalq Universitetinin yanı”.
Oğlan əlini qoluma toxundurur:
– Onda kirayə ev tapmaq çətin məsələ idi. Tələbələr buranı dolandırırdı. İndi buralar gözdən uzaq bir yer olub.
Onun xeyli məlumatlı olduğunu görüb soruşuram:
– Deyəsən, bu hadisələr sizə də təsir edib?
– Burda lap çoxdan qalanlardanıq. Əvvəllər “Pleysteyşn” klub işlədirdim, həm də üç-dörd yerdə evimiz vardı, kirayə verib yaxşı dolanırdıq. Pulumuzu yığıb obyekt almışdıq. Amma indi çətindi. Universitet bağlandı, hər şey alt-üst oldu. Obyektin qiyməti də aşağı düşdü, ziyana getdik.
Ona bir az ürək-dirək verib, üz tuturam universitetin o biri girişinə.
Şələ-şüləsini yığıb qaçmış universitet və həyətdəki tənha qoyun...
Şüşənin arxasındakı otağa boylanıram. Vaxtilə burda nəzarətçilər otururmuş. İndi bir inni-cinni yoxdur. Qapı-pəncərələri də söküblər.
Universitet qapısının ağzındakı zibillər, qırıq pəncərə şüşələri adama “gəl-gəl” deyir. Qapının üstündən həyətə boylanıram: ot-alaf dizə çıxıb. Elə bu zaman bir qoyunun həyətdə durub key-key ora-bura boylandığını görürəm. Qoyun hara, bura hara?!
– Qoyunun mələrtisidi hə? – qəflətən yoldan keçən yaşlı bir kişi məni diksindirir.
Onu söhbətə çəkmək istəyirəm:
– Hə, əmi. Dedim burda qoyun varsa, yəqin ona baxanda var. Amma nə illah eləyirəm, heç kimi tapa bilmirəm.
Bu arada qoyun səs-küydən hürküb fızıllığa tərəf gedir.
Əmi kepkasının dimdiyin azacıq yuxarı eləyib deyir ki, yağış yağır, gəl ağacın altına. Sonra sözə başlayır:
– Bura nəzarət edən edən yaşlı bir kişi var. Arada görürəm. Səki nəzarətçidir, bura ormana oxşayır. İt-qurd, ilan-çayan... Nə desən var.
Az keçmiş-çox keçmiş, balaca bir uşaq qaça-qaça yanımıza gəlib işiyə deyir:
– Nənəmgil dedi ki, evə gəlsin. Evimizə yağış damır.
Balacanın üzündən öpüb, kişi ilə sağollaşıram.
“Mədain xərabələri” dərsi
Universitetin qarşısındakı dönərxana yaman yoxsul görünür. Onun ətrafında dövr eləyən pişiklər indi özlərinə yer tapa bilmir. Universitetin giriş qapısının yanındakı pişiyə yaxınlaşıram. Cibimdəki bulkanın yarısını ona verirəm. Qırışığı açılır.
Beləcə, keçirəm universitetin o biri tərəfinə... Uzaqdan bir topa itin sellofan torbanı o tərəf-bu tərəfə dartıb universitetin həyətinə tərəf sürüdüyünü görürəm. Uşaqlar da onları daşlaya-daşlaya qapıya qədər gedirlər. İtlər burda əməlli-başlı yuva salıb. Hələ uşaqların onları “daşlamaq əyləncəsini” demirəm.
İtlərdən birinin bərk zingildədiyini qulağım çalır. “Yağışda bu uşaqlar nə gəzir axı, valideynləri bunlara baxmırmı?” fikri ilə ağrıdan domuşmuş itə baxıram. Bulkanın yarısını da ona atıram. Nə fayda? Deyəsən, daşlardan biri iti bərk tutub. Mənə elə gəlir ki, bütün əyləncələrin sonu belə qurtarır.
Bütün bu mənzərələri görəndə, mənə elə gəlir ki, indi universitetin özünə dərs keçirlər. Özü də Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsini.
Bu həm də “diplom sexi”ni yaradanlar və onun tələsinə düşənlər üçün bir dərsdir.
Dərs olsun!
Sərvər Şirin