“28 May”dan çıxıb Rus Pravoslav Kilsəsinə gedirəm. Yağışın məni çim su elədiyini görüb sürəti artırıram. Zebraları keçəndə qəflətən bir maşın az qalır məni vursun. “İnfiniti” sürən xanım içəridə əlini mənə uzadıb əsəbi-əsəbi nəsə deyir. Elə ona sarı getmək istəyirəm ki, tələsik maşını sürüb aradan çıxır.
Soruşa-soruşa kilsəni tapıram. Elə kilsənin ağzındaca rus nənəni görürəm. Əlindəki torbadan çolpa budunu çıxarıb dişinə çəkir. Bir cavan oğlan da ağaca söykənib papiros sümürür...
Heç vaxt kilsədə olmamışdım. Özümü necə aparacağımı bilmirdim. Açığı, kilsəni bir az başqa cür təsəvvür edirdim.
Keçirəm kilsəyə, sağ tərəfdəki qapını açıb içəri girirəm. Burda hər cür aksesuar var. Gördüm ki, şam alan-şam alanındır. İstədim birini də mən götürəm. Əlimi atdım ki, cibimdə qəpiklər oynaşır. Adamlara qoşulub istinadgaha keçirəm.
Kilsədə təmir və sirli-sehirli ayinlər...
İçəridə təmir gedir. Uzaqdan təxmin elədim ki, nərdivanın yanında duran adam bu işlərə nəzarət edir.
Yaxınlaşıram ona:
– Deyəsən, təmir gedir. Nəylə bağlıdı bu?
Müəmmalı baxışlarla məni süzüb deyir:
– Şəkillərin qırağını təmir edirik ki, yerə düşməsin. Sənə nə lazımdır?
Məsləni çox da qabartmıram:
– Aydındır. Heç elə-belə... Kilsəyə gəlmişəm.
Onunla sağollaşıb ordan uzaqlaşıram. Səliqəli şəkildə hamı içəri girir. Çıxanda isə arxaya-arxaya çıxır. Mən də yavaş-yavaş müşahidələr aparıb kilsəyə isnişirəm.
Qəflətən hönkürə-hönkürə ağlayan qadının ah-naləsini eşidirəm. Bir ora baxıram, bir bura... Hamı o qədər çarəsiz görsənir ki, bilmirəm səs hardan gəlir. Səs yaman ucalır. Nərdivanın cırıltısına qarışmış qadın fəryadı kilsəni başına alır və içəridəki dərin sükuta meydan oxuyur. Dəhşətdi... Kilsə müqəddəslərinin şəkli qarşısında qıvrılır. Maddım-maddım ona baxıb şam yandırılan yerə gəlirəm. Bu zaman qoca bir rus nənə yanıma gəlir:
– Dua eləmək istəyirsən?
– Hə. Amma görən, o qadının istəklərinə cavab gələcək? Yaman ağlayır.
– İnanırsansa, arzuların yerinə yetəcək.
Ondan soruşuram:
– Burda necə dua edilir, hansı ayinlər oxunur?
Qoca şamın birini götürür, onu sancıldığı yerdə keçirir, dualar, ayinlər oxumağa başlayır. Arada da əlindəki vintaçanla şamın söndürüldüyü yeri qurdalayır, onun qalıqlarını o biri yerlərə sürtür. Nəhayət, ayini qurtarır və keçmiş şamı küncdəki karton qabın içinə atır.
Qocaya təşəkkür edib ağlayan qadına baxıram. Harda ağlamaq səsi eşidirəm, elə bilirəm orda şüşə çiliklənir. Odur ki, qadın heç diqqətimdən yayınmır. O, təskinlik tapan kimi “dərdgahdan” çıxıb şəkillərin əhatəsində qıvrıla-qıvrıla kilsəni dövr eləyir.
Nənə və şəkil: dizlərini yerə atmış yaşlı kişi...
Elə bu an yaşlı bir nənə mənə yaxınlaşıb deyir:
– Buranın işçisisən? Papa Aleksandr burda yoxdur?
Nənənin əlindəki şəkli görüb diksindim. (Burda da?!) Nənəni söhbətə çəkirəm:
– Nənə, mən buranın işcisi deyiləm. Papanı neynirsiniz?
– Günahları yuduzduracam. O, arzuları yerinə yetirir, xəstələrə şəfa verir.
Barmağımı dişləyirəm. Dedim ki, gəl baxaq, görək, papa burdadırmı?
Bunu demişdim ki, özü mənsiz qabağa düşüb soraqlaşa-soraqlaşa gedib oturur skamyada. Deyəsən, papanı tapa bilmir. Şəkli gah torbaya qoyur, gah da çıxarır. Çarəsiz-çarəsiz şam yandıranların yanına gedir. Nə danışıb-danışmırlarsa, əlləri əsə-əsə bir şam da nənə yandırır. Ehtiyatsızlıqdan az qala şamı yerə salsın. Bir əlində də şəkil... bir təhər özünü düzəldir. Tez yenə onun yanına gedirəm. Nənəni ovutmaq istəyirəm:
– Əlinizi yandırmadınız?
Təntiyə-təntiyə deyir:
– Yox, şəklə heç nə olmayıb. Deyirlər papa bu gün burda olmayacaq. Görən, dualar pozulmaz ki, mənə demişdi bu gün gələrsən?
Bilmədim nə deyəm. Təsəlli olsun deyə bunu deyirəm:
– Tanrıdan elə özünüz də nə istəsəniz, yerinə yetər. Heç kəsə də ehtiyac olmaz.
Nənə bir mənə baxır, bir də şəklə, dinməzcə yandırdığı şamın yanına gedir.
Elə gözümü nənədən ayrmışdım ki, hənirtili bir səs gəlir. Elə bil o səs bədənin bütün enerjisin alır, onu dizi üstə yerə atır. Bu yaşlı qoca bir kişinin tükənmiş, yorulmuş halıdır. Əlində sellofon torba gah əsə-əsə bir dizinin üstünə güc gəlir, o birini yerə dayayır və dualar edir. Gah da yorulmuş dizi yerdən yapışır, o biri dizi gücə düşüb titrəyir. Kişi mənə çiynində dunyanı saxlamış heykəlləri xatırladır. Sonra əziyyətə qatlaşdığı yerdən durur. O biri küncə gedir və yenə eyni vəziyyəti alır. Elə bil həyat onu küncə qoyub. Tüklərim biz-biz olur. Dərdinə şərik olmaq istəyirəm:
- Дядя, кажется, у вас горе большое? Что-то случилось? (Dayı, deyəsən, dərdiniz böyükdür? Nəsə baş verib?)
O mənə cavab vermir və gözlərini kədərli-kədərli bir nöqtəyə zilləyib dayanır.
Elə bircə bunu deyə bilirəm:
- Бог с Вами! (Allah köməyiniz olsun!)
Dayını öz dərdləri ilə baş-başa qoyub dini şəkillərə baxır, nəysə anlamağa çalışıram.
Ağlayan qız və pişik...
Şəkillərə baxadığım an başı qara örtüklə bağlanmış, sarışın bir qızın ağlaya-ağlaya şam yandırdığını görürəm. Bilinirdi ki, dərdlər hələ onun səsində yer salmayıb. Hıçqırıq səsləri elə bil dəhşətin “notları” kimi onu hüzünlü səsini müşayiət edir.
Bu vədə bir pişik içəri girib dirəyin yanında domuşur. Qızın ağlamağı kəsmir. Qəflətən pişik onun ayaqlarına qısılır. Amma qız bunu hiss eləmir, duymur... Pişik elə bil ona yalvarır ki, ağlamasın... Bəlkə, fikirləşirsiz ki, bu allahın bir səbəbiydi, qıza səbir, təmkin vermək istəyir.
Qız şamların yanından ayrılıb müqəddəs bilidiyi şəklin önündə dayanır və başını ona yaslayıb göz yaşlarını silir, silir... Elə bu vaxt onun ayaqlarının yanındakı güldanda qərənfilləri, gülləri görürəm. İçimdən bir anlıq o güllərdən birini qıza verib, qərənfilləri isə kilsə müqəddəslərinin şəkilləri üstünə qoyub getmək gəlir.
Beləcə, məyus-məyus çölə çıxıram. Kilsənin başındakı zəngi görüb diqqət kəsilirəm. Məncə, elə o kilsə zəngi indi çalınmalıdır, axı onun içini bitmiş ümidlər sarıb. Bu an Con Donnun bir cümləsini xatırlayıram: “Kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən. Çünki bəşəriyyətlə vəhdətdəyik”
Biz də bu bitmiş ümidlərin, şikəst arzuların, dərddən şişmiş ürəklərin payına ürəyimizdə bir şam yandırıb dua edirik: Nə yaxşı ki ölüm var. Adam ölməsə, ürəyi partlayar.
Biz dua etməkdə olaq, “bantik”i sarı hörüklərinin ucunda gül kimi açmış qız da atıla-düşə oynasın...
Sərvər Şirin